Bu gün Ukrayna-Rusiya müharibəsinin birinci ildönümüdür. On minlərlə insanın həyatına son qoyan müharibə tam sürətlə davam edərkən, Rusiyadan gözlənilməz açıqlama gəlib.
AzadMedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi heç bir sübut təqdim etmədən Ukrayna qoşunlarının Dnestryanı ərazini işğal edəcəyini iddia edib.
Belə ki, Moskva Ukrayna əsgərlərinin Moldova ilə sərhəddə toplaşdığına diqqət çəkib.
Moldova da son həftələrdə Rusiyanın hakimiyyəti ələ keçirməyə hazırlaşdığı barədə xəbərdarlıq edib. Hökumət rəsmiləri Kremlin iddialarını müharibənin bir hissəsi kimi həyata keçirilən “psixoloji əməliyyat” kimi qiymətləndirib.
"Müdafiə Nazirliyi hesab edir ki, bu, real plandan daha çox psixoloji əməliyyatın bir hissəsidir", - Moldovanın dövlət naziri Valeriu Mija deyib.
Moldova prezidenti Maya Sandu qonşu ölkəsi Rumıniyaya səfəri zamanı təhlükəsizlik məsələlərindən danışıb. “Bəziləri ölkəmizin yıxılmasını və paytaxt Kişinyovda Kremlin maraqlarının quluna çevrilmiş marionet hökumətin qurulmasını istəyir”, - Sandu bildirib.
Moldovanın NATO-ya üzvlüyü yoxdur. Lakin ötən ilin iyununda Ukrayna ilə eyni gündə Aİ-yə namizəd statusu qazanıb. Moldova lideri ötən həftə ölkəsinin müstəqilliyini dəstəkləməyə söz verən ABŞ prezidenti Co Baydenlə görüşüb.
2,6 milyon əhalisi olan Moldova Avropanın ən kasıb ölkələrindən biridir. Ukraynadakı müharibə də ölkəyə çox təsir edib.
Rusiyanın ölkəyə qaz axınını məhdudlaşdırması səbəbindən enerji baxımından böyük problemlər yaşayan Kişinyov rəhbərliyi Ukraynanın enerji obyektlərinin vurulması ilə də bu baxımdan böyük problemlərlə üzləşib.
İnflyasiyanın həddindən artıq həddə çatması ilə yanaşı, Ukraynadan intensiv qaçqın axını da ölkəyə daha böyük təzyiqlər yaradıb. Kreml Moldova rəsmilərini bəyanatlarında “çox, çox diqqətli” olmağa çağırarkən, Sandu Rusiya əks-isteriyasına sığınmaqda ittiham edib.
Dnestryanı Sovet İttifaqının dağılmasından sonra Moldova-Ukrayna sərhədində dar bir bölgədir. O vaxtdan bəri burada rus əsgərləri yerləşdirilib. Bölgədə rus dilində danışılır.
Bir il əvvəl rus qoşunları Ukraynanın cənubunu işğal edəndə Rusiyanın Odessadan Dnestryanıya qədər bütün sahilləri ələ keçirəcəyi ilə bağlı narahatlıq var idi.
Lakin bu baş vermədi. Dnestryanı bölgənin separatçı administrasiyası dövlət təhlükəsizlik qüvvələrini hədəf alan bir sıra müəmmalı partlayışlar barədə məlumat verib. Dnestryanı səlahiyyətlilər hadisələrdə Ukrayna "casuslarını" günahlandırıblar. Kiyev Rusiya xüsusi xidmət orqanlarını Moldovanı hədələməyə və regionda sabitliyi pozmağa cəhd etməkdə ittiham edib.
Bu həftənin əvvəlində separatçı sosial media kanalı Ukraynanı Moldova ilə birləşdirən magistral yolda Ukrayna hərbçilərinə məxsus avtomobillərin göründüyünü bildirib. İnandırıcı olmayan fotoda yalnız bir neçə kiçik zirehli maşın və Ukrayna bayrağı görünüb.
Dnestryanı Sülhməramlı Qüvvələrin rəhbəri Oleq Belyakov deyib ki, ictimaiyyət arasında çaxnaşma yoxdur, lakin Rusiyanın xəbərdarlıqları "ciddi narahatlıq üçün əsas verir".