AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İlham Əliyev: “Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək”

  • + A
  • - A
  • 21-09-2022, 10:30

    İlham Əliyev: “Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək”

    Vətən müharibəsinə qədər Qarabağ münaqişəsi bəzi beynəlxalq təşkilatlar və Qərb

    siyasi dairələri tərəfindən məqsədli şəkildə “dondurulmuş” hala gətirilmişdi və uzun müddət elə belə də saxlanılırdı. Əslində, məqsəd də elə bu idi. Yəni, düşmən işğalçı siyasət yürütməklə, qəsbkarlığını davam etdirməklə daim demokratiyadan, insan haqlarından dəm vuran havadarlarının dəstəyi ilə 1994-cü ildə yaranmış “status-kvo”nu ATƏT-in Minsk qrupunun nəzarəti altında əbədiləşdirmək istəyirdi. Ermənistan bu cəzasızlıq şəraitində işğal etdiyi əraziləri özünə birləşdirməklə Qarabağ məsələsinə nöqtə qoymağı düşünürdü. Amma Azərbaycan 2020-ci ilin sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin növbəti hücumuna əks-həmlə əməliyyatları ilə cavab verməklə müharibəyə başladı və 44 gün ərzində düşmən ordusunu sıradan çıxartmaqla onu təslim aktını imzalamağa məcbur etdi. Bununla da ölkəmiz acgöz və xain qonşu Ermənistanı cəzalandırmaqla, beynəlxalq qanunlar çərçivəsində 30 il işğal altında saxlanılan ərazilərini azad etdi, tam həcmdə özünün ərazi bütövlüyünü reallaşdırdı, bir milyondan çox məcburi köçkünün öz doğma torpaqlarına qayıdışını şərtləndirdi.
    Vətən müharibəsi bitəndən, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanat imzalanandan sonra Ermənistanın dəstəkçiləri, havadarları tərəfindən işğalçının acı məğlubiyyəti ilə bağlı məyusluqlar ifadə olundu, qərəzli qətnamələr qəbul edildi, Azərbaycana qarşı qarayaxma kampaniyasına başlanıldı. Əslində, bütün bu siyasi oyunlar Qərb siyasi dairələrinin Ermənistanın işğal siyasətini davam etdirməsi, ümumiyyətlə, Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərpa olunmaması istəyindən xəbər verirdi. Ermənistanın havadarları tərəfindən 30 ilə yaxın bir dövrdə bu ölkənin qəsbkar siyasətinə heç bir münasibət bildirilmir, heç bir reaksiya verilmirdi. Azərbaycan isə bu müddətdə Ermənistanın işğal altında saxladığı ərazilərin azad olunması üçün daim diplomatik təmkin göstərir, beynəlxalq təşkilatlar və aparıcı dövlətlərin münaqişəni danışıqlar yolu ilə tənzimləmək çağırışlarına həssaslıqla yanaşırdı. Lakin bunun müqabilində, düşmən ölkəyə ciddi beynəlxalq təzyiqin olmaması vəziyyəti getdikcə gərginləşdirirdi.
    Ermənistan bütün bunlar azmış kimi, Birləşmiş Millətlər Təşkilatının (BMT) hələ 1993-cü ildə qəbul edilən 822, 853, 874, 884 saylı qətnamələrində Azərbaycanın işğal altındakı ərazilərinin qeyd-şərtsiz azad edilməsi tələblərini yerinə yetirmək əvəzinə, yeni torpaqlar ələ keçirməyə cəhd göstərir, bununla bağlı təxribatlar törədirdi. İşğalçı ölkənin keçmiş rəhbərləri, eləcə də, baş nazir Nikol Paşinyan tərəfindən Azərbaycan daim müharibə ilə hədələnirdi. Ermənistana müharibədən əvvəl sülh danışıqlarını bilərəkdən pozduğuna, ölkəmizə qarşı davamlı təxribatlar törətdiyinə, yeni ərazilər qəsb etmək iddiaları səsləndirdiyinə görə vaxtında sanksiyalar tətbiq olunsaydı, Minsk qrupunun həmsədrləri - dünyanın üç aparıcı ölkəsi potensialından yararlanaraq, işğalçını geri çəkilməyə məcbur etsəydi, təbii ki, müharibə də baş verməyəcəkdi. Elə məhz buna görə də savaşa görə məsuliyyət Ermənistanın və onun havadarlarının üzərinə düşdü. Nəticədə, Azərbaycan BMT-nin qətnamələrini beynəlxalq hüququn normaları çərçivəsində özü həyata keçirdi, ədaləti, beynəlxalq hüququn normalarını bərpa etdi.
    Müzəffər Ali Baş Komandan Prezident cənab İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində ölkəmizin beynəlxalq səviyyədə mövqeləri gücləndiyi üçün beynəlxalq ictimaiyyət Azərbaycanın İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquqa uyğun olduğunu anlayışla qəbul etdi. Dövlətimizin başçısı da ayrı-ayrı çıxışlarında Azərbaycanın bu savaşdan qalib kimi ayrılmasını, əslində, sülhə və təhlükəsizliyə töhfə vermək kimi dəyərləndirdi. Rəşadətli Ordumuz 44 günlük savaşla dövlətçiliyimizin ən şərəfli səhifələrini yazdı və əldə etdiyi tarixi zəfərlə Azərbaycan faşist ideologiyasından bəhrələnən Ermənistanın uzun müddətli işğalına son qoydu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan ordusunun məğlubedilməzliyi barədə illərdən bəri formalaşdırılan mifi 44 günə dağıtdı, bütün qüvvələri Azərbaycan xalqının iradəsi ilə hesablaşmağa vadar etdi, Azərbaycanın ərazi bütövlüyünü gerçəkləşdirdi. Sübut edildi ki, Azərbaycanın razılığı olmadan Qarabağla bağlı heç bir qərar verilə bilməz.
    Prezident cənab İlham Əliyev 16 sentyabr tarixində Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışında qeyd etmişdir: “Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll edib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını təmin edib. Azərbaycan öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcək.”
    Bu gün artıq regionda Azərbaycanın maraqlarına cavab verən yeni siyasi reallıq yaranıb. Əzmkarlıqla, şücaətlə döyüşən ordumuzun sayəsində Ermənistan bu gün çox dərin siyasi, iqtisadi, hərbi, demoqrafik böhran günlərini yaşayır. Azərbaycan isə artıq işğaldan azad olunan ərazilərin bərpasını müxtəlif istiqamətlərdə və paralel həyata keçirir.



    Şəms Zeynalzadə,
    Salyan rayon gənci, YAP fəalı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR