AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Quzey Azərbaycanda Milli Azadlıq Hərəkatının Türkçülük və Azərbaycançılıq fəlsəfəsi

  • + A
  • - A
  • 26-01-2023, 16:22

    Quzey Azərbaycanda Milli Azadlıq Hərəkatının Türkçülük və Azərbaycançılıq fəlsəfəsi

    (1901-1920-ci illər)

    2. yazı

    Birinci Rusiya inqilabı özünün pik nöqtəsinə isə 1905-ci ilin payızında çatdı. İmperiyanı bürüyən xalq
    hərəkatından, inqilabın alovlanmasından təşvişə düşən çar Rusiyası 17 oktyabr Manifesti ilə bütün xalqlara
    söz, mətbuat, yığıncaq və digər azadlıqlar verməyi vəd etdi. II Nikolayın Dumaya seçkilər keçirilməsi haqqında 1905-ci il 11 dekabr fərmanına uyğun 1906-cı ilin mayında Quzey Azərbaycanda I Dumaya seçkilər
    keçirildi. 1906-ci ilin aprelində işə başlayan I Dövlət Dumasına Azərbaycan türklərindən Ə.Topçubaşov,
    İ.Ziyadxanlı, X.Bahadurov, Ə.Haqverdiyev deputat seçildilər.1 Ə.Topçubaşov isə çar Rusiyasının bütün bölgələrindən I Dövlət Dumasına seçilən 46 nəfərdən ibarət "Müsəlman fraksiyası"nın rəhbəri oldu. 1906-cı ilin
    iyulunda I Duma buraxıldı və 1907-ci ilin əvvəllərində II Dumaya seçkilər keçirildi; dumaya bu dəfə F.Xoylu, M.Şahtaxtlı, X.Xasməmmədov və başqaları deputat seçildilər. III Dumaya seçkilər zamanı isə Quzey
    Qafqaz, Mərkəzi Asiya, Sibir xalqları seçki hüququndan məhrum edildilər və Güney Qafqaz müsəlmanlarından da yalnız X.Xasməmmədov deputat seçildi. 1912-ci ildə IV Dumaya seçkilərdə isə Güney Qafqazdan
    yalnız Məmməd Yusif Cəfərov deputat seçildi. “Əsarətdə yaşayan türklərin I Dumada 46 millət vəkili vardı.
    II Dumada bu sayı mühafizə etmişdilər. III Dumada seçki qanununun türklər və sol partiyalar əleyhinə azaldılması üzündən türklərin millət vəkilərinin sayı 10, IV Dumada isə 7 nəfər olmuşdu”. 2
    I Rusiya inqilabına qədər (1905) və inqilab illərində Quzey Azərbaycanın siyasi-ideoloji vəziyyət olduqca mürəkkəb və ziddiyyətli olmuşdu. Ötən əsrin əvvəllərində, özəlliklə birinci Rusiya inqilabından sonra
    (1905) Quzey Azərbaycan türkləri siyasi-ideoloji həyatda əsasən, üç istiqamətdə iş aparırdılar:
    1. Maarifçilik (realistlər, romantiklər),
    2. Mill-demokratik (islamçılıq, türkçülük, müasirlik və b.)
    3. Sosial-demoktariya ya da marksizm (milli inqilabçılar, menşevizm, bolşevizm, sosialist inqilabçılar).
    İlk növbədə Quzey Azərbaycanda maarifçilik cərəyanı geniş yayılmışdı. Azərbaycan Türk ziyalılarından bir qismi mövcud problemlərə tənqidi yanaşdıqları üçün realist (C.Məmmədquluzadə, Ö.F.Nemanzadə
    və b.), digər bir qismi (M.Hadi, A.Səhhət, H.Cavid və b.) isə daha çox utopistik düşüncələrdən çıxış etdikləri
    üçün romantizmə meyil göstərirdilər. Maarifçi-demokrat ziyalılar milli-demokratizmlə sosial-demokratizm
