Nizami Səfərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü
Münxen Təhlükəsizlik Konfransında Azərbaycan həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırıldı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 18 fevral tarixində Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı plenar iclasdakı çıxışında xüsusi olaraq qeyd etmişdir ki, Ermənistan beynəlxalq hüququ pozaraq 27 il ərzində Azərbaycan ərazisinin 20 faizini işğal altında saxladı, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmədi və işğalçı dövlətə qarşı heç bir sanksiya tətbiq olunmadı. Əlbəttə ki, bu sırada ən ciddi məsuliyyət ATƏT-in Minsk qrupunun üzərinə düşürdü. Bu qurum fəaliyyətsizliyini nümayiş etdirərək, Azərbaycanın milli maraqlarına cavab verməyən qarşılıqlı kompromislərin qaçılmaz olduğu barədə bəyanatlarla çıxış edirdı. Hətta 14 mart 2008-ci ildə BMT-nin Baş Assambleyası tərəfindən “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlanan 62/243 saylı qətnamənin qəbul edilməsi prosesində Minsk qrupunun həmsədr dövlətlərinin təmsilçiləri bu mühüm sənədin əleyhinə səs vermişlər.
Digər tərəfdən BMT-nin Təhlükəsizlik Şurasının Qarabağla əlaqədar qəbul etdiyi dörd qətnamədə ölkəmizin suverenliyi və ərazı bütövlüyünün təsdiq ediliməsinə, beynəlxalq sərhədlərin toxunulmazlığı və ərazilərin əldə edilməsi üçün güc tətbiqinin yolverilməzliyinin vurğulanmasına, işğalçı qüvvələrin Azərbaycan ərazisindən “dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması” ifadələrinin yer almasına baxmayaraq, universal beynəlxalq təşkilat olan BMT bu mühüm sənədlərin həyata keçirilməsində ciddi passivlik nümayiş etdirdi.
Yaranmış şəraitdə Azərbaycan yalnız döyüş meydanında beynəlxalq hüququ bərpa edə bilərdi və 44-günlük Vətən Müharibəsindən sonra 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli Bəyannamə faktiki olaraq Ermənistanın kapitulyasiyasını təsdiq etdi. Azərbaycanın parlaq qələbəsinin nəticələri artiq beynəlxalq miqyasda qəbul edilmişdir və mövcud şəraitdə ən mühüm məsələlər sirasında regionda yaranan yeni təhlükəsizlik formatının möhkəmləndirilməsi, böyük sülh müqaviləsinin imzalanması, sərhədlərin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi qeyd olunmalıdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.