Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəhbərliyi Masallı rayonu ərazisində sudan istifadə edən fermerlərlə maarifləndirici görüşlər keçirir.
AzadMedia.az xəbər verir ki, 10 mart tarixində rayonun Qızılağac kənd Ərazi Nümayəndəliyinin inzibati binasında baş tutan görüşdə Qızılağacla yanaşı Viləş və kəndindən olan fermerlər də iştirak edib.
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Rusif Kərimov görüş iştirakçıların salamlayıb, qarşıdan gələn Novruz bayramı münasibəti ilə onları təbrik edib.
2021-ci ildə görülən işlər barədə məlumat verən idarə müdir növbəti suvarma mövsümündə qarşıda duran vəzifələrdən danışaraq, Viləşçay su anbarının 2-ci növbəsinin tikintisi haqqında məlumat verib.
Sonra görüş fermerlərin təklif və xahişləri ilə davam edib.
Fermerlərdən Qızılağac kənd sakini Zamin Abbasov qarğıdalı əkin sahəsinə suyun verilməsi üçün 150 metr kanalın təmizlənməsini xahiş edib.
Viləş kənd sakini Yaqubəli Babayev suyun onun əkin sahəsinə çatması üçün “Rus kanalı”-nın təmizlənməsini xahiş edib.
Fermerlərdən Fuad Abışov, İmran Əhədov və Elçin Əsgərov çıxış edərək ərazidə suvarma suyunun verilməsi ilə bağlı yaranan problemlərdən danışıb, öz təklif və xahişlərini rəhbərliyin nəzərinə çatdırıblar.
Şıxlar SİB-in sədri İltimas Əhədov əkin sahələrini təyin edərkən su kanallarına yaxın yerlər seçmələrini fermerlərə tövsiyə edib.
Sonda Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi qaldırılan problemlərin, verilən təkliflərin aradan qalxmasına köməklik göstərəcəyini bildirib. Rəis fermerlərin nəzərinə çatdırıb ki, suvarma suyundan səmərəli və təyinatı üzrə istifadə etsinlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.