Bakı, 28 mart — Azadmedia.az
“Azərbaycanda yaşayan Türkiyə vətəndaşları mayın 5, 6 və 7-də burada yerləşən konsulluqlarımızda (Bakı, Gəncə və Naxçıvan) səs verə bilərlər”.
Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Türkiyədə keçiriləcək növbəti prezident seçkiləri ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
Səfir bildirib ki, Azərbaycanda yaşayan seçicilər qeydiyyatını yeniləmək istəyən vətəndaşlar martin 20-dən aprelin 2-dək Bakı, Gəncə və Naxçıvan konsulluqlarına müraciət etməlidirlər:
“Bu səbəbdən konsulluqlarımız aprelin 1-i və 2-si, yəni bu şənbə və bazar günləri açıq olacaq. Vətəndaşlarımız “E-dövlət” və “YSK Çağrı Mərkəzi”ndə öz adlarını seçici siyahılarından yoxlasınlar. Əgər Azərbaycanda yaşayan vətəndaşlarımızın ünvanları Türkiyədə görünürsə, konsulluqlarımıza gəlməyi, ünvanlarını yeniləməyi xahiş edirik”.
Səfir Şəmkir, Şəki, Bərdə, Ağcabədi, Zaqatala, Yevlah, Ağdaş, Tovuz, Mingəçevir, Gədəbəy, Balakən, Qazax, Göygöl, Oğuz, Daşkəsən, Naftalan və bütün Qarabağ bölgəsində yaşayan Türkiyə vətəndaşlarının Gəncə Konsulluğuna müraciət etmələrinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, Şamaxı, Quba, İsmayıllı, Sabirabad, Hacıqabul, Lənkəran, Astara, Sumqayıt, Masallı, Biləsuvar, Neftçala və Kürdəmir rayonlarında yaşayan vətəndaşlar aprelin 2-dək Bakıdakı konsulluğa müraciət etməlidirlər:
“Bəzi şirkətlərimizdə çalışan vətəndaşlarımızın icazədən istifadə edərək ailələrini görmək və seçkilərdə səs vermək üçün Türkiyəyə getmək istədiklərini öyrəndik. Onların qeydiyyat ünvanları Türkiyədədirsə, heç bir dəyişiklik etmədən Türkiyəyə gedib səslərini verə bilərlər. Yaşayış yeri Azərbaycan olan vətəndaşlarımız səsvermə prosesi başlamazdan əvvəl Türkiyəyə gedəcəklərsə, yalnız səsvermə dövrü başlayanda, yəni aprelin 27-dən etibarən hava limanlarında səs verə bilərlər.
Onlar səsvermə prosesi başlayana qədər yola çıxmamalıdırlar. Şirkətlərimizə onu da xatırladırıq ki, əgər Türkiyəyə məzuniyyətə göndərəcəkləri şəxslərin ünvanları buradadırsa (Azərbaycanda) aprelin 27-də Türkiyəyə daxil olmalıdırlar. Aprelin 27-dən əvvəl daxil olsalar, səs verə bilməyəcəklər.” - diplomat bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.