AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

  • + A
  • - A
  • 6-02-2023, 23:27

    İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi

    Fevralın 6-da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2023-cü ilin yaz sessiyasında növbəti iclası keçirilib.
    İclası açan komitənin sədri Tahir Mirkişili bu gün səhər saatlarında Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxsaylı insanın həlak olması barədə xəbərdən kədərləndiklərini bildirib, zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib, yaralananların tezliklə sağalmasını diləyib.
    İclasın gündəliyinə 8 məsələnin daxil edildiyini bildirən komitə sədri qeyd edib ki, ilk məsələ birinci oxunuşda olan, qalan 7 məsələ isə ikinci oxunuşda olan qanun layihələridir.
    Gündəliyin təsdiqindən sonra Tahir Mirkişili birinci məsələ olan Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib. Bildirib ki, cənab Prezidentin imzası ilə Milli Məclisə təqdim olunan qanun layihəsi media subyektlərinin vergidən azad olunması ilə bağlı müddəaları özündə ehtiva edir.
    Komitə sədri Azərbaycanda hələ Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş mediaya dəstək siyasətinin həyata keçirilməsindən söz açıb, bu istiqamətdə atılan addımlar, media subyektlərinə dövlət tərəfindən edilən vergi güzəştləri barədə danışıb. Təqdim olunan qanun layihəsini media subyektlərinə ən çox güzəşt tətbiq olunan vergi rejimlərindən biri kimi dəyərləndirən komitə sədri bildirib ki, bununla da Azərbaycan media subyektlərini bütövlükdə vergilərdən azad edən ölkələrin sırasına yüksələcək.
    Belə ki, qanun layihəsinə əsasən, media subyektlərinin (audiovizual media subyektləri istisna olmaqla) öz fəaliyyətləri nəticəsində əldə etdikləri gəlirlərin, o cümlədən reklam gəlirlərinin, habelə onlara müvafiq dövlət qurumu tərəfindən verilən maddi yardımların gəlir vergisindən, mənfəət vergisindən və sadələşdirilmiş vergidən azad edilməsi təklif olunub. Eyni zamanda, media subyektləri tərəfindən istehsal olunan media məhsullarının təqdim edilməsi də əlavə dəyər vergisindən azad edilir. Azadolmalar 2023-cü il yanvarın 1-dən tətbiq olunmaqla 3 il müddətində qüvvədə olacaq.
    Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov media subyektlərinə vergi güzəştlərinin tətbiq edilməsi ilə bağlı hazırlanan qanun layihəsini media sahəsində dövlət tərəfindən aparılan islahatların növbəti addımı kimi dəyərləndirib. O, Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərin media subyektlərinin iqtisadi müstəqilliyinin, çevikliyinin, maliyyə şəffaflığının, peşəkarlığının artırılmasına imkanlar yaradacağından danışıb.
    Qanun layihəsinin müzakirəsində İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Əli Məsimli, komitənin üzvləri Elnur Allahverdiyev, Ziyad Səmədzadə, Mahir Abbaszadə, Vüqar Bayramov, Aydın Hüseynov, Rüfət Quliyev, Məşhur Məmmədov çıxış ediblər. Deputatlar dövlətin KİV-ə qayğısı, media orqanlarına maddi dəstəyin göstərilməsi, media işçilərinin sosial, məişət şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışıblar və bildiriblər ki, bu gün müzakirəyə təqdim olunan qanun layihəsi dövlətimizin milli mediamıza kompleks dəstəyinin təzahürüdür. Onlar medianın vergidən azad olunmasının onun maliyyə dayanıqlığına ciddi dəstək olacağını qeyd edərək, media sahəsinə qayğının göstərilməsi ilə bağlı fikirlərini bildiriblər, qeydlərini səsləndiriblər.
    Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun səslənən fikirlərə münasibəti dinlənildikdən sonra, qanun layihəsi səsə qoyularaq birinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.
    Sonra komitədə ikinci oxunuşda olan qanun layihələrinə baxılıb. Komitə sədri Tahir Mirkişili bildirib ki, gündəliyin 2-6-cı məsələləri - Gömrük və Vergi məcəllələrində, "Dövlət rüsumu haqqında", "Avtomobil nəqliyyatı haqqında", "Dövlət rüsumu haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələri bir-biri ilə bağlıdır. Belə ki, sənədlər nəqliyyat sahəsində beynəlxalq yükdaşımaların təkmilləşdirilməsi, təhlükəli yüklərin vergidən azad olunması, sərhəddə icazə blanklarının verilməsinin ləğvi məqsədlərilə hazırlanıb.
    Gündəliyin 7-ci məsələsi olan Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) borc müqaviləsi və onun tərkib hissəsi olan kredit müqaviləsi üzrə münasibətlərin tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi, xüsusilə bu sahədə borcalanların hüquqlarının qorunmasının təmin edilməsi, habelə Məcəllənin əqdlərlə və öhdəliklərlə bağlı bəzi normalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.
    8-ci məsələ olan Ailə Məcəlləsində, "Kredit ittifaqları haqqında", "Tütün və tütün məmulatı haqqında", "Banklar haqqında" və "Bank olmayan kredit təşkilatları haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) “Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında” qanun layihəsinə uyğunlaşdırma xarakteri daşıyır.
    Deputatlar qanun layihələrini ikinci oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
    İclasda deputatlar Anar Məmmədov, İqbal Məmmədov və digər rəsmi şəxslər iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR