Hikmət Şikarov,
Şamaxı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini
“Gəncliyindən Azərbaycanın milli dövlət müstəqilliyi konsepsiyasını hazırlayan dahi dövlət adamı və milli istiqlal, azadlıq aşiqlərinin himayadarı”.
Milli müstəqillik bəşər tarixi boyu xalqların, millətlərin ən çox arzusunda olduqları siyasi, hüquqi və mənəvi tələbatları arasında əsas nemət olub. Çünki müstəqil olmayan bir xalq və millət daima var ola bilməz. Milli müstəqilliyini əldən vermiş millətlər zaman-zaman başqa xalqların və millətlərin içində assimilyasiyaya uğrayaraq tarixində arxivlərində qalırlar. Hər xalqın, millətin milli və dövlət müstəqilliyinin əldə edilməsində mühüm tarixi missiyaya malik olan dahi şəxsiyyətləri var. Öz xalqlarına milli müstəqillik nemətini daddıra bilən həmin dahilər heç zaman unudulmur.Dünya və bəşər tarixində Azərbaycan adlı coğrafi məkanın milli müstəqil dövlət institutu halına gətirilməsi, milli müstəqilliyimizin 70 ildən sonra yenidən bərpası dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevə nəsib oldu. Bəli, bu gün birmənalı şəkildə demək olar ki, Heydər Əliyev bəşəriyyət tarixində mənsub olduğu xalqa və millətə milli dövlət müstəqilliyini yenidən qazandıra bilən xilaskarlıq fenomenidir. Azərbaycanın milli dövlət müstəqilliyinin yenidən bərpa olunması missiyasının Heydər Əliyev fenomeninə qismət olması əslində heç də təsadüfü deyildi. Çünki məhz ulu öndərin anadan olduğu illər artıq Azərbaycan Xalq Cümhuriyyəti 23 ay mövcud olduqdan sonra süquta uğradığı zamanlar idi. Heydər Əliyev hələ 1940-cı illərdən başlayaraq Sovet Azərbaycanın dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı zamanlarda özünün iti zəkası, güclü məntiqi, tarixi hadisələri düzgün analiz və təhlil etməsi nəticəsində başa düşürdü ki, zor gücü ilə, xalqları və millətləri istismar etməklə, repressiya maşınından keçirtməklə qurulmuş sovet rejiminin çox yaşaması mümkün olmayacaq.
Ulu öndər həqiqətən də dərk edirdi ki, Sovet Azərbaycanı müstəqil Azərbaycan dövlətini sarsıdılmaqla qurulmuş bir dövlət idi. Çünki Heydər Əliyev hələ o zamanlar, gənc yaşlarından dövlət təhlükəsizlik orqanlarında çalışmağa başladığı illərdə artıq bunu hiss etməyə başlamışdı. Sovet rejiminin kölə, qul halında saxladığı respublikalarda, Azərbaycanda milli-intellektual ziyalı elitasının 1930-cu illərdə güllələnərək, uzaq Sibirə sürgün edilərək repressiyalara məruz qaldığını Heydər Əliyev öz gözləri ilə görürdü. Ulu öndər dərk edirdi ki, repressiyalara məruz qalan, sürgün edilərək güllələnənlər Azərbaycanın müstəqillik ideyalarının carçıları, bu məmləkətin istiqlala çıxmasını ürəkdən arzulayan Hüseyn Cavidlər, Mikayıl Müşfiqlər, Abbas Mirzələr, Əhməd Cavadlar, idilər… Heydər Əliyev məhz Sovet İttifaqının belə gərgin bir dövründən başlayaraq artıq Azərbaycanda istiqlaliyyət, müstəqillik, azadlıq ideyalarının baş qaldırdığını hiss etmişdi. 