Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Lənkəran-Lerik magistralında, rayonun Şağlaküçə kəndi ərazisində qeydə alınıb.
Belə ki, Lənkəran istiqamətində hərəkətdə olan Nicat Soltanzadənin idarə etdiyi “KIA Sorento” markalı avtomobil piyadanı vurub. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanan “VAZ-2107” markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən VAZ markalı nəqliyyat vasitəsi yoldan çıxaraq dirəyə dəyib.
Qəza nəticəsində Şağlaküçə kənd sakini, 1965-ci il təvəllüdlü Xəzər Fərhad oğlu Şükürov və sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Vəziyyəti ağır olan piyada reanimasiya şöbəsinə yerləşdirilsə də, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.