TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyədən Azərbaycana ötürülüb.
Bakı, 7 aprel — Azadmedia.azAprelin 7-də Azərbaycan Respublikası Prezidenti yanında UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), ADA Universiteti və Universitetin İnkişaf və Diplomatiya İnstitutunun birgə təşkilatçılığı ilə TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu İclasının açılış mərasimi keçirilir.
Belə ki, ADA Universitetində baş tutan tədbirdə Azərbaycan Respublikasının xarici işlər naziri, Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının sədri Ceyhun Bayramovun videomüraciəti təqdim edilib. Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikasının mədəniyyət naziri vəzifəsini icra edən Adil Kərimli, TÜRKSOY-un Baş katibinin müavini Bilal Çakıcı və UNESCO üzrə Türkiyə Milli Komissiyasının prezidenti Öcal Oğuz açılış mərasimində çıxış ediblər. Açılış zamanı TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu dövr sədrliyi Türkiyə Respublikasının UNESCO üzrə Milli Komissiyasından Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasına ötürülüb.
ADA Universitetinin Dövlət, xarici və tələbə işləri üzrə prorektoru, eləcə də İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadənin moderatorluğu ilə keçirilən açılış mərəsimində UNESCO Baş direktorun Prioritet Afrika və Xarici Əlaqələr üzrə müavini Firmin Eduard Matokonun ünvanladığı videomüraciət tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Çıxışçılar sırasında yer alan Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyasının ilk sədri Həsən Həsənov, Milli Məclisin Səhiyyə Komitəsinin sədri, Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının sədri akademik Əhliman Əmiraslanov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə ötən 30 il ərzində Azərbaycan və UNESCO arasında əməkdaşlığın inkişafından bəhs edərək mədəni irsimizin dünyada daha geniş miqyasda tanıdılmasına fayda verəcək təkliflərlə çıxış ediblər.
Açılış mərasimi başa çatdıqdan sonra panel müzakirələr və seminarlar öz fəaliyyətinə başlayıb.
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyanın baş katibi Seymur Fətəliyevin moderatorluğu ilə keçirilən ilk paneldə ölkəmizin UNESCO-nun icra etdiyi proqram və layihələrə dəstəyi və əməkdaşlıq imkanları müzakirə edilib, həmçinin panel iştirakçılarının bu istiqamətdə təklif və tövsiyələri dinlənilib.
ADA Universitetinin dövlət, xarici və tələbə işləri üzrə prorektorunun müşaviri, İnkişaf və Diplomatiya İnstitutunun direktor müavini Aygün Hacıyevanın moderatorluğu ilə keçirilən növbəti panel mədəni irsin qorunması, elm, təhsil sahəsi üzrə UNESCO çərçivəsində əlaqələrin daha da genişləndirilməsi və birgə beynəlxalq tədbirlərin keçirilməsi mövzularını əhatə edib.
Maddi və qeyri-maddi mədəni irs, təbii irsin qorunması və təhsil məsələlərini əhatə edən seminarlardan və mütəxəssis rəyləri dinlənildikdən sonra TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının ölkəmizdə keçirilən 9-cu İclasının yekun bəyanatı işlənib hazırlanıb. 2023-cü il Türk dünyasının mədəniyyət paytaxt, Şuşa şəhərində keçiriləcək iclasın yekun bağlanış mərasimində sözügedən bəyanat qəbul ediləcək.
AzərTac