Azərbaycan qardaş ölkə olan Türkiyə ilə siyasi sahədə olduğu kimi iqtisadi sahədə də əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.
Müstəqil və suveren Azərbaycan dövləti qardaş Türkiyə ilə bərabər postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2021‒2030-cu illəri əhatə edən strateji mərhələyə daxil olub. Bu, çox sevindirici hadisədir.
Artıq ilyarımdır Zəfərin sevincini dost, qardaş ölkə ilə birgə yaşayırıq. Otuz il dağıdılıb məhv edilən ərazilərdə şanlı Zəfərimizdən sonra başlanan quruculuq və bərpa işlərinə daim ölkəmizlə çiyin-çiyinə olan qardaş Türkiyənin dəstəyi böyükdür.
Bu fikirləri
Azadmedia.az-a açıqlamasında 70 saylı Masallı Şəhər Seçki Dairəsinin deputatı Məşhur Məmmədov bildirib.
Millət vəkilinin fikrincə Postmünaqişə dövrünün mühüm reallıqlarından biri Azərbaycan-Türkiyə müttəfiqliyinin rəsmi sənəddə öz təsdiqini tapması oldu.
Vətən müharibəsinin baş verdiyi andan Azərbaycanın yanında olan, “Azərbaycan tək deyil” mesajını dünyaya ünvanlayan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türk xalqının dəstəyi ölkəmizə güc verdi, daha böyük ruh yüksəkliyi ilə irəliyə doğru addımlamağımızı şərtləndirdi. Dövlət başçısı İlham Əliyevin mayın 14-də Türkiyəyə işgüzar səfəri çərçivəsində türkiyəli həmkarı ilə birlikdə Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bu birliyin, həmrəyliyin növbəti nümunəsidir. Açılış zamanı dövlət başçısı cənab İlham Əliyevin “Biz hər zaman bir yerdəyik” çağırışı dünyaya ünvanlanan növbəti mesaj oldu.
Prezident İlham Əliyevin Rize-Artvin Hava Limanının açılışında iştirak etmək üçün qardaş ölkəyə dəvət olunması bu birliyin sarsılmazlığını bir daha dünyaya bəyan etdi.
Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində səsləndirdiyi “İkinci Qarabağ savaşı bizim müştərək, ortaq şanlı tariximizdir. Otuz illik işğala son qoyduq və savaşın ilk günündə hörmətli Prezident, qardaşım Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməsi bir çoxları üçün ciddi mesaj oldu. Savaşın son dəqiqəsinə qədər – Şuşa şəhərində bayrağımız ucalana qədər Türkiyə bizim arxamızda idi, bizə arxa idi, dayaq idi və Azərbaycan xalqı heç vaxt bu qardaşlığı unutmayacaq” fikirləri dünənə baxış və qarşıdakı dövrün hədəflərinin təqdimatı kimi dəyərləndirilir.
Sonda M.Məmmədov bildirdi ki, Azərbaycan-Türkiyə münasibətləri çoxşaxəli və genişmiqyaslıdır. Azərbaycan-Türkiyə münasibətləri sarsılmaz qardaşlığa, dostluğa və strateji müttəfiqliyə əsaslanır. Postmünaqişə dövrünün reallıqları fonunda gerçəkliyə çevriləcək layihələr bu münasibətləri daha yüksək zirvələrə qaldıracaq.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.