AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xalqın öz Liderinə etimadı ümummilli maraqlarımızın ən etibarlı qarantıdır

  • + A
  • - A
  • 12-04-2023, 18:29

    Xalqın öz Liderinə etimadı ümummilli maraqlarımızın ən etibarlı qarantıdır


    Dünyaya təsir imkanları uğrunda rəqabət geosiyasi proseslərin ayrılmaz tərkib hissəsidir və bu, bütün zamanlarda belə olub. Dövrümüzün diqqət çəkən fərqli cəhətlərindən biri onunla bağlıdır ki, ayrı-ayrı ölkələr zəngin təbii resurslarından təkcə iqtisadi məqsədlər və ümumi rifah naminə deyil, həm də digər dövlətlərə siyasi təzyiq vasitəsi kimi istifadə edir, iqtisadi əməkdaşlıq faktorunu siyasi asılılıq amilinə çevirməyə cəhd göstərir. Təəssüf ki, nəqliyyat-logistika və önəmli dəhliz kommunikasiyalarına, təbii iqtisadi resurslara çıxış uğrunda gedən mübarizə rəqabət müstəvisindən çıxaraq yeni, bəzən də təhlükəli çalar almaqdadır. Geoiqtisadi layihələrin arxasında dayanan siyasi məqamlar getdikcə özünü daha açıq şəkildə büruzə verir. Bir çox ölkələr üçün iqtisadi mənfəət vəd edən qlobal layihələrdən bəzilərinin reallaşması, elə bu səbəbdən, xeyli zaman alır. Orta Dəhliz də onlardan biridir. Burada siyasi maraqların uzlaşdırılması ilə yanaşı, vahid tarif siyasəti, yüklərin cəlb edilməsi və onların nəqli, infrastrukturun əlaqələndirilməsi kimi texniki məsələlər ön plana çıxır. Prezident İlham Əliyev aprelin 7-də Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini Qəbələdə qəbul etdikdən sonra mətbuata verdiyi bəyanatında həmin məqamlara xüsusi diqqət yetirdi və Zəngəzur dəhlizinin də yer aldığı Orta Dəhlizin gələcəyi ilə bağlı ölkəmizin mövqeyini bu cür ifadə etdi: “Mən keçən il və bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm və bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var”.

    AZƏRTAC xəbər verir ki, bu fikirlər Milli Məclisin deputatı Ülvi Quliyevin “Xalqın öz Liderinə etimadı ümummilli maraqlarımızın ən etibarlı qarantıdır” sərlövhəli məqaləsində yer alıb.

    Deputat bildirib ki, dövlətimizin başçısı bu bəyanatından üç gün sonra-aprelin 10-da geniş tərkibli nümayəndə heyəti ilə Qazaxıstana rəsmi səfər etdi. Bu səfər ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, həm də imkan verdi ki, Transxəzər beynəlxalq nəqliyyat marşrutunun, Orta Dəhlizin gerçəkləşdirilməsi yolları dövlət başçıları səviyyəsində müzakirə olunsun. Qazaxıstan neftinin Azərbaycan vasitəsilə nəqli məsələsi uzun illərdir ki, müzakirə edilir və zaman-zaman bu istiqamətdə müəyyən səylər də göstərilib. Geosiyasi ziddiyyətlərin kəskinləşdiyi hazırkı dövrdə həmin layihə istər Qazaxıstan, istərsə də Avropa üçün xüsusi əhəmiyyətə malikdir. Bu, tranzit ölkəsi kimi Azərbaycanın da marağındadır. Qlobal iqtisadi layihələrin arxasında əsasən mütərəqqi dünya maraqlarının dayandığını nəzərə alsaq, ölkəmizin həmin layihələrdə oynadığı rolu, artmaqda olan siyasi və iqtisadi çəkisini görməmək mümkün deyil. Bu, Orta Dəhliz layihəsinə də aiddir. Şübhəsiz ki, böyük gəlirlər vəd edən və nəticə etibarilə iştirakçı ölkələrin əhalisinin sosial rifah halının yaxşılaşdırılmasını şərtləndirən belə layihələrin reallığa çevrilməsi dövlətlər arasında mövcud olan siyasi münasibətlərin səviyyəsindən xeyli dərəcədə asılıdır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mətbuata verdiyi bəyanatda bu məqama xüsusi diqqət yetirdi: “Mən bu gün aparılmış tamformatlı danışıqların nəticələrini yüksək qiymətləndirirəm. Bu danışıqlar hər ikimizin ikitərəfli əlaqələri hər vasitə ilə möhkəmləndirmək əzmində olduğumuzu bir daha təsdiq etdi”.

