Mart ayının 4-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Sirus Mirzəzadənin “Qadın ətri” adlı fərdi sərgisinin açılış mərasimi keçirildi.
Azadmedia.az xəbər verir ki, açılış mərasimində mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycan Respublikası Milli Məclisinin deputatları, mədəniyyət və incəsənət xadimləri və digər qonaqlar iştirak edirdi.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirdi ki, bugünkü sərginin 8 mart Beynəlxalq qadınlar günü ərəfəsində keçirilməsi xüsusi önəm daşıyır. İctimai həyatımızda qadınların böyük və əhəmiyyətli rolunu vurğulayan nazir müavini mədəniyyət və incəsənət sahəsində çalışan qadınlara dövlətimiz tərəfindən göstərilən böyük diqqət və qayğıdan danışdı. Daha sonra o, müasir Azərbaycan incəsənətinin inkişafı və zənginləşməsində xüsusi xidmətləri olan Siruz Mirzəzadənin yaradacılığını həm ölkəmizdə, həm də onun hüdudlarından kənarda tanınıb sevildiyini vurğuladı. Sevda Məmmədəliyeva təşkil olunan sərginin xalq rəssamı Siruz Mirzəzadənin uzunmüddətli, məhsuldar fəaliyyətinin göstəricisi, onun yaradıcılığının yüksək zirvəsi olduğunu qeyd etdi və rəssamın uzun illər boyu öz sənəti və tükənməz yaradıcılıq uğurları ilə hər kəsi sevindirəcəyini bildirdi.
Daha sonra tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, Xalq rəssamı Arif Hüseynov və digər qonaqlar rəssamın yaradıcılığını yüksək qiymətləndirdiklərini qeyd edərək fərdi sərgisinin açılması münasibətilə onu təbrik etdilər.
Sonda tədbir iştirakçıları rəssamın əsərləri ilə yaxından tanış oldu.
Qeyd edək ki, rəssamın gərgin bədii axtarışlarının məhsulu olan 150-yə yaxın dəyərli sənət nümunəsindən ibarət olan sərginin ekspozisiyası həm rəngkarlıq, həm də qrafika əsərlərindən ibarətdir.
Sirus Mirzəzadə istər monumental-dekorativ, istərsə də dəzgah rəngkarlığı sahələrində yaratdığı əsərlərlə sənətsevərlərin rəğbətini qazanmaqla yanaşı, çoxşaxəli bədii fəaliyyət yolunda qrafik əsərlərin də mahir yaradıcısı kimi Azərbaycan təsviri sənətində önəmli yerlərdən birini tutur. Məhsuldar yaradıcılıq fəaliyyətinə görə Sirus Mirzəzadə 1996-cı ildə "Humay" mükafatına, 2002-ci ildə Azərbaycanın Əməkdar rəssamı və 2018-ci ildə Xalq rəssamı fəxri adlarına layiq görülüb.