AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

2022-ci il Azərbaycan dövləti və xalqı üçün əlamətdar oldu, uğurlarla yadda qaldı

  • + A
  • - A
  • 23-12-2022, 14:10

    2022-ci il Azərbaycan dövləti və xalqı üçün əlamətdar oldu, uğurlarla yadda qaldı

    Artıq 2022-ci ilin başa çatmasına on gündən də az bir vaxt qalıb. Hər il olduğu kimi, bu il də ölkənin ictimai-siyasi həyatı rəngarəng proseslərlə yadda qaldı. İstər daxili, istərsə də xarici siyasət sahəsində əldə edilən nailiyyətlərlə demək olar ki, Azərbaycan 2022-ci ilə damğasını vurdu. Bəs görəsən, bütün bunlar ümumilikdə 2022-ci ilin Azərbaycan üçün uğurlu olduğunu deməyə əsas verirmi? Elə biz də buna aydınlıq gətirmək üçün Milli Məclisin deputatı, hakim Yeni Azərbaycan Partiyasının üzvü İqbal Məmmədovla söhbətləşdik.

    -İqbal müəllim, başa çatmaqda olan 2022-ci ili necə xarakterizə edərdiniz? Bu ili Azərbaycan üçün uğurlu il hesab etmək olarmı?

    -Əvvəla fürsətdən istifadə edib başda Cənab Prezident İlham Əliyev olmaqla Azərbaycan xalqını 31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm. Hər kəsə 2023-cü ildə yeni-yeni uğur və nailiyyətlər arzulayıram. O ki qaldı sualınıza, əlbəttə, hər il olduğu kimi başa vurmaqda olduğumuz 2022-ci il də Azərbaycan dövləti və xalqı üçün əlamətdar oldu, uğurlarla yadda qaldı. Həm siyasət, həm sosial, həm diplomatiya, həm də hərb cəbhəsində biz bu uğur və nailiyyətləri müşahidə etdik. İlin ilk yadda qalan hadisəsi Cənab Prezident İlham Əliyev tərəfindən 2022-ci ilin "Şuşa İli" elan edilməsi ilə bağlı imzaladığı sərəncam oldu. Dövlət başçısının imzaladığı həmin sərəncama əsasən il ərzində Şuşa ilə bağlı həm ölkə daxilində, həm də Azərbaycandan kənarda bir sıra tədbirlər keçirildi. Eyni zamanda Milli Məclisin bir neçə komitə iclasları da ayrı-ayrı vaxtlarda mədəniyyət paytaxtımız Şuşada reallaşdı. Paralel olaraq Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransının nümayəndələrinin, həmçinin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin dini liderlərinin Şuşaya səfərləri baş tutdu. Hazırda da Şuşa ili çərçivəsində müxtəlif tədbirlər davam edir. Ancaq hesab edirəm ki, "Şuşa İli"nə damğasını vuran hadisə hazırda da Şuşa-Laçın yolunda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələrinin və ekofəalların iştirakı ilə davam edən "Qarabağda ekoloji terrora son!" adlı etiraz aksiyasıdır. Məlumdur ki, Qarabağdakı qeyri-qanuni erməni hərbi birləşmələri Azərbaycana məxsus faydalı yataqlarda qazıntılar apararaq təbii sərvətlərimizi talayırlar. Təəssüf hissi qeyd etmək istərdim ki, bu hal Qarabağa müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının gözü qarşısında baş verir. Baş verən bu vandallıq, təbii sərvətlərimizin talanması, eyni zamanda ekologiyamıza vurulan ciddi ziyan, ekoloji terrorun qarşısının alınması məqsədilə Azərbaycanın hökumət nümayəndələrinin həmin yataqlara gedərək orada monitorinq aparmaq istəyinin qarşısı isə qeyri-qanuni erməni hərbi birləşmələri tərəfindən alınıb. Həmçinin, sülhməramlı kontingent də monitorinqin aparılmasına şərait yaratmayıb. Belə olan halda Azərbaycanın vətəndaş cəmiyyəti nümayəndələri və ekofəalları Şuşa-Laçın yolunda dinc aksiyaya qərar veriblər. Artıq 10 gündən çoxdur ki, dinc aksiya davam edir. Havanın qarlı-şaxtalı, yağışlı olmasına baxmayaraq gənclərimiz, vətəndaş cəmiyyəti nümayəndələri haqlı mübarizəmizi davam etdirir. 44 günlük Vətən müharibəsində olduğu kimi, yenə də Azərbaycan xallqının, bütün dünya azərbaycanlılarının ürəyi Şuşada döyünür. Düzdür, erməni informasiya maşını aksiyanın mahiyyətini tamam başqa formada təqdim etməyə çalışır, guya bununla Xankəndindəki erməniləri blokadaya aldığımızı iddia edirlər. Bu növbəti erməni yalanıdır. Çünki Xankəndi-Laçın yolu Azərbaycan tərəfindən deyil, məhz sülhməramlılar tərəfindən bağlanılıb. Aksiya başlayan ilk gündən rəsmən bəyan edilib ki, Xankəndi-Laçın yolundan mülki şəxslərin keçidi üçün heç bir maneə yoxdur. Hətta ötən 10 gün ərzində ermənilərə məsus bir neçə təcili-tibbi yardım avtomobili, sülhməramlılara məxsus təminat maşınları maneəsiz olaraq yolda hərəkət ediblər. Digər tərəfdən Azərbaycan tərəfi Xankəndi-Laçın yolu ilə ərazilərimizə gələcək milliyətcə erməni olan vətəndaşlarımıza da hər cür şərait yarada biləcəyini, onlar üçün ən yüksək səviyyədə tibb xidməti göstəriləcəyini bəyan edib. Belə olan halda hansı blokadadan və ya yol bağlanmasından söhbət gedə bilər. Bizim problemimiz yalnız Qarabağda ekoloji terror törədənlərlə, kriminal Ruben Vardanyan və onun başının dəstəsi, qeyri-qanuni erməni hərbi birləşmələriylədir. Əslində bu kimi problemləri sülhməramlılar həll etməli olduğu halda, lakin təəssüflər olsun ki, onlar da öz missiyalarını yerinə yetirmək əvəzinə ermənilərin, daha dəqiq desək separatçıların maraqlarına xidmət edirlər.

    -Ancaq bəzi beynəlxalq dairələr əsassız olaraq Azərbaycanı qınayır, yolun açılmasını tələb edirlər.

    -Bir daha vurğulamaq istəyirəm ki, Şuşa-Laçın yolunu ekoloji terrora qarşı dinc etiraz aksiyası keçirən azərbaycanlı vətəndaş cəmiyyəti nümayəndələri və ekofəallar deyil, məhz Rusiya sülhməramlıları bağlayıb. Digər məsələyə gəlincə, bu bir reallıqdır ki, Azərbaycana qarşı bütün dövrlərdə beynəlxalq səviyyədə ikili yanaşma, qərəzli mövqe olub. Necə ki, 30 ilə yaxın işğal dövründə dünya kar və kor olaraq ərazilərimizin işğala məruz qalmasını, bir milyona yaxın soydaşımızıın qaçqın və məcburi köçkünə çevrilməsini, tarixi-mədəni abidələrimiz, təbiətimizin məhv edilməsini görməməzlikdən gəldi, eləcə də indi hazırda eyni yanaşmanı ortaya qoyur. Qlobal istiləşmə, ətraf mühitin qorunması kimi vacib bir elementlər istiqamətində fəaliyyət göstərildiyi halda, ermənilər tərəfindən Azərbaycan ərazilərində ekoloji terrorun həyata keçirilməsini görməməzlikdən gəlirlər. Məsələnin mahiyyəti barədə bilmədən, nədən, nəyin baş verdiyinin fərqinə varmadan erməni informasiya maşını və ermənipərəsət qüvvələrin yalanına ortaq olub Azərbaycanı erməniləri blokadaya almaqda ittiham edirlər. Düşünürəm ki, Azərbaycanı ittiham etmədən öncə məsələnin mahiyyəti barədə məlumatlı olsalar daha yaxşı olar. Bu bir daha dünyanın, beynəlxalq təşkilatların nə dərəcədə ədalətsiz, eyni zamanda qərəzli olduğunu göstərir.

    -İqbal müəllim, 2022-ci il daxili və xarici siyasət sahəsində nələrlə yadda qaldı?

    -Hər bir sahədə olduğu kimi başa vurmaqda olduğumuz 2022-ci il də daxili siyasət sahəsində müsbət dinamika ilə yadda qaldı. Siyasi sahədə zaman-zaman həyata keçirilən islahatlar, ölkənin ictimai-siyasi həyatı üçün vacib olan proseslərdə Azərbaycanın bütün siyasi cameəsinin iştirakı, öz mövqeyini ortaya qoyması, siyasi konfiqurasiyanın getdikcə güclənməsi fonunda bunu aydın görmək mümkündür. Daxili siyasət sahəsində 2022-ci ildə ən yadda qalan hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının yaranmasının 30 illyinin qeyd edilməsi oldu. Azərbaycan Respublikasının Prezidenti, partiyanın sədri Cənab İlham Əliyevin iştirakı ilə YAP-ın yaranmasının 30 illiyi geniş və təntənəli şəkildə qeyd olundu. Yubiley mərasimində geniş və əhatəli, məzmunlu, proqram xarakterli çıxış edən dövlət başçısı, partiya sədrimiz bizlərin qarşısında növbəti illər üçün vəzifələr müəyyənləşdirmiş oldu, yeni dövrdə yeni hədəfləri partiya üzvlərinin diqqətinə çatdırdı. Bir neçə gün əvvəl Cənab Prezidentin imzaladığı sərəncamla ölkənin ictimai-siyasi həyatında fəal rol oynayan partiyadaşlarımın, həmkarlarımın təltif edilməsi də cari ilin siyasi həyatı üçün əlamətdar hadisələrdən sayıla bilər. Fürsətdən istifadə edərək Cənab Prezident tərəfindən təltif edilən həmkarlarımı, partiyadaşlarımını bir daha təbrik edirəm. Hesab edirəm ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsinin üçüncü oxunuşda qəbul edilməsi də yaşadığımız 2022-ci ildə daxili siyasətdə baş verən mühüm hadisələrdəndir. Düşünürəm ki, "Siyasi partiyalar haqqında" yeni qanunun qəbul olunması ölkəmizdə sağlam siyasi mühitin formalaşmasında, yeni cəmiyyət quruculuğu prosesinin sürətləndirilməsində əhəmiyyətli rol oynayacaq. Bu sənəd Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına, dövlətlə siyasi partiyalar arasında səmərəli əməkdaşlığa, siyasi partiyalar arasında qarşılıqlı faydalı dialoqa da öz töhfəsini verəcək.

    Xarici siyasət, diplomatiya sahəsində də 2022-ci il uğurlar ili kimi yadda qalacaq. Həm Rusiya, həm də Brüsselin təşəbbüsü ilə keçirilən üçtərəfli görüşlərdə dövlət başçısının prinsipial mövqeyi ilə əldə edilən diplomatik uğurlar, uzun illərdən sonra Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıyan Almatı sənədini qəbul etdiyini açıqlaması, Ermənistanla sülh müqaviləsinin imzalanması məqsədilə aparılan danışıqlarda rəsmi Bakının diqtə edən tərəf rolunu oynaması deyilənlərin sübutudur. Bunların üzərinə Azərbaycan Prezidentinin müxtəlif ölkələrə səfərləri və əldə edilən razılaşmaları, Rusiya ilə müttəfiqlik haqqında sazişi də əlavə etsək 2022-ci ilin xarici siyasət sahəsində uğurlu olduğunu deyə bilərik.

    -Deyə bilərikmi ki, diplomatiya sahəsində üstünlüyümüz hərbi sahə ilə paralel surətdə getdi

    -Tamamilə doğrudur. Cari ilin mart ayında Fərrux əməliyyatı, sentyabr 12-14 sentyabr tarixlərində növbəti erməni təxribatına qarşı həyata keçirilən uğurlu hərbi əməliyyatlar fonunda bunu görmək mümkündür. Məlum olduğu kimi Fərrux əməliyyatı nəticəsində Azərbaycan Ordusunun bölmələri Xocalı rayonunun Fərrux kəndinə daxil oldu. Beləliklə, Xocalı rayonunun Fərrux kəndi, Fərrux dağı, Daşbaşı yüksəkliyi və Sağsağan dağ silsiləsi işğaldan azad edildi. Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarıldı. Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olundu. Həm sözügedən iki uğurlu hərbi əməliyyatlar və düşmənin yenidən "Dəmir yumuruğu" öz başı üzərində hiss etməsi, həm işğaldan azad edilən ərazilərdə aparılan geniş miqyaslı quruculuq-abadlıq işləri, həm də bu məqsədlə qəbul edilən sənədlər, dövlət proqramları Qarabağa Böyük Qayıdışın tezliklə reallaşacağını söyləməyə əsas verir. Elə 2022-ci il noyabrın 16-da Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" Sərəncamı da məhz bu məqsədə xidmət edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR