Azadmedia.az-ınnTürkiyə bürosu xəbər verir ki, 16.03.2022-ci il tarixində
“Eskişehir Azərbaycanlılar Dərnəyi”nin təşkil etdiyi ənənəvi “Çərşənbə Söhbəti”nin bu həftəki qonağı olan Eskişəhər Vali müavini cənab Salih Altun bəy “İqtisadi Kontekstdə Türkiyə-Azərbaycan Münasibətləri” mövzusunda çıxış edib.
Mahmudiyyə rayon valisi cənab Harun Rəşid Han və Sarıcakaya rayon valisi cənab Məhəmməd Taha Canpolatın da iştirak etdiyi söhbətdə Azərbaycanın müstəqillik qazandığı gündən bu günə kimi Türkiyə ilə əməkdaşlığından söz açılıb. Vurğulanıb ki, “bir millət, iki dövlət” anlayışı təkcə sözdə deyildir, hər sahədə özünü göstərməkdədir.
Heydər Əliyevin hakimiyyətə gəlişi ilə münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoymuş, əməkdaşlıq sazişləri imzalanmışdır. Bunlara misal olaraq, Bakı-Tbilisi-Ceyhan boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti və TANAP layihəsinin əhəmiyyətini göstərmək olar. 44 günlük şanlı Zəfərdə Türkiyə istehsalı Bayraktar TB2 pilotsuz uçuş aparatının rolu dinləyicilərə çatdırılıb.
Türkiyə və Azərbaycanın yeni hədəfinin iki ölkəni qurudan və Ermənistandan keçən dəmir yolu ilə birləşdirəcək Zəngəzur dəhlizinin reallaşması olduğu bildirilib.
Azərbaycan Sovet İttifaqından müstəqilliyini elan etdikdən sonra 1992-ci il yanvarın 14-də Türkiyə Respublikasının Bakıdakı Baş Konsulluğunun səfirliyə çevrilməsi ilə başlayan diplomatik münasibətlər “Bir millət, iki dövlət” prinsipi ilə inkişaf etdirilib. Aradan keçən 30 ildə əlaqələr müttəfiqlik səviyyəsinə qaldırıldı.
Prezident Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Qarabağın simvolik şəhəri Şuşaya səfər etdi və burada prezident İlham Əliyevlə görüşərək müttəfiqlik sazişi imzalandı. İki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə qaldırıldı.
Beləliklə, “Şuşa Bəyannaməsi”nin əhəmiyyəti izah edilib. Türkiyə ilə Azərbaycan arasında illərdir danışılan şəxsiyyət vəsiqəsi ilə səyahət də reallığa çevrilib. İki ölkə vətəndaşlarının yeni tip çipli şəxsiyyət vəsiqələri ilə digər ölkəyə 90 günlük vizasız turist səfəri edə biləcəyi tətbiqin 2021-ci il aprelin 1-dən qüvvəyə mindiyi izah edilib.
Keçmişdən bu günə qədər inkişaf edən və davam edən əlaqələrin növbəti illərdə də uğurla davam edəcəyi və daha da inkişaf edəcəyi vurğulanıb.
Qeyd edək ki, çıxışın sonunda dəyərli məlumat paylaşdığına görə hörmətli Salih Altuna təşəkkür məktubu təqdim olunub və xatirə şəkli çəkdirilib.
Eskişehir Azərbaycanlılar Dərnəyi
Layihə koordinatoru
Fin.Uzm. Bəxtiyar Qarayev