“Avropanın müharibəyə görə ölkəsini tərk etmək məcburiyyətində qalan ukraynalılara qapılarını açdığı halda, suriyalılara, əfqanlara və ya Afrikadan olan qaçqınlara qarşı ayrı-seçkilik göstərməsi ziddiyyət olaraq qarşımızda dayanır. Bu ikili standartın əsas motivasiyasının islamafobiya və irqçilik olduğunu təəssüf hissi ilə müşahidə edirik”.
Azadmedia.az xəbər verir ki, bu sözləri Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun II Beynəlxalq Media və İslamofobiya Forumundakı çıxışında deyib.
Dünyanın müxtəlif ölkələrində islam düşmanlığının bütün qurbanları ilə həmrəy olduqlarını və bunu davam etdirəcəklərini ifadə edən F.Altun islamofobiyanın bu gün sistemli şəkildə təkrarlanan formaları ilə daim qarşılaşılan qlobal bir problem olduğunu və bu səbəbdən bu çoxölçülü problemlə mübarizədə yeni yol və üsullardan istifadənin vacib olduğunu söyləyib: “İslamofobiya sadəcə Qərb cəmiyyətlərinə xas problem deyil. Bu gün irqçiliyin bir versiyası kimi yaradılan islamofobiya qlobal problemə çevrilib. Biz dünyanın istər qərbində, istər şərqində, istər şimalında, istərsə də cənubunda islamofob hərəkətlərin və sözlərin şahidi oluruq”.
İslamofobiyanın tarix boyu modernləşmə prosesi ilə fərqli ölçülər qazandığına və hətta Qərb xaricindəki müsəlman cəmiyyətlərində də müşahidə olunduğuna diqqət çəkən Altun bu problemin xüsusilə müstəmləkəçilik təcrübəsi yaşamış və ya radikal modernləşməyə məruz qalmış müsəlman ölkələrində belə sıx şəkildə yaşandığını qeyd edib.
F.Altun islamofobiyanın cənub-şərqi Asiyadan ABŞ-a qədər hər yerdə insanların həyatını təhlükə altına alan, ayrı-seçkiliyi yayan və Srebrenitsa hadisəsində olduğu kimi soyqırıma qədər gedə bilən qlobal təhlükə olmağa davam etdiyini, müsəlman icmalarının getdikcə daha çox nifrət nitqinə məruz qaldığını və islamofob hücumların sayında artım olduğunu xüsusilə vurğulayıb.
Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasının dərc etdiyi hesabatda müsəlmanlara qarşı nifrət cinayətlərinin xüsusilə sosial mediada böyük ölçüdə artdığını bildirən Fəxrəddin Altun xüsusilə qərbi Avropa ölkələrində islamofobik hərəkətlərin internet mühiti ilə yanaşı sosial həyatda da geniş vüsət aldığını, bəzi ölkələrdə isə qadınların dini inancları ilə bağlı geyimlərinə görə təhsil almalarının belə qadağan edildiyini ifadə edib: “Avropada artan anti-İslam etirazları nəticəsində müsəlman icmalarının hətta məscidlərə getməyə, müsəlman qadınların dini paltar geyinməkdən çəkindiyi bir prosesin yaşandığını görürük. İslam ve müsəlman düşmanlığının təhqirdən ayrı-seçkiliyə, təzyiqdən fiziki zorakılığa və hücuma qədər bütün ölçüləri ilə hiss olunduğu bir təhlükə ilə qarşı-qarşıyayıq. İrqçi və ayrı-seçkilik xarakterli ritorika və hərəkətlərin bəzi Avropa siyasətçiləri tərəfindən dəstəklənməsi isə bu təhlükənin miqyasını daha da artırır”.
Türkiyə rəsmisi bu münasibətin hətta Rusiya ilə Ukrayna arasında gedən müharibə şəraitində də özünü büruzə verdiyinə diqqət çəkib. Heç kimin yurdundan didərgin düşməsini və əzab çəkməsini qəbul etmədiklərini vurğulayan Altun Avropanın müharibə səbəbindən ölkəsini tərk etmək məcburiyyətində qalan ukraynalılara qapılarını açdığı halda, Suriyalılara, əfqanlara və ya Afrikadan gələn qaçqınlara qarşı ayrı-seçkilik nümayiş etdirməsinin ziddiyətli olduğunu deyib:
“Avropada bəzi siyasətçilərin ukraynalıları “müharibədən qaçanlar”, suriyalıları isə “ölkəyə qeyri-qanuni yollarla girməyə çalışanlar” kimi müqayisə etməsi ibrət olaraq yadda qalacaq. Bu ikili münasibətə qərb mediası tərəfindən “Ukraynalılar ağdərili, xristian və avropalıdır, suriyalı deyil” kimi şərhlərlə haqq qazandırılmağa çalışılması da unudulmayacaq. Bu ikili standartın əsas motivasiyasının islamofobiya və irqçilik olduğunun təəssüflə şahidi oluruq”.
“Şübhəsiz ki, Türkiyə qlobal səviyyədə islamofobiya ilə mübarizədə aparıcı rol oynayır. Cənab Prezidentimiz bütün qlobal problemlərdə olduğu kimi islamofobiya ilə mübarizəyə də rəhbərlik edir.
İslamofobiya ilə mübarizə apararkən, fərqliliklərin sərvət kimi görüldüyü birgəyaşayış mədəniyyəti ilə dünyaya nümunə göstərməyə davam edəcəyik. Ancaq hər nə qədər Türkiyə bu mövzuda geniş araşdırmalar aparsa da, islamofobiya Türkiyənin təkbaşına kökünü kəsə biləcəyi bir şey deyil.
İslamofobiya və antiislamizmə qarşı beynəlxalq və çoxşaxəli mübarizə lazımdır. Bu mübarizə heç şübhəsiz qlobal təhlükə olan islamofobiyanın mərkəzi olan Avropadan başlamalı və bütün dünyaya yayılmalıdır. Necə ki, islamofobiya Avropada getdikcə daha çox institusionallaşır, İslamofobiya ilə mübarizədə də Avropanın üzərinə böyük məsuliyyət düşür”, - deyə o bildirib.