    Prezident İlham Əliyev isə ölkələrimiz arasındakı münasibətlərin müttəfiqlik səviyyəsinə yüksəlməsinin təsadüfi olmadığına diqqət çəkdi: “Bugünkü Bəyannamə də əlaqələrimizin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bu bəyannamələrin adlarının özü bizim münasibətlərimizin xarakterinə dəlalət edir. Bu, müttəfiqlər arasında münasibətlərdir... Qazaxıstan ilə qardaşlıq münasibətləri əcdadlarımızın göstərişi, eləcə də həyati zərurətdir”. Prezident əlaqələrimizin hazırkı səviyyəsini şərtləndirən həyati zərurətin arxasında dayanan amillərin bir qismini açıq şəkildə ifadə etdi: “Çünki Xəzər regionunda, Mərkəzi Asiya və Cənubi Qafqaz regionunda baş verən proseslər bizə regional təhlükəsizliklə bağlı məsələlərdən başlamış nəqliyyat, logistika, energetika, humanitar əməkdaşlıq, ekologiya ilə bağlı məsələlərə qədər bütün istiqamətlər üzrə əməkdaşlığı möhkəmlətməyi diktə edir. Xüsusən ona görə ki, təəssüflər olsun, Xəzərin həm sizə, həm də bizə aid olan sahillərində dənizin sürətlə dayazlaşmasını müşahidə edirik”.

    Qeyd edilib ki, Prezident İlham Əliyev xarici ölkələrə bütün səfərlərində olduğu kimi, bu səfər çərçivəsində də yaranmış imkanlardan istifadə edərək, Ermənistana və ona himayədarlıq edən dairələrə bu mesajı da verdi ki, Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistanla sülh və əmin-amanlıq şəraitində yaşamaq seçiminə sadiqdir: “Hətta 30 illik işğala və Azərbaycan xalqının məruz qaldığı məhrumiyyətlərə, hazırda bərpa etməli olduğumuz dağıntılara baxmayaraq, qonşular arasında münasibətlər normal olmalıdır”. Dövlətimizin başçısı Ermənistan ilə münasibətlərin qaydaya salınmasını və sülh müqaviləsinin imzalanmasını mümkün edə biləcək şərtləri bir daha xatırlatdı: “Bununla belə, biz gələcəyə baxırıq və hesab edirik ki, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, BMT-nin Nizamnaməsi, beynəlxalq hüququn bütün əsas normaları və prinsipləri əsasında sülh müqaviləsinə nail olmaq mümkündür, bu müqavilə çoxillik düşmənçilik səhifəsini çevirəcək”.

    Vurğulanıb ki, Prezident İlham Əliyev bununla Qazaxıstan ictimaiyyəti ilə yanaşı, beynəlxalq birliyin diqqətini növbəti dəfə ona yönəltdi ki, Azərbaycan Ermənistandan əlahiddə bir öhdəlik tələb etmir. Əksinə, vaxtilə dünya güclərinin və keçmiş vasitəçilərin görməli olduğu, amma nədənsə görmədiyi bir işi indi ölkəmiz özü görür, Ermənistandan beynəlxalq hüquqa hörmət göstərməsini tələb edir. Lakin Ermənistanın aprelin 11-də Laçın rayonu istiqamətində törətdiyi növbəti hərbi təxribat bir daha göstərir ki, bu bədxah qonşumuzun rəsmi dairələrindən tutmuş müxtəlif rəngli müxalifətinə qədər-bütün səviyyələrdə Azərbaycanın sülh təklifindən sui-istifadə edilməkdədir. Ermənistanın siyasi-hərbi rəhbərliyi təxribatlar yolu ilə ölkəmizin sülh təşəbbüsünə kölgə salmağa, nəyin bahasına olursa-olsun vaxt udmağa və sülhü yubatmağa çalışır. Bu təxribatın Vaşinqtonda sülh danışıqları ilə bağlı dövlət başçılarının görüşünün keçiriləcəyinə dair məlumatların yayıldığı bir dövrə təsadüf etməsi çoxlu suallar doğurur, o cümlədən təxribatın arxasında Ermənistanla yanaşı başqa hansı xarici dairələrin dayanması məsələsini gündəmə gətirir. Təəssüf ki, Ermənistan hakimiyyətini təxribata təşviq edən özünün sərsəm xülyaları və bəzi region ölkələri ilə yanaşı, həm də mütərəqqi Avropanın məlum dairələri və ayrı-ayrı beynəlxalq təşkilatların ermənipərəst mövqeyindən irəli gələn əsassız qərarlarıdır. Lakin bu dairələr də bilməlidir ki, aprelin 11-də verdiyimiz şəhidlərimizə və yaralılarımıza görə məsuliyyəti Ermənistanla eyni səviyyədə onlar da daşıyırlar. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin. Əgər Ermənistanda və ya onun hüdudlarından kənarda kimlərsə düşünürsə ki, 30 il ərzində olduğu kimi, Ermənistan indi də beynəlxalq hüququn icrasından yayına və bu yolla nəsə əldə edə biləcək, aldanırlar. Çünki bu cür təxribatlar, bir tərəfdən, Ermənistanın öz təhlükəsizliyinə, digər tərəfdən isə regional təhlükəsizliyə ciddi təhdidlər yaradır. Nəticədə isə Orta Dəhliz kimi geoiqtisadi layihələrin gerçəkləşməsi dəyərli zaman itkisi ilə üzləşməli olur. Amma Ermənistan və havadarları unudurlar ki, Zəngəzur dəhlizinin də yer aldığı bu qlobal layihənin arxasında mütərəqqi dünyanın maraqları dayanır. Təcavüzkar siyasəti və digər qanunsuz əməlləri ilə ötən onilliklər ərzində özünü belə layihələrdən təcrid etmiş Ermənistan və hamiləri, nəhayət, fərqinə varmalıdırlar ki, qlobal inteqrasiya proseslərindən kənarda qalmaq Ermənistanı daha dərin iqtisadi tənəzzülə sürükləməklə yanaşı, həm də onsuz da kövrək olan müstəqilliyini tam siyasi iflasa aparır...

    Ü.Quliyev Azərbaycan Prezidentinin Qazaxıstana rəsmi səfərində hər birimizin mənəvi ruhunu oxşayan qürurverici məqamlardan birinin də dost ölkədə Heydər Əliyev şəxsiyyətinə göstərilən sonsuz ehtiramın ifadəsi ilə bağlı olduğunu söyləyərək qeyd edib: “Ulu Öndərə həsr olunan “Görkəmli həyat” adlı sənədli filmin çəkilişi və Astanada ən böyük küçələrdən birinə onun adının verilməsi Heydər Əliyev şəxsiyyətinə qazax xalqının bəslədiyi sonsuz hörmətin ifadəsidir. Bu, həm də onun sübutudur ki, Heydər Əliyev fenomeni başqa dövlətlərin də ictimai-siyasi həyatına çoxdan sirayət edib, ona görə də bu böyük şəxsiyyətin xatirəsi Azərbaycanda olduğu kimi, başqa ölkələrdə də hörmətlə anılır. Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin Astanada Heydər Əliyev adına küçənin təntənəli açılış mərasimində söylədiyi bu fikirlər Ulu Öndərin böyük dövlət xadimi kimi misilsiz xidmətlərinə, müstəqil Azərbaycan naminə həyata keçirdiyi xilaskarlıq missiyasına və hansı vəzifədə olmasından asılı olmayaraq, bu yolda göstərdiyi şəxsi fədakarlığa xarici ölkə liderinin kənardan obyektiv baxışını əks etdirir: “Heydər Əliyev kimi dünya miqyaslı şəxsiyyətlərin xatirəsini əbədiləşdirmək və qorumaq bizim borcumuzdur... Əslində Heydər Əliyevin adı Azərbaycanın əsl rəmzi olub. Heydər Əliyevin həyat yolu millətə fədakarcasına xidmətin parlaq nümunəsidir. Müasirləri Heydər Əliyevi yüksək insani keyfiyyətlərinə, prinsipiallığına, dürüstlüyünə, ədalətliliyinə görə qiymətləndirirdilər”.

