Bətnində körpəsini öldürən ananı hansı cəza gözləyir?
Ötən gün Lənkəranda ana yeddi aylıq körpəsini bətnində dərmanla öldürüb. Qadın bildirib ki, müayinədən keçərkən doğulacaq qız uşağının xəstə olduğunu öyrənib. Dərman preparatı qəbul edərək, uşağı məhv etmək istəyib.
Bəs, ananı hansı cəza gözləyir?
Hüquqşünas Ruslan Vəliyev Oxu.Az-a açıqlamasında bildirib ki, uşağını dərmanla məhv edən ananı Cinayət Məcəlləsinin 121-ci maddəsinə görə üç ilədək azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrumetmə cəzası gözləyir:
“Ana uşağı doğulmamışdan əvvəl öldürüb. Bu, qanunsuz abortdur. Cinayət Məcəlləsinin 141.2-ci maddəsinə əsasən, 1000-1500 manat cərimə və ya bir ilədək islah işi nəzərdə tutulur”.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin sözlərinə görə, anaya heç bir haqq verilmir ki, uşağı məhv etsin:
“Ola bilsin ki, hamiləlik dövründə qadının yaşadığı psixoloji gərginlik, uşağın səhhətində problemin olması ilə bağlı evdə mübahisələr yaranıb və o, bu addımı atıb. Biz bunları bilmirik. Amma heç kimə o haqq verilmir ki, yeddi aylıq uşağı dərmanla öldürsün. Arzuolunmaz, patologiyası olan hamiləliklərin dayandırılması halları az deyil. Dində də deyilir ki, bunu etmək düzgün deyil”.
Kəmalə Ağazadə qeyd edib ki, bir məntiq, düşüncə var ki, uşağın qüsurlu doğulması ailə və özü üçün yetərincə problemlər yaradır:
“Fikrimcə, qadına ailə tərəfindən təzyiq edilib ki, bu addımı atıb. Zamanında müdaxilə edib, hamiləliyi sonlandırmaq lazım idi. Bu isə artıq bir insanın həyatına qəsd etməkdən başqa bir şey deyil”.