AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Masallıda “Mədəniyyət kəndlərdə” silsilə tədbirləri davam etdirilir - ÖZƏL - FOTO

  • + A
  • - A
  • 24-04-2022, 20:45

    Masallıda “Mədəniyyət kəndlərdə” silsilə tədbirləri davam etdirilir - ÖZƏL - FOTO

    Azadmedia.az - Masallı Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi üzrə tədbirlər davam etdirilir. Belə ki, layihə çərçivəsində növbəti tədbir Cəlilabad rayonunun Uzuntəpə kəndində ictimaiyyətə təqdim edilib.

    Tədbirdə rəsmi şəxslər, mədəniyyət işçiləri, gənclər və yerli ictimaiyyət nümayəndələri iştirak edib.
    Tədbirdən əvvəl Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda həyatını fəda etmiş Vətən oğullarının xatirəsi ehtiramla anılıb.
    Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov tədbirə qatılan ictimaiyyət nümayəndələri və rəsmi qonaqları salamlayıb. O, layihənin məqsədləri, bu çərçivədə müəyyənləşdirilmiş əsas prioritetlər və cari hədəflər barədə tədbir iştirakçılarını məlumatlandırıb. İdarə rəisi bildirib ki, müəssisələrin fəaliyyətinin yeni mədəniyyət konsepsiyaları və təkmil idarəçilik yanaşmalarına uyğun qurulması günün tələbidir. Rəis eyni zamanda, layihənin kəndlərdə yaşayan istedadlı gənclərin üzə çıxarılmasındakı müsbət rolundan danışıb.
    Azərbaycan Pedaqoji Universitetinin Cəlilabad filialının tarix ixtisası üzrə müəllimi Ələsgər Mirzəzadə Uzuntəpə kəndinin tarixi, mədəni irsi, folklor ənənələri, təsərrüfat həyatı və nüfuzlu şəxsləri barədə geniş məruzə ilə çıxış edib.
    Sonra mədəniyyət müəssisələri tərəfindən qurulmuş sərgiyə və istedadlı gənclərin zövqlə hazırlanmış əl işlərinə baxış keçirilib. Sərgidə qədim məişət nümunələri, yeni nəşr olunmuş kitablar, müxtəlif suvenir və bəzək əşyaları, həmçinin gənc istedadların əl işləri və yerli idmançıların nailiyyətləri nümayiş olunub.
    Daha sonra tədbir geniş konsert proqramı ilə davam etdirilib. Konsert ərzində tanınmış incəsənət ustası Ədalət Məmmədovun rəhbərlik etdiyi vokal-instrumental ansamblın ifasında bir-birindən maraqlı musiqilər səsləndirilib. Bunlarla bərabər, konsertdə məktəblilər tərəfindən milli rəqslər ifa olunub, şeirlər oxunub, həmçinin yeniyetmə idmançılar nümunəvi idman hərəkətlərini icra ediblər.
    Sonda mədəniyyət tədbirlərində fəal iştirak edən yeniyetmə və gənc könüllülərə Masallı Regional Mədəniyyət İdarəsinin “Təşəkkürnamə”ləri təqdim edilib.
    Əlavə edək ki, “Mədəniyyət kəndlərdə” mədəniyyət-yaradıcılıq layihəsi kənd müəssisələrinin işinin yeni nəzəri-konseptual yanaşmalara uyğun genişləndirilməsi, idarəetmənin optimallaşdırılması, gənc istedadların aşkar edilərək yaradıcı potensiallarının dəstəklənməsi məqsədilə həyata keçirilir.
    ƏLİHÜSEYN ŞÜKLÜROV
























    Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR