Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə yerli media nümayəndələrinin sualını cavablandırıb.
Sual: 18 yanvar 2023-cü il tarixində Ermənistan Parlamentində sualları cavablandıran Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan, Ermənistanın 1 aydır ki, Azərbaycandan sülh müqaviləsinə təkliflərlə bağlı cavab gözlədiyini, Azərbaycan tərəfinin isə danışıqları dayandırdığını bildirib. Bu açıqlamaya münasibətinizi öyrənmək istərdik.
Cavab: Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin, o cümlədən sülh müqaviləsinin imzalanmasının təşəbbüskarının Azərbaycan olduğunu nəzərə alaraq, Ermənistan tərəfinin bu cür açıqlamalar verməsi təəccüb doğurur. Sülh sazişi üzrə danışıqların bir qayda olaraq Ermənistan tərəfindən təqdim olunan şəkildə aparılmadığını qarşı tərəfə bir daha xatırlatmaq istərdik.
Məlumdur ki, sülh sazişi üzrə mətn müzakirələr üçün Azərbaycan tərəfindən ötən ilin 2 oktyabr tarixində Cenevrədə təqdim edilib və sənəd üzrə müzakirələr Vaşinqtonda davam etdirilib. Danışıqlar prosesinin davamı olaraq üçüncü görüşün Moskvada 23 dekabr 2022-ci il tarixində keçirilməsinə razılıq verilməsinə baxmayaraq, məhz Ermənistan tərəfi birtərəfli əsasda görüşdə iştirak etməyib, təəssüf ki, bununla danışıqlar prosesini pozub.
Bir daha bəyan edirik ki, Azərbaycan sülh prosesinin 5 baza prinsipi əsasında sülh sazişinin imzalanmasına və sözügedən sazişin mətninin təşəbbüskarı kimi danışıqlar üzrə növbəti görüşün qısa müddət ərzində keçirilməsinə hazırdır.
Azərbaycan tərəfi Ermənistandan sülh prosesinə xələl gətirən təxribatçı açıqlamalar yox, məhz sülh müqaviləsinin mətni üzrə danışıqlar aparmaq məqsədilə növbəti görüşün keçirilməsinə razılıq verməsini gözləyir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.