Hər bir xalqda bir sıra gözəl ənənələr olur ki, onlardan biri də bayramlar və onlarla bağlı olan mərasimlərdir. Hansı hadisə ilə bağlı olmasından, məqsədindən asılı olmayaraq, bütün bayramlar üçün ümumi olan bir xüsusiyyət vardır: insanlarda həyat həvəsi, sevinc hissləri yaratmaq. Belə günlərdə qədim insanlar gündəlik məişət qayğılarından azad olaraq, qısa müddətə olsa da, kədər və iztirabı özlərindən uzaqlaşdırır, həyatın mənalı davamı üçün stimullar tapırdılar. Dini və dövlət bayramları ilə müqayisədə bəşəriyyətin körpəlik dövründən - mifoloji dövrdən günlərimizədək gəlib çatmış bütpərəstlik bayramları bu baxımdan daha cazibədar və daha səmimidirlər.
Ümummilli lider Heydər Əliyev Novruz bayramı haqqında demişdir: “Novruz bayramı bizim bütün bayramlarımızdan əzizdir. Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır. Novruz bayramı heç bir tarixi hadisə, yaxud heç bir şəxsiyyətin adı ilə, onun fəaliyyəti ilə bağlı deyildir. Bu bayram təbiətin qanunları ilə, kainatın qanunları ilə əlaqədar olan bir bayramdır”.
– Ulu Öndər Heydər Əliyev Novruz bayramının keçirilməsi ilə bağlı demişdir: “Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır. Mən buna inanıram və bu inamla yaşayıram, bu inamla işləyirəm və bu inamla da Azərbaycan xalqına rəhbərlik edirəm.”
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Ümummilli Liderin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdırdı. Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və biz artıq həmin ərazilərdə Novruz bayramını qeyd edirik.
Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın böyük səyi nəticəsində Novruz bayramı UNESCO tərəfindən Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
Mifoloji bayramlar bir qayda olaraq təbiətlə, onun fəsilləri ilə bağlı olurlar ki, bunlar da hər bir adamın həyatında çox mühüm rol oynayan hadisələrdir. Bununla yanaşı belə bayramlar kollektiv yaddaşda reallaşaraq, xalqlara öz qədim ənənələrini qoruyub saxlamağa, tarixi zamanın dayanmaz axınını müəyyən qədər ləngidərək, əcdadların dövrünü, həyatını xatırlamağa imkan verir. Bütün bu deyilənlər baxımından hal-hazırda xalqımızın qeyd etdiyi bayramlardan heç birini Novruzla müqayisə etmək mümkün deyildir. Bunu da qeyd etmək lazımdır ki, Novruza bənzər bahar bayramları qədim Şumerdə, Misirdə və digər regionlarda da olmuşdur. Ancaq onlar artıq xalq yaddaşından silinmiş və yalnız tarixin yaddaşında müəyyən izlər qoya bilmişlər. Minilliklər içərisindən keçib gələn qədim Novruz bayramı isə tarix boyu bir sıra qadağalara və təqiblərə məruz qalsa da, öz təravətini və gözəlliyini bu gün də saxlamaqdadır. Ancaq tarix də öz işini görmüşdür: bayramın formal əlamətləri, mərasimləri əsasən saxlanılsa da, onun ilkin məzmunu, mənası unudulmuş və ya təhriflərə məruz qalmışdır.
İlaxır günündən sonra Novruz bayramı gəlir. Çox təntənəli və parlaq keçən İlaxır bayramı ilə müqayisədə Novruz bayramı sakit və təmkinli bir şəraitdə qeyd edilir. Novruz süfrəsində də bayram xörəkləri və şirniyyat mühüm yer tutur. Novruzun səhərisi günü insanlar bir-birinin görüşünə gedib, hədiyyələr verir və bir-birini təbrik edirlər. Yaşlı və xəstə adamları ziyarət etmək xüsusilə vacib sayılır. Novruz günləri insanlar yaxın adamları ilə gəzintiyə çıxır, müxtəlif idman yarışları keçirir, uşaqlar maraqlı oyunlar oynayırlar. Bəzən toy mərasimlərini də Novruz günlərinə saxlayırlar. Belə hesab edilir ki, Novruz günlərində təməli qoyulan ailə möhkəm olacaqdır. Hələ qədimdən gələn ənənəyə əsasən Novruz bayramı, Novruz əhval-ruhiyyəsi beş gündən on beş günədək davam edə bilər. Azərbaycanın bəzi bölgələrində deyilir ki, "Novruzun birinci günü sultandır, ikinci günü yazdandır, üçüncüsü yaydan, dördüncüsü payızdan, beşinci gün isə qışdandır". Hər gün bir fəslin adı ilə əlaqələndirilir və belə hesab edilir ki, həmin gün hava necə keçmişsə (isti, soyuq, günəşli və ya yağmurlu) həmin ilin müvafiq fəsli də elə keçəcəkdir.
Novruz Azərbaycanın sevimli bayramlarından biridir. Bu bayram təkcə onu qeyd edən türk xalqlarının deyil, ümumilikdə bəşəriyyətin mənəvi dəyəri hesab edilir. İslamdan əvvəlki tarixi dövrə təsadüf olunan Novruz bayramı Azərbaycanla yanaşı bütün Şərqdə qeyd olunur. Novruz bayramı əsasən müsəlman ölkələrində qeyd olunsa da, dini bayram deyil. Bu bayramda təbiətin yenilənməsini, torpağın oyanışını simvolizə edən yazın gəlişi qarşılanır.
Novruz bütün ölkədə aşıqların, xanəndələrin, xalq müğənnilərin konsertləri keçirilən kütləvi bayramdır. Burada kəndirbazlar, pəhləvanlar öz güclərini nümayiş etdirir, meydanlarda kosa və keçəlin iştirakı ilə komik tamaşalar göstərilir. Kosa qışı, keçəl isə yazı simvolizə edir. Söz yarışmasında, əlbəttə ki, keçəl qalib gəlir. Kənd yerlərində at yarışları – çovqan oyunu keçirilir. Bakıda əsas bayram tədbirləri əfsanəvi Qız qalasının ətrafında keçirilir. Həmin gün nəhəng qalanın yüksəkliyini nəhəng səməni bəzəyir, gözəl Bahar qızı Qız qalasında təbiətin oyanmasını, həyatı simvolizə edən məşəli yandırır.
Xalqımızın sənətkarları Novruz bayramı haqqında mahnılar yazmış, filmlər çəkmişlər. Üzeyir Hacıbəyov, Fikrət Əmirov, Oqtay Zülfüqarov, Rəhilə Həsənova kimi görkəmli bəstəkarlar müxtəlif mahnılar yazmışlar. Həmçinin, Novruz haqqında Novruzun çələngi və Ocaq kimi Azərbaycan filmləri də çəkilib;
Azərbaycan xalqı milli-mənəvi dəyərlərinə həmişə, bütün dövrlərdə sadiq olub, onu yaşadıb, nəsillərdən nəsillərə ötürüb. Ata-babalarımızdan, əcdadlarımızdan bizə yadigar qalan bayramda xonçalar bəzənir, səmənilər qoyulur, küsülülər barışır, süfrələrimizi çeşid-çeşid naz-nemət, müxtəlif milli yeməklər bəzəyir. Xalqımızın adət-ənənəsinə görə Novruz bayramında küsülülər barışmalı, qohumlar bir-birini ziyarət edib, bayramlaşmalıdırlar. “Papaq atmaq”, “qulaq falı”, “tonqaldan tullanmaq”, “üzük falı”, “səməni əkmək”, “yumurta bəzəmək, döyüşdürmək” və Novruz bayramı ilə əlaqələndirilən digər məşhur adətlər, inanclar Azərbaycan xalqının tarixini, onun zəngin folklorunu və fəlsəfəsini özündə ehtiva edir.
Xalıq Tağıyev - Masallı rayonu Xıl kəndi