1958-ci ildə Bəxtiyar Vahabzadənin əsas qayəsi milli azadlıq və müstəqillik ideyaları olan “Gülüstan” poeması işıq üzü gördü. Artıq bu əsərə görə Bəxtiyar Vahabzadə həbs edilməli idi. Amma Heydər Əliyev onu nəinki həbs etmədi, hətta xilas etməklə onu qorudu, xalq şairi adı verərək dövlət mükafatı ilə təltif etdi. Ulu öndər artıq 1950-60-cı illərdə Təhlükəsizlik Komitəsində (DTK) vəzifə pillələrində qalxdıqca anladı ki, məhz təhlükəsizlik orqanlarında milli azərbaycanlı kadr zabitlərin, əməkdaşların sayı artırılmalıdır. Çünki 30-cu illər repressiyalarında milli müstəqillik, azadlıq, istiqlaliyyət ideyalarının daşıyıcıları olan milli ziyalı elitasını məhz bu orqanlarda çalışan ermənilər məhv etmişdilər. Gələcəkdə Bəxtiyar Vahabzadələri, yeni milli azadlıq və müstəqillik ideya daşlarını KQB zindanlarından qorumaq üçün təhlükəsizlik orqanlarında azərbaycanlı kadrların sayı artırıldı. Bir əsrdə dəfələrlə Azərbaycanlılara qarşı ermənilərin soyqırım törətməsi faktını Heydər Əliyev dərindən dərk edirdi. Elə buna görə də Ulu öndər böyük uzaqgörənlik nümayiş etdirərək gələcəkdə özünün quracağı milli müstəqil dövlətin onurğası hesab olunan ordunun, silahlı qüvvələrin kadr bazasının əsasını sovet dövründə qoydu. 1971-ci ildə ümummilli lider Heydər Əliyev C.Naxçıvanski adına internatlaşdırlmış hərbi məktəbin məhz Azərbaycanda yaradılması haqqında Moskvadan razılıq ala bildi. Məhz həmin dövrlərdə 10 minə yaxın gənc Naxçıvanski hərbi məktəbini bitirərək Sovet İttifaqında ən nüfuzlu hərbi məktəblərə daxil olaraq böyük ordu həyatına vəsiqə aldılar. Qarabağ müharibəsində Naxçıvanski hərbi məktəbinin 1500 nəfərdən çox məzunu erməni işğalçılarına qarşı vuruşlarda əsl qəhrəmanlıq nümunələri göstərdilər. Artıq illər keçdikcə sovetlər dövründə müstəqil Azərbaycan dövlətinin yaradılması istiqamətində Heydər Əliyev əslində yaxın gələcək illər üçün milli müstəqilliyin konsepsiyasını, planını çox dəqiqliklə hazırlayırdı.
1970-80-ci illərdə Heydər Əliyevin şəxsi təşəbbüsü ilə 700-dən artıq məktəb binası tikilərək istifadəyə verilmişdi. Bu illərdə respublikada ali təhsil müəssisələrinin sayı 12-dən 17-yə, burada təhsil alan tələbələrin sayı isə 70 mindən 100 minə çatdırıldı. Ümummilli liderin 70-ci illərdə minlərlə azərbaycanlı gənci respublikamızın hüdudlarından kənarda yüksək ali təhsil almasına, ixtisaslı kadr kimi yetişməsinə hər cür kömək göstərməsi də onun xeyirxahlığının və bu sahəyə verdiyi önəmin bariz ifadəsidir. Respublikaya birinci rəhbərliyi dövründə 10 mindən artıq gənci keçmiş SSRİ respublikalarının ali məktəblərinə təhsil almağa göndərən Heydər Əliyev yüksək ixtisaslı, vicdanlı və peşəkar kadrların hazırlanması, dövlət idarəçiliyi sisteminin sağlamlaşdırılması məsələlərinə ciddi fikir verirdi. Ulu öndər Heydər Əliyev Azərbaycanda bir sıra yeni ixtisaslar olan informasiya texnologiyaları, beynəlxalq hüquq, beynəlxalq münasibətlər, aviasiya sahələrində mütəxəssis hazırlayan ali məktəblərin olmadığını nəzərə alaraq minlərlə azərbaycanlı gəncin Moskva, Kiyev, Minsk və başqa şəhərlərdəki nüfuzlu ali məktəblərə göndərilməsini təmin etdi.
“Heydər Əliyev - Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı”Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr bütövlükdə xalqın azadlıq, müstəqillik arzularının gerçəkləşməsinə real hüquqi, siyasi və iqtisadi əsasların yaradılması, bu möhkəm baza üzərində qazanılmış dövlət müstəqilliyinin möhkəmləndirilməsi, xalqın təbii konstitusion hüquqlarına sahib çıxması, milli-mənəvi yüksəlişə nail olması, fərdin özünü vətəndaş kimi dərk etməsi kimi iftixar doğuran şanlı epoxanı əhatə edir. Ümummilli liderin Azərbaycan qarşısındakı əvəzsiz tarixi xidmətlərinin ən qabarıq siyasi təzahürü isə onun dayanıqlı milli dövlət qurması, onu möhkəmləndirməsidir. Hələ 1991-ci il 18 oktyabr tarixində ulu öndər Heydər Əliyevin də imza atdığı “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı” dövlətimizi rəsmi olaraq 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Demokratik Respublikasının varisi və müstəqil respublika elan etdi.
Dövlət müstəqilliyinin ilk illərində – 1991-ci ildən 1993-cü ilin iyununa qədərki mərhələdə respublikada mövcud olmuş fəlakət və sarsıntılar, ağır sosial-iqtisadi böhran, hərc-mərclik, anarxiya təsdiqlədi ki, dövlət müstəqilliyinin qorunub saxlanılması onun qazanılmasından qat-qat çətindir. 1991-1993-cü illərdə respublikamız de-yure müstəqil sayılsa da, əslində, bu müstəqillik formal xarakter daşımış, xalqımız ədalətli və sivil dövlətdə yaşamaq arzusunu tam mənada gerçəkləşdirə bilməmişdir. Həmin illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğun və hüquq qaydalarının təmini, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. O zaman hakimiyyətdə olan qüvvələrin səriştəsiz və yarıtmaz fəaliyyəti nəticəsində hüquq-mühafizə orqanlarının üzərinə düşən qanuni vəzifələri həyata keçirə bilməməsi ictimai həyatın müxtəlif sahələrində hərc-mərcliyin baş alıb getməsinə, daxildə qeyri-sabit və təhlükəli vəziyyətə səbəb olmuşdu.
“Ölkəni parçalanmadan qoruyan dahi lider”
Müstəqilliyin ilk illərində dövlət idarəçiliyinin iflic vəziyyətinə düşməsi, ayrı-ayrı siyasətçilərin “könüllü döyüşçü” adı altında qanunsuz silahlı dəstələr yaratması nəticə etibarı ilə hakimiyyətdə olan qüvvələrin iflasını daha da sürətləndirirdi. Belə şəraitdə nəinki hüquqi dövlətdən, demokratiyadan, hətta insanların təhlükəsiz yaşamaq kimi adi hüququndan danışmaq belə mümkün deyildi. Cəmiyyətin fəal zümrəsi olan gənclərin müxtəlif vasitələrlə bu siyasi oyunlara, qanunsuz silahlı qruplaşmalara cəlb edilməsi, məkrli tədbirlərin həyata keçirilməsində “siyasi alət” kimi istifadə olunması meyilləri xüsusən narahatlıq doğururdu. Faktiki olaraq müxtəlif silahlı qruplara bölünən, parçalanan Azərbaycan gəncliyinin enerjisindən o illərdə dövlət və dövlətçiliklə bağlı praktiki məqsədlər üçün deyil, konyunktur maraqlar naminə istifadə edilirdi. Ayrı-ayrı siyasi partiyaların qanunsuz silahlı birləşmələrə malik olmaqla dövlətin o zamankı rəhbərliyinə tabe olmaması nəticəsində hakimiyyət böhranının dərinləşməsi ölkənin cənubunda və şimalında separatçıların məkrli niyyətlərini həyata keçirmələri üçün münbit şərait yaranmışdı. Şimalda “Sadval ” hərəkatı açıq fəaliyyətə başlamış, cənubda isə qondarma “Talış-Muğan Respublikası” yaradılmaqla Azərbaycanın bütün cənub bölgəsinin faktiki olaraq respublika ilə əlaqəsi kəsilmişdi. Qondarma “sərhəd” yaradılmış, qondarma “dövlət”in hakimiyyət orqanları belə yaradılaraq vəzifəli şəxslər təyin edilmişdi.
Azərbaycanda xaos və anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmış, insanların yaşayış səviyyəsi kəskin şəkildə aşağı düşmüş, cinayətkarlığın səviyyəsi maksimum həddə çatmışdı. Qarabağda döyüşmək üçün ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər belə, həbsdən azad edilərək silahlandırılmışdı. 1993-cü ilin iyun ayının əvvəllərində Gəncə şəhərində xalqın dəstəyindən tamamilə məhrum olmuş mərkəzi hakimiyyətə qarşı baş qaldırmış hərbi qiyam isə ölkədəki hərc-mərcliyin, anarxiya mühitinin, siyasi hakimiyyətə qarşı total inamsızlığın kulminasiya həddinə yetişməsi idi. Faktiki olaraq bəzi xarici qüvvələrin də dəstəklədiyi bu silahlı qiyam Azərbaycanın yenicə nail olduğu dövlət müstəqilliyinə ciddi təhlükə olmaqla yanaşı, silahlı vətəndaş müharibəsinə, Azərbaycanın ayrı-ayrı bölgələrə parçalanmasına zəmin yaratmışdı. Azərbaycan faktiki olaraq dövlət müstəqilliyini itirmək ərəfəsində, xalq isə vətəndaş müharibəsinin astanasında idi. Belə bir mürəkkəb şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyin xilaskarı, qurucusu kimi daxil oldu. Böyük strateqin rəhbərliyi altında hakimiyyət boşluğu qısa müddətdə aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində dövlətçiliyə qəsdlər təşkil edən cinayətkar ünsürlər xalqın dəstəyi ilə zərərsizləşdirildi, vətəndaş sülhü və həmrəyliyinin təmini istiqamətində ciddi addımlar atıldı. Ulu öndərin bu mərhələdə Azərbaycan üçün ən böyük xidməti isə onun de-fakto müstəqil dövlət qurması, dövlətçilik sütunlarını möhkəmləndirməsi, tarixi ənənə və müasirlik əsasında milli inkişaf konsepsiyasını müəyyənləşdirməsi oldu. Bütün bunlar Azərbaycanda ardıcıl və sistemli olaraq hüquqi dövlət quruculuğu və vətəndaş cəmiyyətinin formalaşdırılması prosesinə başlamaq imkanı yaratdı. Ölkədə ictimai-siyasi sabitliyin tam bərqərar olması, hüquq qaydalarının möhkəmləndirilməsi, dövlət çevrilişləri cəhdlərinin qarşısının xalqın dəstəyi ilə qətiyyətlə alınması ulu öndər Heydər Əliyevə dövlət quruculuğu istiqamətində praktik addımlar atmağa imkan verdi.
“Milli siyasi müstəqillikdən iqtisadi müstəqilliyə aparan böyük yol - Neft strategiyası”Ümummilli xalqımıza qazandırdığı milli siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi üçün ilk növbədə Azərbaycanın iqtisadi müstəqilliyinin təmin olunmasının mahiyyətini dərindən dərk edirdi. Heydər Əliyev neft sektoruna xarici sərmayələrin cəlb edilməsi istiqamətində ciddi addımların atılmasını təmin etmiş, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanmasına nail olmuşdur. Xəzər hövzəsində beynəlxalq əməkdaşlığın əsasını qoymuş bu müqavilənin imzalanması ilə respublikamızın gələcək inkişafının fundamental bünövrəsi qoyulmuşdur. “Əsrin müqaviləsi”nin imzalanması ilə Qərb şirkətlərinin Xəzər hövzəsinə külli miqdarda investisiya yatırması Azərbaycana ən müasir innovasiya və informasiya texnologiyalarını gətirməklə yanaşı, demokratik proseslərin, hüquqi-siyasi islahatların sürətlənməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına, habelə Avropanın nüfuzlu beynəlxalq təşkilatları ilə əməkdaşlıq xəttinin güclənməsinə ciddi təkan verdi.
“Azərbaycan gəncliyinin ən böyük xilaskarı Heydər Əliyev heç zaman unudulmayacaq”
1995-ci ilin mart ayında o böyük qəlbli dahi insanın gənclərlə yaddaşlarda daim qalacaq ilk görüşü oldu. Bu görüşdə Ümummilli lider hər zaman Azərbaycan gənclərinin yanında olacağını, onların dəyərli vətəndaş kimi yetişməsi üçün əlindən gələni edəcəyini bildirdi. 1996-cı ilin fevral ayının 2-də Ümummilli liderin təşəbbüsü ilə Azərbaycan gənclərinin ilk forumu keçirildi. Forumda Azərbaycanda həyata keçirilməsi nəzərdə tutulan genişmiqyaslı gənclər siyasətinin dəqiq konturlarının müəyyənləşdirilməsi gənclərdə sabaha böyük ümidlər yaratdı, hər bir gənc Ümummilli lider Heydər Əliyevin simasında etibarlı himayədarının olduğunu dərk etdi. Belə ki, Azərbaycanın müxtəlif bölgələrindən olan 2 minədək gəncin iştirakı ilə keçirilən forumda hər şeydən öncə Vətənini sevən, milli dəyərləri və dövlətçilik prinsiplərini hər şeydən uca tutan, yüksək bilik və bacarıqlara malik gənc nəslin yetişdirilməsi ilə bağlı ayrı-ayrı dövlət orqanlarının üzərlərinə düşən vəzifələr və məsuliyyət müəyyənləşdirildi. 1997-ci ildə Ulu öndər fevralın 2-nin Azərbaycan Gəncləri günü elan edilməsi ilə bağlı Fərman imzaladı. Bununla da Azərbaycanda uğurlu gənclər siyasətinin əsası qoyuldu.
"Heydər Əliyev öz xalqının gələcəyi naminə secimində
yanılmadı"
Heydər Əliyevin öz xalqı qarşısında ən böyük xidmətlərindən biri də müəyyənləşdirdiyi inkişaf kursunu özündən sonra davam etdirə biləcək siyasi varis yetişdirməsidir. O, 2003-cü ilin oktyabrında xalqa ünvanladığı tarixi müraciətində demişdir: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”. Bu gün qürur hissi ilə qeyd edirik ki, cənab Prezident İlham Əliyev ona olan bu ümidləri layiqincə doğruldur və Heydər Əliyev siyasətini yeni məzmun və keyfiyyətdə uğurla davam etdirir. Son 18 ildə cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün sahələrdə yüksək inkişafa nail olub, qüdrətli ölkəyə çevrilib. Ölkə başçısı İlham Əliyev fəxrlə qeyd edib ki, mən hər zaman çalışmışam ki, atamın yoluna sadiq olum. “2003-cü ildə ilk dəfə Azərbaycan xalqı mənə etimad göstərəndə seçkilərdən əvvəl mən demişdim ki, əgər siz mənə bu inamı, etimadı göstərsəniz, mən Heydər Əliyev siyasətinə sadiq olacağam, bütün istiqamətlər üzrə onun yolu ilə gedəcəyəm. Şadam ki, sözümə sadiq oldum, sözümü tutdum. Son 18 ildə ölkəmizin vahid bir siyasi xətt üzrə irəliyə aparılması, inkişaf istiqamətlərinin bir-biri ilə sıx bağlı olması və digər amillər Azərbaycanın dünyada yeri və rolunu müəyyənləşdirib. Azərbaycan dünya miqyasında yüksək inkişaf yoluna çıxmış ölkə, beynəlxalq münasibətlərdə güclü və etibarlı tərəfdaş imici qazanmışdır. Artıq Qərb siyasi dairələri də etiraf edirlər ki, Azərbaycanın iştirakı və razılığı olmadan regionda irimiqyaslı layihələr həyata keçirmək mümkün deyil. Təsadüfi deyil ki, cənab İlham Əliyev beynəlxalq aləmdə regional lider kimi tanınır və qəbul edilir.
