AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazir müavini Sevda Məmmədəliyeva Gürcüstana səfər edib - FOTO

  • + A
  • - A
  • 6-06-2022, 18:45

    Nazir müavini Sevda Məmmədəliyeva Gürcüstana səfər edib - FOTO

    Azadmedia.az - Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərlik etdiyi nümayəndə heyəti 3-5 iyun tarixlərində Gürcüstanda səfərdə olub.

    Səfərin ilk günü nümayəndə heyəti Tbilisinin mərkəzində Heydər Əliyev Parkında Ulu öndərin abidəsini ziyarət edib, büstün önünə gül dəstələri düzərək ümummilli liderin xatirəsini ehtiramla yad ediblər.

    Səfər çərçivəsində nümayəndə heyəti Tbilisi Dövlət İncəsənət Akademiyasında (TDİA) keçirilən dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə həsr edilən tədbirdə iştirak edib. Tədbirdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Gürcüstanın tanınmış mədəniyyət və incəsənət xadimləri də iştirak ediblər.

    Öncə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin ölməz əsərlərinə həsr olunan miniatürlərdən ibarət sərgiyə baxış keçirilib. Tədbir çərçivəsində maraqlı konsert proqramı da təşkil olunub.

    Tədbirdə çıxış edən akademiyanın rektoru Giorgi Ququşvili deyib ki, Nizami Gəncəvi bütün dünyada olduğu kimi, Gürcüstanda da dahi şəxsiyyət kimi tanınır. Onun sözlərinə görə, Gürcüstan və Azərbaycan arasında mədəni əlaqələrin böyük tarixi var və bu gün iki ölkəni bütün sahələr üzrə sıx əməkdaşlıq birləşdirir.

    Daha sonra çıxış edən F.Quliyev TDİA-nın 100 illiyinin qeyd edildiyi dövrdə Azərbaycanın dahi mütəfəkkirinin 880 illik yubileyinə həsr olunan tədbirə ev sahibliyi etməsini əlamətdar hadisə adlandırıb. O, ötən il Azərbaycanda Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə "Nizami Gəncəvi ili"nin elan olunduğunu xatırladıb. F.Quliyev qeyd edib ki, il başa çatsa da, dahi şairin zəngin yaradıcılığı hər il Azərbaycanla yanaşı, ölkə hüdudlarından kənarda da təbliğ olunur. O bildirib ki, N.Gəncəviyə Gürcüstanda böyük hörmət bəslənilir, onun bir sıra əsərləri gürcü dilinə tərcümə edilib. Azərbaycan və Gürcüstanın iki böyük ədibi - Nizami Gəncəvi və Şota Rustaveliyə həsr olunan elmi-praktik konfransın keçirilməsi nəzərdə tutulub.

    S.Məmmədəliyeva çıxış edərək Azərbaycan və Gürcüstan arasında münasibətlər qədim tarixi köklərə malik olduğunu, iki xalqın tarixən mehriban qonşuluq və qardaşlıq şəraitində yaşadığı vurğulayıb. O qeyd edib ki, bu gün qarşılıqlı əlaqələr hər iki ölkə rəhbərinin diqqət və himayəsi sayəsində inkişaf edir. Nazir müavini tədbirin Azərbaycanla Gürcüstan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünə həsr olunduğunu qeyd edib. S.Məmmədəliyeva qeyd edib ki, N.Gəncəvi dünya ədəbiyyatında dərin iz buraxmış dahi şəxsiyyətdir, dünya mədəniyyəti xəzinəsinə misilsiz incilər bəxş edib. Dahi Nizaminin poeziya ənənələrini bir çox ölkələrin şairləri uğurla davam etdirib, böyük gürcü ədib Şota Rustaveli də onun yaradıcılığından bəhrələnib.

    Sonda tanınmış gürcü aktyor və müğənni Vaxtanq Kikabidze, Gürcüstan Milli Muzeyinin baş direktoru David Lordkipanidze, keçmiş mədəniyyət naziri Valeri Asetiani də daxil olmaqla Gürüstanın bir qrup mədəniyyət xadiminə "Nizami Gəncəvi-880" xatirə nişanı təqdim olunub. V.Kikabidze və digər mükafatçılar Azərbaycan tərəfindən verilən yüksək dəyərdən şərəf duyduqlarını bildirərək Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və ölkəmizin Gürcüstandakı səfirliyinə təşəkkürlərini bildiriblər.Eyni zamanda, nazir müavininin Gürcüstan səfəri çərçivəsində Tbilisi İncəsənət Sərgisi (Tbilisi Art Fair - TAF), Tbilisi İncəsənət Sarayı - Gürcüstan Mədəniyyət Tarixi Muzeyi və Gürcüstan Milli Muzeyinin rəhbərliyi ilə görüşlər keçirilib və mədəni əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə olunub.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR