“Hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var”.
Azadmedia.az Report-a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Kahramanmaraşda türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu müddət ərzində Azərbaycanın 5 vətəndaşının zəlzələ zonasında həlak olması təsdiq edilib: “Bir nəfərin nəşinin qohumları tərəfindən Türkiyədə dəfn edilməsi qərara alınıb. Digər 4 nəfərin isə Azərbaycana aparılması istiqamətində işlər davam edir. Eyni zamanda hələ də tapılmayan və məlumat ala bilmədiyimiz vətəndaşlarımız var".
“Dünyasını dəyişən insanların yaxınlarına, ailələrinə, türk millətinə Azərbaycan xalqı və dövləti adından dərin hüznlə başsağlığı verirəm. Əminik ki, bu ağır imtahandan qüdrətli Türkiyə dövləti və qəhrəman türk milləti alnıaçıq, üzüağ çıxacaq. İnsanlara kömək etmək və yaralıların sağlığına tez qovuşmasına dəstək olmaq əsas prioritetlərimizdəndir. Bu baxımdan Prezident İlham Əliyevin tapşırıqlarına əsasən, Azərbaycanın bütün bölgə xəstəxanalarında xüsusi çarpayılar ayrılıb. Azərbaycan ehtiyac olan qədər Türkiyədən xəstələri qəbul etməyə hazırdır”, - C.Bayramov əlavə edib.