Son 18 ildə bütün sahələrlə yanaşı, güclü ordu quruculuğuna xüsusi diqqət göstərilib. Cənab Prezidentimiz İlham Əliyev ordu quruculuğunu həmişə ən prioritet məsələ kimi elan edərək ordumuzun gücləndirilməsi, ən müasir silahlarla təchiz olunmasını ön planda saxlayırdı. Ölkə başçısı öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bu gün Azərbaycan Ordusu öz təchizatı baxımından dünyanın ən güclü orduları sırasındadır və ölkənin qarşısında duran bütün məsələləri həll etməyə qadirdir. Ordu quruculuğu haqqında cənab Prezident deyib: - Ordu quruculuğu 18 il ərzində mənim işimin əsas hissəsi olub. Biz həmişə ordumuzun necə gücləndirilməsi haqda düşünmüşük. Ən müasir silahlar almaq üçün təkcə maddi vəsait kifayət etmir, eyni zamanda, diplomatik, siyasi səylər göstərilməlidir ki, biz buna nail olduq. Mənim təşəbbüsümlə müdafiə sənayesi yaradıldı və bu gün biz ordumuzun tələbatını böyük dərəcədə daxili istehsal hesabına təmin edirik. Bu gün öz təchizatına görə hərbi bazalarımız ən yüksək standartlara cavab verir və Vətən müharibəsindəki şanlı qələbəmiz bunu bütün dünyaya göstərdi.
Bu gün xalqımız özünün şanlı tarixi günlərini yaşayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə erməni işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə qalxan Azərbaycan dövləti özünün güclü, qüdrətli ordusu ilə sentyabr ayının 27-də düşmənə qarşı əks-hücum əməliyyatına başladı, 30 ilə yaxın bir müddətdə ermənilər tərəfindən zəbt olunmuş ərazilərimizi cəmi 44 gün ərzində azad etdi. Əldə etdiyimiz bu tarixi qələbə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və yenilməz, rəşadətli Azərbaycan Ordusunun şücaəti və qəhrəmanlığı, öz doğma Vətəninə olan sevgisi sayəsində mümkün oldu. 44 gün davam edən Vətən müharibəsində müasir hərb tariximizin ən şanlı qələbəsini qazandıq və demək olar ki, XX əsrin yeni müharibə modelini dünyaya təqdim etdik. Azərbaycan xalqına bu qələbə sevincini bəxş edən Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə, bu günləri bizə və bu tarixi qanı, canı ilə yazan şəhidlərimizə və qazilərimizə borcluyuq. Möhkəm xalq-iqtidar birliyi Azərbaycana son yüzilliklər ərzində əldə etmədiyi qələbə sevincini yaşatdı və 30 ilə yaxın işğalda olan ərazilərimizi, torpaqlarımızı əsl sahibinə--xalqımıza qaytardı. Bununla da Ali Baş Komandan İlham Əliyev öz adını nəinki Azərbaycan tarixinə, həm də dünya hərb tarixinə qızıl hərflərlə yazdı. Xalqımızın 30 illik torpaq həsrətinə nəhayət son qoyuldu. Bununla da Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında aparılan haqlı mübarizəmiz Şuşanın işğaldan azad olunması ilə bitdi.
...
Bu gün Azərbaycan özünün hər bir sahədə dinamik və titanik inkişaf dövrünü yaşayır. Çünki cənab prezident İlham Əliyev Ulu öndər Heydər Əliyev siyasi kursunu uğurla davam etdirir. Əsrlər keçəcək, illər bir-birini əvəz edəcək, nəsillər dəyişəcək amma Heydər Əliyevin milli müstəqillik, azərbaycançılıq ideyaları heç zaman yox olmayacaq. Nə qədər ki, müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var Heydər Əliyev ürəklərdə yaşayacaqdır.
Ulu öndərin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” sözləri artıq hər bir azərbaycanlının milli mənlik şüurunun zirvəsinə çevrilib.