Azadmedia.az - 20-21 Aprel 2022-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Xələf Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Riqaya səfəri çərçivəsində Latviya Respublikası Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktor Andceys Vilumsons, Latviya Prezidentinin Müşavirlərinin Ofisinin rəhbəri, Prezidentin mədəni məsələlər üzrə müşaviri Sarmite Elerte və nəqliyyat naziri, Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının latviyalı həmsədri Talis Linkaits ilə görüşlər keçirib.
21 aprel tarixində Azərbaycan və Latviya arasında strateji dialoqun birinci iclası keçirilib. İclasda Azərbaycan Respublikası nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov, Latviya Respublikası nümayəndə heyətinə isə Xarici İşlər Nazirliyinin dövlət katibinin müavini, siyasi direktor Andceys Vilumsons rəhbərlik edib. Görüş zamanı iki ölkə arasında ilk dəfə təşkil edilən strateji dialoqun birinci iclasının xüsusi əhəmiyyəti vurğulanıb. Bu il 2017-ci ildə iki ölkə arasında imzalanan “Strateji Tərəfdaşlığın Yaradılması Haqqında birgə Bəyannamə”nin beşilliyinin tamam olduğu və strateji tərəfdaşlığın yeni hədəflərinin müəyyənləşdirilməsinin və ikitərəfli gündəliyin keyfiyyətcə daha da zənginləşdirməsi istiqamətində sıx dialoqun keçirilməsinin vacib əhəmiyyət daşıdığı diqqətə çatdırılıb. Azərbaycan Respublikası və Latviya Respublikası Prezidentlərinin qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərimizin inkişafında müstəsna rolu qeyd edilib.
X.Xələfov 44 günlük müharibədən sonra bölgədə yaranmış yeni reallıqlar, üçtərəfli bəyanatların tam yerinə yetirilməsi ilə bağlı vəziyyət, Azərbaycanın iki ölkə arasında münasibətlərin normallaşması ilə bağlı mövqeyi, bütün nəqliyyat və kommunikasiyaların açılması məsələsi, işğaldan azad olunmuş ərazilərimizin minalardan təmizlənməsi və orada aparılan bərpa və yenidənqurma işləri barədə qarşı tərəfə ətraflı məlumat verib.
Həmçinin, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu vurğulanıb və Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol xüsusi qeyd edilib. Avropa İttifaqı ilə əlaqələrin daha da inkişaf etdirilməsi üçün yeni imkanların olduğu ifadə edilib. Bildirilib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanması nəzərdə tutulan hərtərəfli tərəfdaşlıq haqqında saziş qarşılıqlı əlaqələrin yeni səviyyəyə çatdırılmasına şərait yaradacaqdır.
Tərəflər, Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinin əhəmiyyətini qeyd edib, həmçinin ikitərəfli strateji tərəfdaşlığın gündəliyində duran aktual mövzuları, xüsusən siyasi, iqtisadi, ticari, nəqliyyat, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri ilə yanaşı, çoxtərəfli formatda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Bununla yanaşı, X.Xələfovun rəhbərlik etdiyi nümayəndə heyəti Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi Qrupunun üzvləri ilə görüşüb və tərəflər Azərbaycanla Latviya arasında əməkdaşlığın həyata keçirilməsində parlamentlərarası dialoqun əhəmiyyətini qeyd ediblər.