Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq”
Şahbazova Məhbubə Mursəl qızı,
Masallı, Bədəlan kənd tam orta məktəbinin təlim-tərbiyə işləri üzrə direktor müavini
Prezident İlham Əliyev iyunun 26-da Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxış etmişdir. “İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Bu gün mən bu su zavodunun təməlini qoydum.” Prezident İlham Əliyev bildirib ki, vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək: “Eyni zamanda, arxada gördüyünüz İstisu sanatoriyasının dağıntılarıdır. Keçən il burada bu dağıntılarla tanış oldum və göstəriş verdim ki, bu yerdə - İstisu qəsəbəsində yeni mehmanxana inşa edilsin və müalicə mərkəzi yaradılsın. Çünki vaxtılə sovet dövründə minlərlə insan gəlib burada dincəlib, öz sağlamlığını bərpa edib, bu gözəl təbiətdən zövq alıb.
Bu dağıntılar erməni faşizminin təzahürüdür. Onlar binalarımızı, məscidlərimizi, məktəblərimizi, şəhər və kəndlərimizi dağıdıblar. Bu sanatoriyanı da dağıdıblar. Amma bir müddətdən sonra burada yeni gözəl mehmanxana və müalicə mərkəzi yaradılacaq. Mən hesab edirəm ki, bu, çox vacibdir. Çünki İstisu sanatoriyası və İstisu suyu bu bölgənin rəmzi, Kəlbəcərin təbii sərvəti idi. Bu gün biz - bu torpaqların sahibləri vaxtılə əlimizdən alınmış bütün sərvətləri özümüzə qaytarmışıq. Bütün şəhər və kəndlərimizi yenidən, sıfırdan bərpa edirik və edəcəyik, o cümlədən Kəlbəcər rayonunda, Laçın rayonunda böyük quruculuq işləri gedir”. Azərbaycanda mineral suların ümumi ehtiyatının 33 faizi Kəlbəcər və Laçın rayonlarında yerləşir. Bu rayonlarda suların gündəlik istismar ehtiyatı 7393 kubmetr təşkil edir ki, bunun da 42 faizi Laçının, 58 faizi isə Kəlbəcərin payına düşür. Kəlbəcər rayonunda həmçinin “İstisu” sanatoriyasının təməlqoyma mərasimində Prezidentə məlumat verilmişdir ki, 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi gündəlik 300 nəfər qəbul etmək imkanına malik olacaq. Kompleksdə sağlamlıq-bərpa mərkəzi ilə yanaşı, 10 kottecin tikilməsi də planlaşdırılır. Kəlbəcərin İstisu kəndinin məşhur mineral suyu olan "İstisu" bulağı ətrafında 1928-ci ildə eyniadlı sanatoriya yaradılıb. İşğal dövründə yararsız hala salınan sanatoriya yeni simada tam bərpa olunacaq və əvvəlki şöhrəti qaytarılacaq- fikirləri Prezidentin nəzərinə çatdırılıb. "Bu gün Kəlbəcər şəhərinin Baş planı mənə təqdim edildi. Kəlbəcərin özünəməxsus füsunkar təbiəti var. Kəlbəcər şəhərinin Baş planının təsdiq olunması əlbəttə ki, bu təbii gözəlliyi ehtiva edir"-Prezident bu barədə Kəlbəcər rayonunda “İstisu” sanatoriyasının təməlqoyma mərasimində çıxışı zamanı bildirib. “Artıq ilin sonuna qədər müfəssəl layihələndirmə gedəcək və ondan sonra yaşayış binaları, məktəb, xəstəxana inşa ediləcəkdir. Hərbi hissələr, ictimai yerlər artıq fəaliyyət göstərir. Göstəriş vermişəm ki, Kəlbəcərdə mütləq aşıq mərkəzi və lazım olan digər tikililər inşa edilsin.
Bu, ancaq Kəlbəcər şəhərinin Baş planıdır. Kəlbəcər rayonunun inkişafı ilə bağlı isə bizdə konsepsiya artıq hazırdır. Kəndlərin yenidən qurulması konsepsiyamız hazırdır və biz bunu icra edəcəyik”, - deyə dövlət başçısı vurğulayıb.
2024-cü ildə Laçın rayonunda beynəlxalq hava limanının açılacağına ümidvar olduğunu bildirən Azərbaycan Prezidenti deyib ki, ondan sonra gediş-gəliş daha rahat olacaq.
“Əminəm ki, bu bölgə turizm zonası olacaq. Çünki burada olan təbii gözəllik heç bir yerdə yoxdur”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.