    arasında tərəddüd edirdilər. Çünki onlara görə, hər iki cərəyanda bir sıra məsələlərə baxışda fikirləri üst-üstə
    düşürdülər. Bu baxımdan sonralar onlardan xeyli bir qismi milli-demokratik, bəziləri isə marksizmə (xüsusilə bolşevizmə) üz tutdular.
    Milli-demokratik cərəyan milli-dini ənənələr əsasında yaranmış, Türk millətinin həyatında həlledici
    rola malik olmuşdur. Çünki milli-demokratik cərəyanın başlıca qaynağı, mənbəyi Azərbaycan xalqı özü,
    onun XIX əsrdə yetişdirdiyi aydınlarının elmi-fəlsəfi əsərləri və görüşləri olmuşdur. I rus inqilabına qədər
    (1905) milli-demokratik cərəyanın müəllifləri əsasən, “Kaspi” qəzeti ətrafında toplaşaraq müasir ruhlu islamçılıq, türkçülük ideyalarını yayır, belə bir mürəkkəb şəraitdə hələlik siyasi təşkilat, partiya yarada bilmirdilər.
    “XIX əsrin axırlarında – XX əsrin əvvəllərində Azərbaycan burjuaziyasının hələ öz siyasi partiyası yox idi
    və yerli panislamistlər öz ideoloqları Əhməd bəy Ağayev və Əlimərdan bəy Topçubaşov başda olmaqla milyonçu H.Z.Tağıyev tərəfindən alınan “Kaspi” qəzeti ətrafında toplaşıb, onun səhifələrində öz baxışlarını təbliğ edirdilər”. 3
    Milli-demokratizmin təmsilçiləri 1905-ci ilin avqustun 15-də Nijni Novqorodda keçirilən Rusiya Müsəlmanlarının I qurultayının da qərarı ilə “Rusiya Müsəlmanları İttifaqı”nın yaranmasında fəal iştirak etmişlər. 1906-cı il yanvarın 15-25-də Sankt-Peterburqda keçirilən II qurultayda partiyanın sədri (Ə.Topşubaşov)
    ilə yanaşı, onun nizamnaməsi, proqramı qəbul edildi ki, burada məhkəmə, siyasi məqsədlər, fəhlə məsələləri,
    məhəli muxtariyyət, dini qaydalar, dövlət quruluşu kimi məsələlər öz əksini tapmışdır. Konstitusiyalı monraxiya tərəfdarı olan bu partiya, müsəlman vəkillərinin sayının artması, qadınların seçkilərdə iştirak etməsi və
    müsəlmanların, türklərin hüquq və azadlıqları uğrunda mübarizə aparırdı. 1906-cı il avqustun 16-23-də Nijni-Novqorodda keçirilən III qurultayda isə quruma rəhbərlik etmək üçün daimi yeri Bakı olan Mərkəzi Komitə yaradıldı. Qurultayda siyasi problemlərlə yanaşı, türklər yaşayan bölgələrdə yeni tipli məktəblərin yaradılması, ibtidai icbari təhsilə keçilməsi, təhsilin ana dilində aparılması, milli kadrların hazırlanması üçün Bakıda, Kazanda, Baxçasarayda pedaqoji institutların açılması qərara alındı. Bu qurultayın təsirilə sonralar
    türklərin yaşadığı bölgələrdə məktəblər şəbəkəsi genişləndi, milli mətbuat çoxaldı. Ancaq 1-ci Rusiya inqilabının məğlubiyyəti (1907) nəticəsində partiya öz fəaliyyətini dayandırmalı oldu.
    Bizcə, bu dövrdə milli-demokratizmin liberal xəttinə meyil göstərən Türk aydınları Ə.Topçubaşi,
    İ.Hacınski, İ.Hacıyev, K.Səfərəliyev və başqaları olmuşlar. Onlar çar Rusiyasında yaranmış Konstitusion De-

    1 Azərbaycan tarixi. 7 cilddə, V cild (1900-1920-ci ilər). Bakı: Elm, 2001, s.146-147
    2 Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr, 1992, s.118
    3 Azərbaycan Kommunist Partiyasının oçerkləri. Bakı: Azərnəşr, 1986, I cild, s.40
    2
    mokratlar Partiyasına (kadetlərə) rəğbət bəslədikləri üçün 1905-ci ilin dekabrın 5-də bu qurumun Bakı şöbəsini təşkil etdilər.
    1905-ci ildə Gəncədə yaranan Türk sosial-federalist "Qeyrət"in proqramında federasiya çərçivəsində
    müsəlman əhalisinə muxtariyyət verilməklə yanaşı, bəzən Qafqazın Rusiyadan ayrılması da tələb olunurdu.
    Üç il fəaliyyət göstərən və sonra fəaliyyəti imperiya tərəfindən qadağan olunan "Qeyrət"in liderləri N.Yusifbəyli, Ə.Rəfibəyli və A.Xasməmmədov idilər. 1917-ci ildə "Qeyrət" "Türk Ədəmi-Mərkəziyyət" Partiyası
    kimi bərpa olundu.4
    Güney Qafqazda ermənilərlə rusların türk və başqa müsəlman əhalisinə qarşı törətdikləri qırğınının
    qarşısının alınmasında Əhməd bəy Ağaoğlunun 1906-cı ilin yayında yaratdığı “Difai” də mühüm rol oynamışdır. Baykaraya görə "Difai” Türk əhalini erməni daşnaklarının silahlı dəstələrinin qırğınından müdafiə etmək məqsədilə yaranmışdı.5
    Milli-demokratik cərəyanın təmsilçilərinin 1911-ci ildə yenidən öz milli partiyalarını - "Müsavat"ı yaratmaları, nəinki çar rejimini, eyni zamanda bolşeviklərin gözlənilən hiddətinə səbəb olmuşdu. “Müsavat”
    milli təşkilat olaraq qurulsa da, ilk dövrlərdə islamçılıq məfkurəsi üstünlük təşkil edirdi. ““Müsavat”ın ilk
    proqramı islami xarakter daşımış, partiyanın sonrakı fəaliyyəti dövründə işlənib hazırlanmış, dolğunlaşmış,
    Azərbaycanın istiqlalı və müstəqilliyinə xidmətə yönəldilmişdir”.6 M.B.Məhəmmədzadə yazır ki, “Müsavat”ı yaradanların əksəriyyəti keçmiş “hümmət”çilər idi. Həmin "hümmət"çilər (M.Ə.Rəsuloğlu, A.Kazımzadə, Tağı Nağıoğlu, M.Ə.Rəsulzadə və b.) vaxtilə marksistlərin təsiri və təzyiqi altında "Hümmət"i tamamilə milliləşdirə bilməsələr də, orada yarımçıq qoyduqları işi “Müsavat”da davam etdirməyə başladılar. Artıq
    “Müsavat” yalnız keçmiş "hümmət"çilərin deyil, bütün milli-demokratik qüvvələrin daşıyıcısı olan insanların
    üzlərinə öz qapılarını açmışdı.7
    1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə bağlı verilən ümumaministiyadan istifadə edərək
    Bakıya dönən milli ruhlu mühacirlər, xüsusilə də M.Ə.Rəsulzadə kimi tanınmış fikir adamı mətbuatda, ictimai yığıncaqlarda fəal təbliğat işlərinə başladı. 1915-ci ilin oktyabrında ilk sayı çıxan “Açıq söz” qəzetinin
    baş redaktoru Rəsulzadə qəzetin əsas şüarını türkçülük, müasirlik, islamçılıq kimi müəyyənləşdirmişdi:
    ““Açıq söz” ilk dəfə olaraq o vaxta qədər Qafqaziya müsəlmanı və yaxud tatar deyilən xalqın türk olduğunu
    sərhaət və israrla meydana atmış və bu xüsusda hərb senzoru ilə mübarizə etmək zərurətində qalmışdı”.8
    Beləliklə, 1910-cu illərdə sosial-siyasi və elmi-mədəni hadisələr özünəməxsusluğu ilə fərqlənir, milli
    aydınlarımızın gördüyü böyük işlər sayəsində, xalqımız çar Rusiyasında, Quzey Azərbaycanda və bütövlükdə dünyada baş verən hadisələrə daha açıq gözlə baxmağa başlayırdılar. Quzey Azərbaycan türkləri ictimaisiyasi həyatda mövcud olan cərəyanları müqayisə edə bilir, onların (milli-demokrat, sosial-demokrat, menşevik, bolşevik, ittihadçılıq və b.) hansı maraqlara xidmət etdiklərini zaman-zaman görür və anlayırdılar. Quzey Azərbaycan xalqını istiqlala aparan yolun əsas yolçuları milli-demokratik cərəyan ətrafında toplaşanlar
    idi. Xüsusilə də, “Müsavat”ın tutduğu milli ideya nəticəsində 1910-cu illərdə Quzey Azərbaycan xalqı qurtuluş yolunu əsasən bəlirləmiş, milli azadlıq mübarizəsinə doğru yol almışdı.
    I Dünya müharibəsinin (1914-1918) başlanması ilə Quzey Azərbaycanın sosial-siyasi həyatında hadisələr yeni axar almağa başladı. Çar Rusiyasının bu dövrdə apardığı bu və ya başqa islahatlar, eyni zamanda
    marksist-leninçi və milli-demokratik cərəyanların güclənməsi nəticəsində yeni mətbu orqanların, məktəblərin, ayrı-ayrı cəmiyyətlərin yaranması Azərbaycanın ictimai-siyasi həyatında çox mühüm amillər idi. Bu
    amillərin nəticəsində Azərbaycanda milli ruhlu ziyalıların sayı artır və onların timsalında milli azadlıq ideyaları vüsətlənirdi. Bütün bunlar ilk növbədə, ötən əsrin ilk on illiyində meydana çıxmış milli-demokratik cərəyanın davamı kimi özünü büruzə verir və milli azadlıq idealının gerçəkləşməsinə aparırdı. Bu dövrdə artıq
    milli-demokratik cərəyan nəinki marksizm qədər geniş yayılmış, hətta bir çox hallarda onu qabaqlamağı da
    bacarmışdır. Bunun nəticəsi olaraq, Azərbaycan xalqı seçim qarşısında qalarkən marksist bolşeviklərə deyil,
    məhz milli-demokratik qüvvələrə etimad göstərib Azərbaycan Cümhuriyyətinin yaranmasının əsas mənbəyi
    kimi çıxış etmişdir.
    AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
    dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)
    AYMEDIA COMPANY

    4 Azərbaycan tarixi. 7 cilddə, V cild (1900-1920-ci ilər). Bakı: Elm, 2001, s.142
    5 Baykara H. Azərbaycan istiqlal mübarizəsi tarixi. Bakı, Azərnəşr, 1992, s.70-80
    6 Yaqublu N. Azərbaycan milli istiqlal mübarizəsi və M.Ə.Rəsulzadə.Bakı:2001, s.29
    7 Məmmədzadə M.B. Milli Azərbaycan hərəkatı. Bakı, Nicat, 1992, s.40-42
    8 Resulzade M.E. Azerbaycan Cümhuriyeti. İstanbul: 1990, s.17


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR