Ceyhun Məmmədov,
Millət vəkili Bu gün Bolqarıstan və Azərbaycan iki dost və strateji tərəfdaş ölkələr kimi bir-biri ilə daha sıx əlaqədədirlər. 2015-ci ildə Bolqarıstanla Azərbaycan arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə əməkdaşlığımızın davamlılığını təmin edib. Bəyannamə əlaqələrimizi yüksək səviyyəyə qaldırmışdır və təsbit edilmiş bütün məsələlər həyatda öz əksini tapmışdır.
Prezident İlham Əliyevin Bolqarıstana səfər etməsi, dövlət başçısının yüksək səviyyədə qarşılanması, Azərbaycan haqqında deyilən sözlər bir daha onu göstərir ki, Azərbaycan ilə Bolqarıstan arasındakı əlaqələr yüksəkdir.
Danışıqlar zamanı Bolqarıstan rəsmiləri Azərbaycan ilə əlaqələri yüksək qiymətləndirdi. Bununla yanaşı Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını qeyd etdilər.
Məlum olduğu kimi, Bolqarıstan Azərbaycandan qaz alır. Bu gün Azərbaycanın potensialı və imkanları Bolqarıstan üçün cazibədardır. Bu səbəbdən Bolqarıstan şirkətləri Azərbaycan ilə münasibətlərin qurulmasında, inkişaf etdirilməsində maraqlıdır.
Onu da qeyd etmək lazımdır ki, Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi tarixi əhəmiyyətə malikdir. Bu interkonnektor həm Azərbaycan qazının Avropaya daha geniş miqyasda nəql olunmasına imkan verəcək, eyni zamanda, Avropa qitəsində enerji təhlükəsizliyinə də çox böyük faydası olacaqdır.
Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatları 2,6 trilyon kubmetrdir. Yeni və çoxşaxəli qaz nəqliyyat infrastrukturu ölkəmizə imkan verir ki, bir çox ölkələri təbii qazla təmin edək. Bu sahədə əldə edilmiş uğurlar gələcək planlar üçün gözəl zəmindir.
Onu da qeyd etmək lazımdlr ki, Azərbaycanla Bolqarıstan arasında İqtisadiyyat və sərmayə sahələrində əməkdaşlığın dərinləşməsi üçün çox böyük imkanlar mövcuddur. Bolqarıstan şirkətləri Azərbaycanda daha genişmiqyaslı işlərin görülməsinə dəvət olunacaqdır. İşğaldan azad olunmuş ərazilər əməkdaşlıq üçün yeni imkanlar yaradır.Bir sözlə tam əminliklə söyləyə bilərik ki, Azərbaycan Bolqarıstan əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.