Əliabbas Salahzadə
Milli Məclisin deputatı 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Prezident İlham Əliyevin Azərbaycanın bütün sahələrdə qazandığı uğurların təqdimatı kimi dəyərləndirilən giriş nitqi ilə yanaşı, hədəfləri özündə ehtiva edən yekun nitqindən də geniş bəhs edərək tarixi Zəfərimizin ölkəmizin qarşısında açdığı imkanları diqqətə çatdırıb: "Postmünaqişə dövründə əsas vəzifələr beynəlxalq müstəvidə yeni reallıqların qəbul olunması, beynəlxalq təşkilatlar və qonşu ölkələrlə əlaqələrin qurulması, eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, Böyük Qayıdışa tezliklə nail olunmasıdır. Azərbaycanın bir ildən artıq dövrdə bu istiqamətdə atdığı addımlar öz müsbət nəticəsini verir. Belə ki, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq davam etdirilmiş, dünya gücləri yeni reallıqları qəbul edirlər. Ötən ay Qarabağın tacı olan Şuşa Azərbaycanla BMT arasında əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş tədbirə ev sahibliyi etdi. Şuşa Azərbaycanın, türk dünyasının mədəniyyət paytaxtı olmaqla yanaşı, həm də BMT ilə Azərbaycan arasında münasibətlərin müzakirə olunduğu məkana çevrildi. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, bu mühüm hadisə bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır. Qoşulmama Hərəkatı həm müharibədən əvvəl, həm müharibə dövründə, həm də müharibədən sonra Azərbaycanla həmrəy olub. İslam Əməkdaşlıq Təşkilatı dəfələrlə ədalətli, Azərbaycanın mövqeyini əks etdirən qərar və qətnamələr qəbul edib. ATƏT yeni reallıqları tam qəbul edib. Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur. Bütün qonşu ölkələr yeni, postmünaqişə reallıqlarını qəbul ediblər.”
Əliabbas Salahzadə vurğulayıb ki, ölkə Prezidenti müşavirədə perspektivlərdən bəhs edərkən Azərbaycanın daha da güclənəcəyini, Ermənistanın isə inkişafının özündən və qonşu ölkələrlə münasibətindən asılı olduğunu bildirib: “Bugünümüzün əsas məsələsi sülh müqaviləsinin imzalanmasıdır. Bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunması, yeni əməkdaşlıq formatlarının yaradılması, kommunikasiyaların açılması və sair kimi mühüm addımların atılması üçün sülh müqaviləsinin imzalanması mütləqdir. Məlum olduğu kimi, aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş naziinin birgə keçirilən görüşündə sülh müqaviləsinin hazırlanmasına dair razılıq əldə olunub.”
Millət vəkili qeyd edib ki, müharibədən dərhal sonra Azərbaycanın həyata keçirdiyi siyasət, beynəlxalq təşkilatlardakı fəaliyyəti, ikitərəfli formatda böyük dövlətlərlə əlaqələri, eyni zamanda, Qarabağ və Şərqi Zəngəzurda baş verən inkişaf və hadisələr hazırkı reallıqlara gətirib çıxarıb: “Postmünaqişə dövrünün birinci ilinin nəticələri deməyə əsas verir ki, qarşıda dayanan bütün vəzifələr icra edilib. Azərbaycanın cari ilin ötən dövründə sosial-iqtisadi inkişafı qənaətbəxşdir. Ümumi daxili məhsulun 6,8 faiz artımı postpandemiya dövründə böyük nailiyyətdir. Qeyri-neft iqtisadiyyatı 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım 4 faizdir. Qeyri-neft sənaye istehsalında 18 faizdən çox artım var. Qeyri-neft ixracında 45 faiz artım mövcuddur. Ordu quruculuğu sahəsində mühüm işlər görülüb. Dövlət başçısı İlham Əliyev bu məqamı xüsusi qeyd etmişdir ki, Azərbaycan müharibədən dərhal sonra hərbi sahəyə də böyük diqqət ayırıb. Müharibədən sonra Türkiyə və İsrail şirkətləri ilə yeni, böyük kontraktlar imzalanıb və onların icrası həyata keçirilir. Müdafiə Nazirliyində aparılmış struktur islahatları ordumuzu daha da gücləndirəcək və müasirləşdirəcək. İkinci Qarabağ müharibəsində xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı Qüvvələrin şəxsi heyətinin sayı artırıldı və artırılacaq.”
Əliabbas Salahzadə bildirib ki, qarşıda dayanan vəzifələrdə Böyük Qayıdışı təmin etmək üçün bütün addımların atılması nəzərdə tutulub: “Əsas məsələ görülən işlərin fonunda vətəndaşların məmnunluğunun artırılmasıdır. İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və yenidənqurma işlərinin miqyası, onların müasir tələblər səviyyəsində həyata keçirilməsi bunu bir daha təsdiqləyir. Ümumiləşdirilmiş şəkildə qeyd etsək 2022-ci ilin birinci rübünün yekunlarına həsr olunmuş müşavirə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərin və qarşıdakı dövrdə hədəflərin təqdimatıdır. Bu inam ifadə edilir ki, qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağıq. Buna əsas verən Azərbaycanın daim yeni-yeni hədəflərə doğru inamla irəliləməsi və dövlətimizin uğurlu siyasəti nəticəsində onlara zamanında nail olunmasıdır.”