AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ədliyyə Nazirliyində “Heydər Əliyev İli” elan olunması ilə bağlı Kollegiya iclası keçirilib

  • + A
  • - A
  • 7-10-2022, 18:55

    Ədliyyə Nazirliyində “Heydər Əliyev İli” elan olunması ilə bağlı Kollegiya iclası keçirilib

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə dövlət başçısı cənab İlham Əliyevin 29.09.2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunması Ulu Öndərin unudulmaz xatirəsinə dərin ehtiramın ifadəsi olaraq xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətlərinə verilən böyük qiymətin təzahürüdür.
    Oktyabrın 7-də Ədliyyə Nazirliyində bu münasibətlə Kollegiya iclası keçirilib. Tədbirdən öncə nazirliyin rəhbərliyi tərəfindən əbədiyaşar liderin büstü önünə tər çiçəklər qoyulub, əziz xatirəsi ehtiramla yad edilib.
    İclasda ümummilli lider, müasir Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət Heydər Əliyevin müstəsna xidmətlərindən və zəngin irsindən bəhs olunub, ölkə Prezidentinin Sərəncamının və ədliyyə orqanlarında yubiley tədbirlərinin yüksək səviyyədə keçirilməsi ilə bağlı qarşıda duran vəzifələrin icrası müzakirə edilib.
    Çıxış edən ədliyyə naziri Fikrət Məmmədov Ümummilli Liderimizin zəngin həyat yolunun və titanik fəaliyyətinin tükənməz ibrət məktəbi olduğunu vurğulayıb, müasir Azərbaycan tarixinin bütöv bir qərinəsinin Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu qeyd edib.
    Bildirilib ki, Heydər Əliyev Azərbaycana rəhbərliyinin birinci dövründə böyük quruculuq salnaməsi ilə ölkəmizin qabaqcıl müttəfiq respublikalar sırasına çıxmasına, milli oyanışın və özünüdərkin, xalqımızın müstəqillik ideyalarının, azərbaycançılıq məfkurəsinin güclənməsinə, milli, o cümlədən hərbi kadrların yetişməsinə nail olub.
    Azərbaycan xalqının tariximizin məhz Heydər Əliyev dövründə dayanıqlı müstəqil dövlət qura bildiyini deyən nazir Ulu Öndərin hakimiyyətə yenidən qayıdaraq xilaskarlıq missiyası, cəsarəti və sarsılmaz iradəsi, tükənməz idarəçilik təcrübəsi sayəsində müstəqilliyimizi böyük təhlükələrdən qurtararaq dönməz və əbədi etdiyini, ölkədə qanunçuluğu, ictimai-siyasi sabitliyi möhkəmləndirdiyini, demokratik hüquqi dövlət qurduğunu, gələcəyə hesablanmış çoxşaxəli inkişaf strategiyalarının, ordu quruculuğunun təməlini qoyduğunu, hərtərəfli köklü islahatlar həyata keçirdiyini bildirib.
    Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri öz layiqli siyasi varisini – müasir Azərbaycanımızı qüdrətli dövlətə çevirərək, Vətən müharibəsində parlaq qələbəmizlə doğma torpaqlarımızı işğaldan azad etməklə Ulu Öndərin ən ümdə vəsiyyətini şərəflə yerinə yetirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan, dünya şöhrətli siyasətçi cənab İlham Əliyevi ərsəyə gətirməsidir.
    Dahi öndərin irsinin yaşadılmasında və geniş təbliğində mühüm xidmətlər göstərən, respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun ölkəmizin davamlı sosial-iqtisadi tərəqqisinə, azad edilmiş torpaqlarda dövlət başçısının həyata keçirdiyi genişmiqyaslı bərpa-quruculuq işlərinə mühüm töhfələr verdiyi xüsusilə vurğulanıb.
    Kollegiyada Ümummilli Liderin müasir ədliyyə və məhkəmə sisteminin inkişafına qayğısından bəhs olunaraq Heydər Əliyev dühası ilə ölkəmizdə məhkəmə, ədliyyə və digər hüquq mühafizə fəaliyyətinin yenidən qurulduğu bildirilib, bu sahədə islahatların ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dərinləşdirilərək müasir çağırışlara uyğun ardıcıl tədbirlərin həyata keçirildiyi qeyd olunub.
    Xalqımızın milli sərvəti olan Ümummilli Liderin zəngin və çoxşaxəli irsinin indiki və gələcək nəsillərə nümunə olduğu, bu sahədə fundamental tədqiqatlar aparıldığı, çoxcildli kitablar, filmlər ərsəyə gəldiyi diqqətə çatdırılaraq nazirlik tərəfindən Heydər Əliyevin amallarının öyrənilməsinə və təbliğinə hər zaman xüsusi önəm verildiyi, bu müqəddəs mirasın qorunub saxlanılmasının hər bir azərbaycanlının, o cümlədən ədliyyə işçilərinin şərəfli vəzifəsi olduğu bildirilib, demokratik dövlət quruculuğunda, müasir hüquq sistemimizin formalaşmasında Ulu Öndərin müstəsna roluna həsr olunan elmi-praktiki konfranslar və digər tədbirlər keçirildiyi, ədliyyə və məhkəmə sistemində əvəzsiz xidmətlərinin Azərbaycan ədliyyəsinin tarixinə həsr olunmuş kitabda geniş işıqlandırıldığı qeyd edilib.
    Dövlət başçısı tərəfindən 2023-cü ilin “Heydər Əliyev İli” elan olunmasının Heydər Əliyev dühasını, xalqımız və dövlətimiz qarşısındakı xidmətlərini bir daha dərindən təhlil etməyə, dövlətçilik amallarını, yüksək ideyalarını yeni nəsillərə aşılamağa imkan yaratdığı vurğulanaraq ölkə Prezidentinin müstəsna tarixi əhəmiyyətə malik Sərəncamından irəli gələn vəzifələr müəyyən edilib, Ulu Öndərin anadan olmasının 100 illiyi ilə əlaqədar ədliyyə orqanlarında yubiley tədbirlərinin yüksək səviyyədə təşkili məqsədilə ədliyyə nazirinin sədrliyi ilə Təşkilat Komitəsi yaradılıb.
    Ümummilli Liderin yubileyinin ədliyyə orqanlarında və məhkəmələrdə geniş qeyd olunmasına, Heydər Əliyev irsinin öyrənilməsi və təbliğinə, hüquq cəmiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə konfransların, elmi simpoziumların, ictimai müzakirələrin, habelə kütləvi-mədəni, xeyriyyə və digər tədbirlərin təşkilinə, mütəmadi maarifləndirmə işinin aparılmasına və nazirliyin təhsil müəssisələrində xüsusi mövzuların tədrisinə dair konkret tapşırıqlar verilib.
    Kollegiyada həmçinin, ədliyyə fəaliyyətini tənzimləyən bəzi normativ sənədlərin layihəsi təsdiq edilib, bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR