Azərbaycan Prezidenti İlham Əliyev Qarabağla bağlı doğrudan da hər şeyi əldə etməyi hədəfləyir.
AzadMedia.az axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış rusiyalı ekspert, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı elmi işçisi Sergey Markedonov erməni internet mediasına açıqlamasında deyib.
O bildirib ki, Laçın yolu ilə bağlı məsələyə daha geniş prizmadan baxmaq mümkündür:
"Buna həm İkinci Qarabağ savaşından sonra yaranan yeni status-kvo, eyni zamanda, ötən il baş verənlər kontekstindən baxmaq olar. Rusiya XİN bu məsələyə 10 noyabr 2020-ci il Üçtərəfli bəyanatından yanaşır. Biz görürük ki, Azərbaycan addım-addım qırmızı xəttə yaxınlaşır: Fərrux əməliyyatı, bunun ardınca Laçın yolunun qısa müddətdə hazırlanaraq, Ermənistanla yeganə əlaqə olan yolu öz istədiyi tarixdə dəyişməsi - bilirsiniz ki, bu yol 2023-cü ildə təhvil verilməli idi, ancaq Azərbaycan bunu ötən il etdi, - sonra Ermənistan-Azərbaycan sərhədində baş verənlər... Görürük ki, məsələ Qarabağla məhdudlaşmır. Biz bunu "Qarabağ problemi" adlandırırıq, ancaq bu, daha geniş prosesdir. Məsələ Azərbaycan-Ermənistan sərhədinin delimitasiya və demarkasiyası, eksklavların qaytarılması və sairdir".
Jurnalistin "İlham Əliyev dedi ki, Azərbaycan vətəndaşlığını almayan ermənilər gedə bilər. Bu, ermənisiz Qarabağ demək deyilmi" sualına isə Markedonov bu cür cavab verib:
"Burda fərqli nöqteyi-nəzərlər var. İlham Əliyev demir ki, ermənilər onun xoşuna gəlmir; o, leqal və qeyri-leqal ermənilərdən danışır. O deyir ki, Qarabağda yaşayan ermənilər Azərbaycanın suverenliyini qəbul edirsə, heç bir problem yoxdur; Əliyev bildirir ki, Azərbaycanda öz perspektivini görməyən ermənilər gedə bilərlər.
Bu gün Azərbaycan kompramisə getməyə hazır deyil - necə ki, 2020-ci ilə qədər Ermənistan kompramisə getmirdi. 2020-ci ilə qədər Ermənistan özünü güclü mövqedə hiss edirdi. İndi isə yerlər dəyişib, Azərbaycan hər şeyi götürmək istəyir".
O bildirib ki, Əliyev Azərbaycan cəmiyyətinin istəyini icra edir:
"Hər şeyi" istəyən Azərbaycan cəmiyyətidir. Baxın sosial şəbəkələrə, mediaya, çıxışlara - Azərbaycanda bəzi şəxslər, xaricə gedənlər, ümumilikdə ictimaiyyətdə müəyyən iradlar səsləndirilir, deyirlər ki, Əliyev müharibədə tam qələbəyə qədər getmədi, Rusiyanın sözü ilə oturub-durur və s. Əlbəttə, Əliyev bu kimi iradların doğru olmadığını sübut etmək istəyir. Yəni cəmiyyətin istəyini yerinə yetirir. Əliyev nə deyir? Deyir ki, Ermənistan məğlub olub və məğlublar heç bir şərt diktə edə bilməz. Laçın yolu məsələsi bu düşüncənin tərkib hissəsidir".