AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Psixoloq Nəhayət Şirinova: “Ailədaxili problemlər, təhsildəki sərt hallar, gənclərdəki özgüvən hissinin azlığı intihara yol açan əsas faktorlardır” - REPORTAJ

  • + A
  • - A
  • 17-06-2022, 11:53

    Psixoloq Nəhayət Şirinova: “Ailədaxili problemlər, təhsildəki sərt hallar, gənclərdəki özgüvən hissinin azlığı intihara yol açan əsas faktorlardır” - REPORTAJ
    Nəhayət Şirinova
    İctimaiyyətçi, psixoloq,
    ADPU Quba filialının əməkdaşı



    İntihar hissi və bu bu hisslərdən doğan intihar hadisələri çox vaxt tənhalıq, insanın özünü cəmiyyətdən təcrid olunmuş hiss etməsinin nəticəsi olur. Odur ki, intihar barədə yaranan fikirlərin dağıdılmasında insanlar bir-birinə kömək edə bilərlər. Onu da nəzərə alaq ki, insanların intihar etmə səbəbi hər bir insanda fərqli və fərdidir, ona görə də hamını bir tərəziyə qoyaraq hamı məhz bu səbəblə intihar edir kimi düşünmək də yalnışdır. Ancaq yaxın zamana nəzər salsaq, aylar öncə dünya ölkələri ilə bərabər ölkəmizdə də karantin rejimi vardı. Bununla əlaqədar bir çox insan işini itirdi, iş rejimi dəyişdi, ya da evdən işə başladı. Uşaqların təlim fəaliyyətində ciddi dəyişikliklər  oldu ki, bu da uşaqlarda kompyuter və telefondan asılılıq, valideynlə münasibətdə problemlər yaratdı. Yəni, bu vəziyyət cəmiyyətin əsas dəyərləri olan əmək və təlim fəaliyyətlərində ciddi dəyişikliklər yaratdı. Bu da insanların çaşqınlıq və xaosa düşmələrinə, nəticədə insanların ruhi vəziyyətində mənfi istiqamətdə dəyişikliklərə və gərginliyə səbəb oldu. Bu və bunun kimi intihara səbəb olan halları araşdırmaq və çıxış yolu axtarmaq üçün Azadmedia.az olaraq Psixoloqlara üz tutduq.


    “Ailədaxili problemlər, təhsildəki sərt hallar, gənclərdəki özgüvən hissinin azlığı intihara yol açan əsas faktorlardır!”
    Bu fikirləri Azadmedia.az-a açıqlamasında Psixoloq Nəhayət Şirinova bildirib.

    “İntihar! - Olduqca həssas və gündəmi demək olar ki zəbt edən bir məsələdir. Nə acı ki, hər keçən zaman biraz daha da artan və çoxalan intihar meylləri..
    Çox ağırdır bu mövzuda danışmaq, müzakirə etmək və səbəbləri araşdırmaq. Ağır olduğu qədəri ilə də müzakirəsi vacib bir hadisədir.

    Qeyd edim ki, ölkəmizdə intiharlarla bağlı rəsmi statistika yoxdur. Biz qeyri-rəsmi statistikaya əsaslanır və yaxud araşdırmalara istinad edərək cəmiyyətimizdəki intihar halları barədə qeydlər apara bilirik.
    Belə qeyri-rəsmi araşdırmalara əsasən deyə bilərik ki, son dörd ildə intihar nəticəsində 1100-ə qədər insan həyatına son qoyub.
    Əlbəttə, kifayət qədər böyük bir say ölçüsüdür. Son intihar göstəricilərinə baxsaq görərik ki, intiharların 40 faizi yeniyetmələr arasında baş verib.
    Müşahidə edirik ki, intihar halları xüsusilə gənclər - abituriyentlər və şagirdlər arasında üstünlük təşkil edir.

    Nədir səbəb? Niyə bu hallar baş verir? Niyə cəmiyyət olaraq buna konkret yox deyə bilmirik? Hardadır boşluqlarımız?

    Əslində səbəb olaraq bir çox hal göstərə bilərik, amma intihara meyl edənlərin daha çox hansı sferaya uyğun insanlar olduğunu görərkən fikirlərimiz bir məcraya yönələ bilir.

    Fikrimcə, bu məsələni ümumilikdə təhsil ekspertləri və təhsilimizə xidmət edən insanlarla daha çox müzakirə etməliyik.

    Sözsüz ki, mükəmməl təhsil inkişafın təməlidir. Amma bəzən sərtləşmələr, imtahan prosesinin sərtliyi, sualların ağırlığı gənclərimizin zəif hisslərinin ön plana çıxmasına və müəyyən qorxulara qalib gələ bilməyərək intihara meyl etmələrinə səbəb ola bilir.


    Səbəblərdən digəri isə ailə faktorudur. Ailədə övladına müsbət dəstəyin olmaması, stimul verici söhbətlərin aparılmaması, qorxu, bəzən psixoloji şiddət (imtahandan keçməsən evə gəlmə) kimi ifadələr sagirdlərdə və abituriyentlərə özgüvən hissini sıfıra endirir. Bu kimi hallar yolverilməzdir. Valideyn hər nə olur olsun övladının yanında olmalı, ona psixoloji dəstək göstərməlidir. İmtahandan keçməmək, kəsilmək həyatın sonu demək deyil. Növbəti cəhddə bir addım deməkdir.

    Daha bir nüans isə ailə daxili problemlərdir ki, onlar da intihara gədər gətirib çıxara bilir.

    Valideyn bilməlidir ki, ailədaxili münaqişələr övladın gözü qarşısında həll olunmalı deyil. Bu yöndə cəmiyyətimizdə ailələrin maarifləndirilməsinə hələ də, çox böyük ehtiyac var.


    Bunlarla da bitmir, eyni zamanda, gözə görünməyən, sezilməyən, bizə qaranlıq qalan bir çox məqamlar.. O, məqamlar ki, hələ həyata yeni atılmış, bəlkə də cəmiyyətin möhkəm sütunlarından ola biləcək fərdləri qurban edir və həyatla vidalaşdırır.

    Bu baxımdan ailələrimiz cəmiyyət üçün yetişdirdiyimiz övladlarımıza əsas faktor kimi özgüvən, özünə inam, cəhd etmək, usanmamaq, mübariz olmaq kimi amilləri daha çox aşılamalı və özününkiləşdirməlidir. Bu bizim mənəvi borcumuzdur.

    Unutmayın ki, bizim övladlarımız arzuladığımız kimi deyil, yetişdirdiyimiz kimi cəmiyyətə təqdim olunur.
    Bu gün düşünürəm ki, hamı həyəcan təbili çalmalıdır.”


    Mən də, Azadmedia.az vasitəsilə fürsətdən istifadə edib gənclərimizə səslənirəm!

    Əzizlərim, heç nəyə və heç kimə görə dəymir ki, canımıza qəsd edək, intihara meyllənək, pis vərdişlərə aludə olaq.

    Əziz Azərbaycan gəncliyi!
    Siz güclü, özgüvənli, layiqli, bacarıqlı obraz olaraq hər kəsi heyran qoymalısınız, siz güclü, qalib ölkənin azad, sərbəst, yaradıcı gənclərisiniz!

    Gələcəyimiz sizə əmanətdir, sizinlə birgə çiçəklənən gələcəyə yol alacağıq. Sizə güvənir, etibar edir və inanırıq!




    Reportajı hazırladı: Ülkər Piriyeva


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR