Azərbaycan Respublikasının vətəndaşlarına Birləşmiş Ərəb Əmirlikləri tərəfindən kütləvi şəkildə giriş vizasının rəsmiləşdirilməsində çətinliklər yaradıldığı, vətəndaşlarımıza giriş qadağaları qoyulduğu barədə xəbərlər həqiqəti əks etdirmir.
Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) yayılan xəbərlərə aydınlıq gətirilməsi məqsədilə aidiyyəti üzrə Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki Səfirliyi, Dubay şəhərindəki Baş Konsulluğu, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı Səfirliyinə müvafiq sorğu göndərib.
“Birləşmiş Ərəb Əmirlikləri tərəfi viza rəsmiləşdirilməsini ölkə qanunvericiliyinin tələblərinə əsasən davam etdirir və viza rəsmiləşdirilməsinə imtinanın yalnız bəzi fərdi əsaslarda baş verməsi hallarının istisna edilmədiyi məlumdur”, - XİN rəsmisi vurğulayıb.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) aidiyyəti qurumları tərəfindən Azərbaycan Respublikasının vətəndaşları üçün giriş vizasının rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edildiyi, vətəndaşlarımıza ölkəyə giriş qadağaları qoyulduğu barədə xəbərlər yayılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.