Məhkəmənin Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərə uyğun olmadığı barədə əvvəlki qənaətinə yenidən baxmamaq qərarı mahiyyəti üzrə qərar deyil və Azərbaycan bu məsələdə Ermənistanın cavabdehliyini davam etdirəcək.
BAKI, 23 fevral — Azadmedia.az.
Azərbaycan İrqi Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında beynəlxalq konvensiyanın tətbiqi ilə bağlı məhkəmə işləri üzrə Beynəlxalq Ədalət Məhkəməsinin 22 fevral 2023-cü il tarixli qərarını qeydə aldı.
Məhkəmənin 7 dekabr 2021-ci il tarixli qərarına uyğun olaraq, Ermənistanın tərəflər arasında mübahisəni gərginləşdirməkdən çəkinmək barədə hələ də öhdəlik daşıdığının Məhkəmə tərəfindən bir daha təsdiq edilməsini alqışlayırıq.
Qərardan göründüyü kimi, Ermənistan tərəfindən minaların yerləşdirilməsinin müvəqqəti tədbirlərin tətbiq dairəsinə uyğun olmamasına dair əvvəl gəldiyi nəticəyə yenidən baxılmaması mahiyyət üzrə qərar deyil və Azərbaycan Ermənistanın bu xüsusda məsuliyyətə cəlb edilməsi istiqamətində səylərini davam etdirəcək.
Həmçinin Azərbaycan tərəfindən etirazların “təşkili və dəstəklənməsinin dayandırılması” və Qarabağa “təbii qaz və digər kommunal xidmətlərin verilməsini dərhal bərpa etməsi” iddiaları ilə bağlı Ermənistanın müvəqqəti tədbirlər tələblərinin Məhkəmə tərəfindən rədd edilməsini alqışlayırıq.
Məhkəmə öz qərarında Azərbaycanın səlahiyyətləri daxilində Laçın yolu boyunca təhlükəsiz hərəkəti təmin etmək üçün sərəncamında olan bütün addımları atdığı və atacağına dair, habelə 10 Noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın şərtlərini yerinə yetirdiyi barədə Azərbaycanın səylərini nəzərə alıb.
Azərbaycan beynəlxalq hüquq çərçivəsində əhalisinin hüquqlarının qorunması və Ermənistanın davamlı insan haqları pozuntularına görə məsuliyyətə cəlb edilməsi istiqamətində bütün zəruri tədbirləri davam etdirəcək.
Ülkər Piriyeva
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.