    Diqqətə çatdırılıb ki, bu cür səmimi dəyərləndirmələr bir daha təsdiq edir ki, uca zirvələr, haradan baxılırsa-baxılsın, öz əzəməti ilə kənardakıların da diqqətini mütləq cəlb edir. Baxmayaraq ki, yüksəliş yolunda Ulu Öndərin əl-ayağına dolaşan, qısqanclıq və xəbislikləri üzündən önünü kəsməyə çalışanlar az olmamışdı. Belələri sovet imperiyası dönəmində də var idi, sonrakı dövrdə də. Amma onlar heç nəyə nail ola bilmədilər. Çünki Heydər Əliyev gücünü xalqdan alır və milli maraqlarımıza xidmət edirdi. Xalqımız isə buna əmin olduğu üçün dəstəyini ondan əsirgəmir, Ulu Öndərə sonsuzadək güvənirdi. Qazaxıstanın paytaxtında keçirilən açılış mərasimində çıxış edən Prezident İlham Əliyev Ulu Öndərin üzləşdiyi haqsızlıqlarla bağlı bunları dedi: “Həyatının müəyyən dövründə o, haqsızlığa, təzyiqlərə məruz qalırdı. Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə-Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi”.

    Astanada ikitərəfli münasibətlərin dərinləşməsini ehtiva edən mühüm sənədlər imzalandı. Dövlət başçıları tərəfindən imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokol” bütün bu sənədlərin fövqündə dayanır və münasibətlərimizdə yeni səhifə açır. Prezident İlham Əliyevin açılış mərasimində söylədiyi bu fikir isə tarixi gerçəkliklərdən birini də yada saldı. Dövlətimizin başçısı xüsusi olaraq qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Qazaxıstan ilə münasibətlərə göstərdiyi diqqətin arxasında ortaq tarixi köklərimizə dərin hörmət hissi ilə yanaşı, Türk dünyasının birliyinə xidmət amalı dayanırdı: “O, Türk dünyasını daha sıx birləşdirmək üçün əlindən gələni edirdi. Bu gün biz onun işinin, fəaliyyətinin nəticələrini, o cümlədən bunda görürük ki, Türk dünyası birləşir. Biz bu gün beynəlxalq arenada böyük nüfuz sahibi olan güclü təşkilat yaratmışıq”.

    “Ulu Öndərin Qarabağın işğaldan azad edilməsi və Türk dünyasının birləşməsi ilə bağlı vəsiyyətinin həyata keçməsi bədxahlarımızı məyus etsə də, onlardan heç biri bu tarixi reallığı dəyişmək iqtidarında deyil. Çünki bu reallığın arxasında tarixi ədalət və beynəlxalq hüququn aliliyi, Azərbaycan xalqının iradə əzmi və güvəndiyi Müzəffər Liderinin-Prezident İlham Əliyevin qətiyyətli mövqeyi dayanır. Xalqın öz Liderinə etimadı isə ümummilli maraqlarımızın ən etibarlı qarantı deməkdir, - deyə deputat vurğulayıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR