AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan Milli Xalça Muzeyində “Ənənələrimizi yaşadanlar”

  • + A
  • - A
  • 6-05-2021, 16:12


    Azadmedia.az-ın Nazirlikdən aldığı məlumata görə, Mayın 5-də Azərbaycan Milli Xalça Muzeyində “Xalçaçı günü” peşə bayramı münasibətilə “Ənənələrimizi yaşadanlar” adlı tədbir keçirildi.

    Tədbirdə Türkiyə və Mərakeş Krallığının ölkəmizdəki səfirləri Cahid Bağçı və Məhəmməd Adil Embarş, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva və tanınmış mədəniyyət xadimləri iştirak edirdi.

    Tədbiri açan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova əlamətdar gün münasibətilə xalçaçıları təbrik etdi. Təqdimatı keçirilən XVIII əsrə aid Qarabağ xalçası haqqında məlumat verən direktor dedi ki, bu xalça təkcə Milli Xalça Muzeyinin deyil, dünya muzeylərinin də yüksək dəyərləndirdiyi sənət əsəridir.

    ***

    Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva ölkəmizdə xalça sənətinin qorunması və inkişafına töhfələr verən xalça ustalarına peşə bayramları münasibətilə nazir Anar Kərimovun təbriklərini çatdırdı. Bildirdi ki, xalça Azərbaycanın ən qiymətli mədəni irs nümunələrindən biridir. Azərbaycan xalça sənəti özündə xalqın mənəvi aləmini, estetik dünyagörüşünü, bədii istedadını əks etdirir.

    Xalça sənətinin inkişafına dövlət qayğısından söz açan Sevda Məmmədəliyeva vurğuladı ki, ölkəmizdə xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dövlət tərəfindən xüsusi diqqət göstərilir. Təsadüfi deyil ki, dünyada xalça sənəti üzrə ixtisaslaşmış ilk muzey də məhz Azərbaycanda yaradılıb. 2004-cü ildə “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Qanun qəbul olunub, həmçinin Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icrası ilə əlaqədar əhəmiyyətli işlər görülüb və bu sahədə fəaliyyət uğurla davam etdirilir.

    Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərin fondlarının zənginləşdirilməsi məqsədilə xarici hərrac evləri, yarmarkalar, qalereya və şəxsi kolleksiyalarda olan sənət nümunələri mütəmadi olaraq izlənilir və müvafiq monitorinqlər aparılır. Dünya muzeylərində qorunan Azərbaycana aid maddi mədəniyyət nümunələrinə, xüsusilə xalçalara düzgün atribusiyaların verilməsi istiqamətində fəal işlər həyata keçirilir: “Xarici şəxsi kolleksiyaçıdan alınan və bu gün burada ilk dəfə nümayiş olunan XVIII əsrə aid nadir Qarabağ xalçası da Vətəninə qayıtmış növbəti xalçadır”.

    Ölkə başçısının 5 may 2016-cı il tarixli sərəncamı ilə “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Məhz bu tarix Prezidentin digər sərəncamına əsasən, “Xalçaçı günü” kimi qeyd edilir.

    Nazir müavini Azərbaycan xalçaçılığının beynəlxalq miqyasda təbliğində Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mühüm xidmətlərini xüsusi vurğuladı. Qeyd etdi ki, Mehriban xanımın təşəbbüsü ilə 2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.

    Sevda Məmmədəliyeva çıxışının sonunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun azad etdiyi Qarabağda vaxtilə mövcud olan muzeylərin və muzey filiallarının bərpası ilə əlaqədar hazırda Mədəniyyət Nazirliyində mühüm işlərin həyata keçirildiyini vurğuladı: “Nəhayət ki, illərdir doğma məkanından uzaq düşən Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı da vətəninə qayıdacaq və xalçalar öz doğma yurdunda sərgilənəcək”.

    ***

    Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qeyd etdi ki, Azərbaycan Milli Xalça Muzeyi xalçaçılıq sənətinin qorunmasında və təbliğ edilməsində mühüm missiyanı həyata keçirir. Qədim xalçalarımızın xarici ölkələrdən Vətənimizə gətirilməsi istiqamətində diqqətəlayiq işlər görür: “Özəlliklə XVIII əsrə aid Qarabağ xalçasının ölkəmizə qaytarılması, bu hadisənin xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfərdən sonra sərgilənməsi sevindirici haldır. Prezident İlham Əliyev tərəfindən Şuşa şəhəri ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Yaxın zamanlarda Şuşada Azərbaycan Milli Xalça Muzeyinin filialı açılacaq və Qarabağ xalçaları öz evinə qayıdacaq”.

    Qənirə Paşayeva Xalça Muzeyi tərəfindən fiziki imkanları məhdud insanlar üçün hazırlanmış layihədən söz açdı. Dedi ki, bu layihə sayəsində görmə məhdudiyyətli insanlar da xalçalara toxunaraq onları hiss edə bilirlər.

    Tanınmış xalçaçı, Əməkdar mədəniyyət işçisi Zəhra Əliyeva dövlət tərəfindən xalçaçılıq sənətinə göstərilən qayğıdan danışdı. O, bu sənət üzrə çalışdığı üçün qürur hissi keçirdiyini vurğuladı.

    Daha sonra 5 may – “Xalçaçı günü” peşə bayramı münasibətilə xalça sənətinin inkişafına verdiyi töhfəyə görə mədəniyyət nazirinin müvafiq əmri ilə bir qrup xalçaçı-rəssam və toxucu nazirliyin fəxri fərmanı ilə təltif edildi.

    Sonda “Nizami Gəncəvi İli” ilə əlaqədar muzeydə toxunan “Bəhram Gur və Dürsəti” xalçasının kəsimi oldu. Əməkdar rəssam Taryer Bəşirovun müəllifi olduğu xalça dahi Nizami Gəncəvinin “Yeddi gözəl” poemasına həsr edilib. Xalçanın toxucuları Əminə Əliyeva və Təranə Qasımovadır.








    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR