Masallıda “Qurtuluş” yürüşü
Azadmedia.az - 11 iyun 2022-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyasının Masallı Rayon Təşkilatının, Masallı rayon Gənclər və İdman İdarəsinin, “Masallı Gənclər evi” SXM-nin, Azərbaycan Atletika Federasiyasının və Bakı Marafon klubunun birgə təşkilatçılığı ilə 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Qurtuluş” yürüşü keçirilib.
Yürüş başlamazdan əvvəl Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, gənclər təşkilatlarının rəhbərləri və qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsini və Qəhrəmanlar Parkı Şəhidlər Abidə Kompleksini ziyarət ediblər.
Daha sonra Masallı rayon İcra Hakimiyyətinin qarşısında Milli Qurtuluş Gününə həsr olunmuş “fləşmob” keçirilib.
“Qurtuluş” yürüşünün rəsmi hissəsində Şahin Məmmədov qeyd edib ki, Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan bir insan - Ümummilli Lider Heydər Əliyevdir.
Tədbirdə çıxış edən Bakı Marafon klubunun məşhur üzvü Elşən Quliyev daha əvvəl keçirdiyi müxtəlif xəstəliklərə idmanla qalib gəldiyini, idmanın insan həyatındakı mühim rolundan bəhs edib.
Rəsmi hissədə Bakı Marafon klubunun nişan-diplomu Masallı RİH başçısı Ş. Məmmədova təqdim olunub.
Maraqlı və şən, gözəl əhval-ruhiyyə ilə başlanan «Qurtuluş» yürüşündə Masallının məşhur «Halay» folklor ansamblı tamaşaçılar və qonaqlar qarşısında gözəl musiqi sədaları altında rəqs edib.
Daha sonra yürüşdə iştirak etmək istəyən sakinlər və şəhərimizin qonaqları Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı Qəhrəmanlar parkından start götürərək İntiqam Əsgərli küçəsi, Bakı və Heydər Əliyev prospektləri, Dadva və Qarabağ küçələri marşrutu üzrə yürüşə başlamış və axırda təyin olunan start xəttinə yaxınlaşıblar.
Tədbirin sonunda Gənclər və İdman İdarəsi tərəfindən yürüşdə fərqlənən iştirakçılara “Təşəkkürnamə” təqdim edilib.
Ülkər Piriyeva