Gəncə Dövlət Universitetində (GDU) “Nizami Gəncəvi irsi və gənclik” adlı tədbir təşkil olunub.
DGTYB-dən
Azadmedia.az-a verilən məlumata görə, əvvəlcə tədbirdə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub.
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Dünya Gənc Türk Yazarlar Birliyinin reallaşdırdığı "Nizami Gəncəvi irsi və gənclik" adlı layihə çərçivəsində baş tutan tədbiri GDU-nun Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva açaraq, dahi Azərbaycan şairi Nizami Gəncəvinin həyat və yaradıcılığından bəhs edib. Bildirib ki, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dahi şairin irsinin öyrənilməsi və tədqiq edilməsi ilə bağlı imzaladıqları sərəncamlar mühüm əhəmiyyətə malikdir.
Sonra Dünya Gənc Türk Yazarlar Birliyinin rəhbəri İntiqam Yaşarın “Nizami Gəncəvi irsi və gənclik”, Dünya Gənc Türk Yazarlar birliyinin üzvü, şair Elməddin Nicatın “Nizami Gəncəvi yaradıcılığı haqqında”, Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyevin “Nizami Gəncəvi özünütərbiyənin vasitə və yolları haqqında” və universitetin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müəllimi Vüsal Hicranın “Nizami Gəncəvi yaradıcılığında gənclərə nəsihət” mövzularında məruzələri dinlənilib.
Daha sonra universitetin Filologiya fakültəsinin tələbələri Nizami Gəncəvinin yaradıcılığından nümunələr səsləndiriblər.
Sonda bir qrup müəllim və tələbəyə Dünya Gənc Türk Yazarlar Birliyinin diplomları təqdim olunub.