AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcəkdir

  • + A
  • - A
  • 17-02-2022, 15:29

    Ağdam Qarabağın sənaye mərkəzinə çevriləcəkdir

    Bir ildən artıqdır ki, əlimizin çatmadığı, yuxularımızda gördüyümüz, xoş günlərini xəyallarımızda yaşatdığımız torpaqlarımızda inamla addımladığımız üçün qürur duyuruq. Doğmalarının nəfəsinə "yadırğayan", səsli-küylü günlərin həsrətini çəkən yurd yerlərimiz yenidən canlanır, əvvəlki təmtəraqlı günlərinə qovuşur. İşğaldan azad olunmuş rayon və kəndlərdə həyat qaynayır. Qışın şaxtasına, qarlı günlərin davam etməsinə baxmayaraq bərpa işlərində həvəslə iştirak edən mütəxəssislər, müxtəlif peşə sahibləri doğma torpaqlarına qayıdacağı günlərin həsrəti ilə yaşayan insanları daha tez sevindirmək üçün yorulmadan çalışır, vurulan yaraları sağaltmaq üçün ana torpağa övlad qayğısı ilə yanaşırlar. Sürətli bərpa-yenidənqurma işlərinin aparıldığı rayonlardan biri də Ağdamdır.

    Fevral ayının 13-də Ağdam rayonunda səfərdə olmuş dövlətimizin başçısı cənabİlham Əliyev və birinci xanım Mehriban Əliyeva görülmüş işlərlə tanış olmuş, yeni inşa olunmuş “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak etmişlər.

    İşğaldan azad edilən Ağdam rayonunun Azərbaycanın ümumi enerji sisteminə qoşulması, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün “Azərenerji” ASC tərəfindən “Xındırıstan” yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xətti çəkilib. Ağcabədidən Xındırıstana, oradan da “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarına qədər ümumilikdə 63 kilometr məsafədə 110 kilovoltluq xəttin üzərində ildırımdan mühafizə və yarımstansiyalararası informasiya mübadiləsi üçün 24 damarlı fiberoptik kabel çəkilib. Bununla da Ağdama təkcə elektrik xətti deyil, həm də ən yüksək ötürmə qabiliyyətli sürətli internet xətti gətirilib.

    Ağdam rayon mərkəzində yaradılan böyük və müasir enerji kompleksinin bir hissəsində 110 kilovoltluq açıq və 35, 10 kilovoltluq qapalı paylayıcı qurğuların yerləşdirildiyi inzibati bina da daxil olmaqla, yeni 110/35/10 kilovoltluq “Ağdam-1” yarımstansiyası tikilib. “Ağdam-1” yarımstansiyası tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılıb. Azərbaycanın elektroenergetika tarixində ilk dəfə Qarabağ və Şərqi Zəngəzurun elektrik şəbəkəsinin Regional Rəqəmsal İdarəetmə Mərkəzi məhz Ağdamda yaradılıb.

    Qarabağ Regional Rəqəmsal İdarəetmə Mərkəzi vasitəsilə regiondakı bütün elektrik stansiyaları, yarımstansiyalar, ötürmə xətlərinin monitorinqi, önləyici analizlər, açılıb-qoşulmalar, tənzimlənmələr və başqa əməliyyatlar avtomatik şəkildə həyata keçirilir. Ölkə üzrə 2500 kilometr məsafədə çəkilən optik kabel şəbəkəsi üzərindən qurulan yeni sistem vasitəsilə nəinki Qarabağın, bütövlükdə Azərbaycanın enerji sistemi əhatə olunur.

    Ağdam rayonunun Şelli kəndi istiqamətində yeni 110/35/10 kilovoltluq “Ağdam-2” yarımstansiyası da inşa edilib. Bir neçə ay ərzində minalardan təmizlənmiş ərazidə dördüncü sənaye inqilabının yaratdığı texnoloji yeniliklərə uyğun olaraq süni intellektə adaptasiya edilən enerjisistem şəbəkəsi konsepsiyası çərçivəsində müasir, dayanıqlı, tam rəqəmsallaşdırılmış yarımstansiya tikilib. Burada 110 kilovoltluq açıq paylayıcı qurğu yaradılıb.

    Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin ən önəmli istiqamətlərindən biri sənaye sektorunun, xüsusilə də qeyri-neft sənayesinin sürətli inkişafıdır. Bu baxımdan sənaye zonalarının (sənaye parkları və məhəllələri) yaradılması xüsusi önəm kəsb edir.

    Qeyri-neft sektorunun inkişafına mühüm töhfə verən sənaye parklarında sahibkarlığın inkişafı üçün əlverişli şərait yaradılıb və rezidentlər üçün stimullaşdırıcı tədbirlər tətbiq olunur. Hazırda Azərbaycanda 5 sənaye parkı fəaliyyət göstərir. Dövlətimizin başçısının 2021-ci il 28 may tarixli Fərmanına əsasən 190 hektar ərazidə qurulacaq Ağdam, 4 oktyabr tarixli Fərmanı ilə Araz Vadisi İqtisadi Zonası sənaye parklarının yaradılması nəticəsində ölkəmizdə sənaye parklarının sayı 7-yə çatıb. Sənaye zonaları üzrə indiyədək 90 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 35-dən çox ölkəsinə ixrac edilir. Ağdam Sənaye Parkının prioritet istiqamətləri kimi tikinti materiallarının istehsalı, kənd təsərrüfatı məhsullarının qablaşdırılması, meyvə-tərəvəz konservləri, ət və süd məhsulları, yem, gübrə istehsalı və emalı, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların və s. təşkili müəyyənləşdirilib.

    Sənaye Parkında quruculuq işləri mərhələli şəkildə həyata keçirilir. İlk olaraq Parkın ərazisinin minalardan və hərbi sursatlardan təmizlənməsi işlərinə başlanılıb və artıq 190 hektar ərazinin 74 hektardan çoxu mina və hərbi sursatlardan təmizlənib, qalan ərazilərdə isə hazırda təmizləmə işləri aparılır. Rezidentlər fəaliyyətə başlayanadək Sənaye Parkında bütün lazımi şərait yaradılacaq. İşçilərin rahatlığının təmin edilməsi məqsədilə artıq Sənaye Parkında mobil tipli şəhərcik salınıb.

    Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Artıq 5 sahibkarlıq subyekti bu Parkın rezidenti kimi qeydiyyata alınıb. Hazırda İqtisadi Zonaların İnkişafı Agentliyində sahibkarlar tərəfindən təqdim edilən daha 10-dan çox layihəyə baxılır.

    Ağdamın Qarabağ regionundakı strateji coğrafi mövqeyi, Qarabağla digər bölgələrin qovşağında yerləşməsi, insan resursları potensialı və infrastruktura çıxış imkanları şəhərin gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir. Ağdam Sənaye Parkının yaradılması da məhz bu məqsədə xidmət edir.

    Aynur Əsgərova,
    Salyan şəhər 2 saylı tam orta məktəbin direktoru


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR