AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının əsas prioritetidir

  • + A
  • - A
  • 4-03-2022, 15:00

    Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının əsas prioritetidir

    Əliabbas Salahzadə
    Milli Məclisin deputatı


    Yeni Azərbaycan Partiyasının VII qurultayından ötən bir ildə ölkəmizin və partiyanın həyatında baş verən yeniliklərdən bəhs edərək bildirib ki, təkmilləşmə, yeniləşmə dövlət siyasətimizin əsasını təşkil edir: “1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın, eyni zamanda, Ümummilli Liderin yaradıcısı olduğu Yeni Azərbaycan Partiyasının həyatında yeni mərhələnin təməlini qoydu. Dövlət başçısı, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev VII qurultaydakı çıxışında partiyanın yaradılmasını şərtləndirən amillərdən, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, ölkə Prezidenti İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirərək Azərbaycana tarixi Zəfərimizin sevincini yaşatmasından bəhs etdi, qarşıdakı dövrün prioritetlərini açıqladı. Postmünaqişə dövrünün əsas çağırışlarından biri işğaldan azad edilmiş ərazilərimizdə bərpa və quruculuq işlərinin tezliklə başa çatdırılması və soydaşlarımızın Böyük Qayıdışının reallığa çevrilməsidir. Partiyanın VII qurultayında dövlət başçısı İlham Əliyevin yeni dövrün yeni reallıqlarına söykənərək partiyanın yeni proqramının hazırlanması və təsdiqi ilə bağlı tapşırığına uyğun olaraq ötən ilin dekabrında YAP İdarə Heyətinin qərarı ilə təsdiqlənən yeni proqramda da “Partiyanın əsas hədəfləri” fəslində “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış” bölməsi öz əksini tapıb.”

    Əliabbas Salahzadə qeyd edib ki, ulu öndər Heydər Əliyevin ətrafında yaradılmış Yeni Azərbaycan Partiyanın fəaliyyəti ölkədə siyasi sabitliyin təmin olunmasına xidmət edib: “Ümummilli Liderin siyasi irsi inkişafın təməlində dayanan əsas ideoloji amildir. Yarandığı gündən ümumxalq partiyası kimi tanınan və nüfuz qazanan YAP-ın sıralarında bu gün 800 minə yaxın üzvün birləşməsi də Heydər ideyalarına sadiqliyin, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dəstəyin aydın ifadəsidir. Ulu Öndər Heydər Əliyevin yorulmaz siyasi fəaliyyəti ona xalqın sevgi və ehtiramını qazandırmışdır.”

    Millət vəkili vurğulayıb ki, partiyanın qurultaylarında qəbul olunan qərarlar ölkəmizin həyatında yeni mərhələnin başlanmasına stimuldur: “YAP-ın VII qurultayının keçirilməsi Prezident İlham Əliyevin islahatlar siyasətinin davamıdır. Yeni Azərbaycan Partiyası daim yeniləşməyə, təkmilləşməyə böyük önəm verir. 2019-cu ilin sonlarında partiya ölkədə geniş vüsət alan islahatlar prosesinin qanunverici orqanda da öz əksini tapması üçün Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış etdi. YAP-ın hər bir təşəbbüsü, qəbul etdiyi hər bir qərar dövlətimizin inkişafına, xalqımızın rifahına xidmət etdiyi üçün daim ölkə ictimaiyyəti tərəfindən böyük dəstək qazanır. 2018-ci il prezident və 2020-ci il parlament seçkilərindən, xüsusən də 2020-ci ildə İkinci Qarabağ müharibəsində əldə olunmuş Qələbədən sonra yaranmış yeni reallıq siyasi islahatların dərinləşməsi üçün zəmin yaratmşdır. Yaranmış yeni reallıqlar hakim partiyada islahatların aparılması və yeni fəaliyyət prioritetlərinin müəyyən olunmasının zəruriliyini müəyyən etdi.”

    “Milli maraqların qorunması YAP-ın fəaliyyət strategiyasının əsas prioritetidir” söyləyən Əliabbas Salahzadə qeyd edib ki, Azərbaycanın xarici siyasətinin əsas məsələsi bu gün tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsi idi: “Dövlət başçısı İlham Əliyevin vurğuladığı kimi, 2003-2020-ci illər ərazi bütövlüyümüzün bərpasına, 30 illik işğala son qoyulmasına hazırlıq dövrü kimi xarakterizə olunur. Bu illər ərzində Azərbaycan bütün sahələrdə gücləndi, beynəlxalq dəstək qazandı. Verdiyi vədlərə sadiqliyini onların həyata keçirilməsi istiqamətində atdığı addımları ilə təsdiqləyən dövlət başçısı İlham Əliyevin qətiyyəti, ordumuzun rəşadəti, xalqımızın birliyi sayəsində torpaqlarımızın işğaldan azad edilməsi vədi də reallığa çevrildi. Möhtərəm Prezidentimiz İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini bildirdi.”

    Millət vəkili onu da vurğulayıb ki, YAP ölkənin vətənpərvər, intellektual ehtiyatı olan yeni gənc nəslin nümayəndələrini özündə birləşdirir: “Torpaqlarımızın azad edilməsində bütün nəsillərin nümayəndələri uğurlu fəaliyyət göstərib. Döyüşdə iştirak edənlərin mütləq əksəriyyəti cənab İlham Əliyevin Prezident seçildiyi 2003-cü ildən bu günə yetişən gənclikdir. Partiyanın hər bir üzvü, o cümlədən gənclər postmünaqişə dövrünün reallıqlarının təbliğinə öz töhfələrini verməyə səy göstərirlər.”

    Əliabbas Salahzadə Yeni Azərbaycan Partiyasının VII qurultayında qəbul olunmuş qərarların partiyanın fəaliyyətində keyfiyyət etibarilə əhəmiyyətli dəyişikliklərə səbəb olduğunu önə çəkərək bildirib ki, müasir dövrün bütün tələb və çağırışlarına cavab verən partiyanın yeni Nizamnaməsi təsdiq olundu: “Partiya Sədrinin Birinci müavini vəzifəsi təsis olundu, həmçinin partiyanın strukturuna Veteranlar Şurasının, Gənclər Birliyinin, Mərkəzi Aparatın, yerli təşkilatların və onların aparatlarının daxil olduğu təsbit edildi. Partiyanın təsdiqlənən yeni proqramında əsas hədəfləri yer alır: Heydər Əliyev irsinin təbliği və təşviqi; Güclü iqtisadiyyat və davamlı inkişaf; İnklüziv cəmiyyət, ədalətli sosial təminat və insan kapitalının inkişafı; Şəffaflığın artırılması; Vətəndaş cəmiyyətinin inkişafı; Azərbaycan dili və dünya azərbaycanlılarının həmrəyliyi; Mədəni irsin və milli-mənəvi dəyərlərin qorunması; Vətəndaş həmrəyliyinin təminatı; Milli maraqlar və xarici siyasət; Ordu quruculuğu və İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, YAP-ın fəaliyyətinin hədəfləri milli maraqların qorunmasına, Azərbaycan dövlətinin dayanıqlı inkişafına, beynəlxalq münasibətlər sistemində nüfuzunun artırılmasına, habelə beynəlxalq bazarlarda ölkənin rəqabətə dözümlülük göstəricilərinin yüksəldilməsinə xidmət edir.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR