Azadmedia.az - “Diplomatic World” (“Diplomatiya aləmi”) jurnalında Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ilə müsahibə dərc edilib.
Müxtəlif mövzulara dair sualları cavablandıran nazir mədəni irsin qorunması ilə bağlı qeyd edib ki, tarix və mədəniyyət abidələri xalqın milli sərvətidir və nazirlik bu sahəyə böyük həssaslıqla yanaşır.
Prezident İlham Əliyev tərəfindən 2008-ci ildə irəli sürülən mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi” təşəbbüsü haqqında danışan Anar Kərimov bu təşəbbüs çərçivəsində Azərbaycanın beynəlxalq miqyasda mədəniyyətlər və dinlərarası dialoqa töhfələr verdiyini diqqətə çatdırıb.
Mədəniyyət Nazirliyi tərəfindən ötən il bəyan edilən "Mədəniyyət naminə sülh" (Peace for Culture) qlobal çağırışı haqqında məlumat verən nazir qeyd edib ki, BMT-nin Sivilizasiyalar Alyansı və İCESCO tərəfindən dəstəklənən bu layihənin əsas məqsədi mədəniyyətin qorunması üçün regionda sülhün bərqərar olunmasıdır.
Anar Kərimov Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının martın 31-də Türkiyənin Bursa şəhərində keçirilən növbədənkənar iclasında Azərbaycanın 270 yaşlı mədəniyyət paytaxtı, muğam-sənət beşiyimiz Şuşa şəhərinin 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi ilə bağlı görülən işlər haqqında bəhs edib. Bildirilib ki, işğaldan azad edilmiş Şuşada və digər ərazilərimizə mədəniyyətin geri qaytarılması istiqamətində Mədəniyyət Nazirliyi tərəfindən müxtəlif layihələr həyata keçirilir. Hazırda Şuşa şəhərinin tarixi görkəminin bərpası, əvvəlki şöhrətinin özünə qaytarılması və ənənəvi dolğun mədəni həyatına qovuşması, eləcə də Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi beynəlxalq aləmdə təbliğini təmin etmək məqsədilə müvafiq işlər aparılmaqdadır.
Qeyd edək ki, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin ingilis dilində çap olunan “Diplomatic World” jurnalı 2002-ci ildən fəaliyyət göstərir. Jurnalda əsasən siyasət, mədəni siyasət, diplomatiya, iqtisadi diplomatiya və beynəlxalq səhiyyə mövzularına yer verilir. Müxtəlif ölkələrdən tanınmış siyasi xadimlərin, dövlət rəsmilərinin müsahibə və məqalələri dərc edilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.