AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanın NATO ilə səmərəli dialoqu uğurla davam edir

  • + A
  • - A
  • 26-03-2024, 13:08

    Azərbaycanın NATO ilə səmərəli dialoqu uğurla davam edir

    Nizami Səfərov,
    Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü


    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari ilin 17 mart tarixində NATO-nun Baş katibi Yens Stoltenberqin Azərbaycana səfəri ilə əlaqədar mətbuata verdiyi bəyanatında qeyd etmişdir ki, “Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var”.
    Xatırlatmaq lazımdır ki, ikitərəfli əlaqələrin əsası 4 may 1994-cü ildə xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. Bu mühüm addım əyani surətdə nümayiş etdirdi ki, qloballaşan dünyada Azərbaycan təhlükəsizlik məsələlərinə ciddi önəm verir və ən böyük hərbi alyans olan Şimali Atlantika Müqaviləsi təşkilatı ilə səmərəli əməkdaşlığı həyata keçirmək niyyətindədir. Belə bir tərəfdaşlığın əsas hədəfləri sülhməramlı əməliyyatlarda iştirak, zamanımızın yeni çağırışları və təhdidləri ilə mübarizədə genişmiqyaslı əməkdaşlığın, siyasi dialoqun həyata keçirilməsindən ibarət idi. Qeyd olunan məqsədlər və qarşılıqlı əlaqələrin əsas prinsipləri Azərbaycanın SNT Təqdimat Sənədi (1996-cı il), Planlaşdırma və Analiz Prosesi Proqramı (1997-ci il) və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında (2004-cü il) öz əksini tapmışdır.
    Keçən müddət ərzində ölkəmiz NATO-nun 200-dən çox tədbirində iştirak etmişdir. İkitərəfli əməkdaşlığın mühüm nümunələri sırasında Azərbaycanın Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etməsi xüsusi qeyd edilməlidir. Prezident İlham Əliyevin vurğuladığı kimi, “2021-ci il avqustun sonlarında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələr bizim hərbi qulluqçularımız olmuşlar. Bu isə bir daha bizim əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirir”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR