Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı əsnasında aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Avropa İttifaqı, Azərbaycan və Ermənistan arasında Brüsseldə keçirilmiş üçtərəfli görüş haqda söhbət aparıldı.
Prezident İlham Əliyev görüşün nəticələrini müsbət qiymətləndirdiyini bildirdi.
Dövlətimizin başçısı Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarları qeyd etdi.
Prezident Rəcəb Tayyib Ərdoğan da öz növbəsində əldə olunmuş nəticələrdən məmnunluğunu ifadə etdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasının, nəqliyyat-kommunikasiya xətlərinin qurulmasının regionda davamlı sülhün və sabitliyin təmin olunmasına, region ölkələrinin inkişafına və firavanlığına xidmət edəcəyi vurğulandı.
Dövlət başçıları, həmçinin Azərbaycan və Türkiyə arasında ikitərəfli müttəfiqlik əlaqələrinin müxtəlif aspektlərinə dair fikir mübadiləsi apardılar.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.