“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iki qardaş ölkə arasında yeni müqavilələrin imzalanacağını bəyan edib”.
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olan deputat Vüqar Bayramov yazıb.
Millət vəkili bildirib ki, Müttəfiqlik Münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanmasından sonra Azərbaycan və Türkiyə arasındakı strateji əməkdaşlığın yeni mərhələyə qədəm qoyacağı gözlənilir:
“Əslində, Şuşa Bəyannaməsində əməkdaşlığın yeni istiqamətləri təsbit olunub. Vacib istiqamətlərdən biri məhz bəyannamədə nəzərdə tutulduğu kimi, malların sərbəst hərəkətinin təşkili mexanizmlərinin yaradılması istiqamətində zəruri tədbirlərin həyata keçirilməsidir. Bu il martın 1-dən qüvvəyə minən Azərbaycan ilə Türkiyə arasında Preferensial Ticarət Sazişi artıq 15 mal qrupu üzrə qarşılıqlı güzəştlərin tətbiq olunmasını əhatə edir. Bu sahədəki anlaşmaların əsas məqsədi iki ölkə arasındakı ticarət dövriyyəsini hədəflənən həcmə çatdırmaqdan ibarətdir.
Bəyannamənin imzalanmasından sonra bu sahədə yeni addımların atılacağı gözləniləndir. Nəticədə iki qardaş ölkə arasında ticarət dövriyyəsinin artacağı hədəflənir”.
Beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialının daha da inkişafı, Azərbaycan və Türkiyəni birləşdirən Zəngəzur dəhlizinin açılması, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpası, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafının təşviq edilməsinin bəyannamədə nəzərdə tutulduğunu deyən Vüqar Bayramov vurğulayıb ki, müvafiq sahələrdə də əməkdaşlıq güclənəcək:
“Türkiyə və Azərbaycan beynəlxalq yükdaşımalar üzrə siyasətlərini əlaqələndirmək üçün xeyli müddətdir ki, birgə fəaliyyət həyata keçirir. Dəhliz Şərq-Qərb nəqliyyat dəhlizinə inteqrasiya olunacağından bu, hər iki ölkə üzərindən daşınan yüklərin həcminin artmasına səbəb olacaq. Bütövlükdə, iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın dərinləşməsi və Şuşa Bəyannaməsinə uyğun olaraq yeni anlaşmaların olacağı gözlənilir”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.