Masallıda "Şuşa - açılan səhərim" tamaşası nümayiş olunub.
Azadmedia.az xəbər verir ki, Masallı Xalq Teatrı və Masallı Dövlət Regional Kollecinin kollektivləri Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan olunması ilə əlaqədar bu tarixi-mədəni məkana həsr olunan yeni tamaşa ilə teatr həvəskarları önündə çıxış ediblər.
Tamaşa öncəsi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Yeni həyat” qəzetinin əməkdaşı Akif Ağayev xəbər verir ki, tədbirdə çıxış edən Masallı Regional Mədəniyyət İdarəsinin rəisi Bəxtiyar Qılıncov “Şuşa İli” ilə bağlı həyata keçiriləcək silsilə tədbirlər, layihələr barədə qısaca məlumat verib, bu il 270 illiyi qeyd edilən Şuşa şəhərinin ölkəmizin mədəni həyatındakı müstəsna rolundan danışıb.
Sonra N.Gəncəvi adına Masallı rayon Mədəniyyət Mərkəzinin səhnəsində mədəniyyətimizin paytaxtı Şuşa şəhəri və onun ictimai-mədəni həyatından bəhs edən "Şuşa - açılan səhərim" adlı tamaşa nümayiş olunub.
Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Cəmaləddin Əliyevdir, səhnə quruluşu və musiqi tərtibatı isə Elsevər Əliyev və Ruslan Zahidova aiddir.