İrəvan sakini Nana Muradyan bildirib ki, oğlu Valerik Muradyan 8 il öncə Xankəndi şəhərində yerləşən hərbi hissədə komandir və bir neçə əsgər yoldaşı tərəfindən öldürülüb. AzVision.az xəbər verir ki, Nana Muradyan oğlunun qatillərinin cəzalandırılmasını tələb edib. “Qatillərin ədalətə təslim edilməsini tələb edirəm. 2010-cu ildə oğlum orduda xidmət zamanı öldürülüb. Komandir etdiyi oğurluğun üstünü ört-basdır etmək üçün oğlumu əsgərlərlə birgə öldürüb. Valerik komandirin dizel yanacağını necə oğurlamağına şahid olub. Bu hadisədən 4 gün sonra oğlum qətlə yetirilib”- deyə Nana Muradyan bildirib. Onun sözlərinə görə, oğlunun öldürülməsi saxtalaşdırılaraq, intihar kimi təqdim edilib: “Səkkiz ildir deyirəm ki, oğlumu boğub, sonra asıblar. Hətta bir dəfə telefonla danışanda oğlum “ana bu ordu deyil, özbaşınalıqdır” deyə bildirmişdi. Ona səssiz qalmaq üçün pul təklif ediblər, lakin qəbul etməyib. Dörd gündən sonra oğlumu məhv etdilər. İndiyə qədər qatillər tapılmayıb. Oğlumun qollarında barmaq izləri var idi. Onu zorla qollarından tutub asıblar” Xatırladaq ki, etiraz edən əsgər anası son səkkiz il ərzində hər iclas zamanı hökumət binasının qarşısında etiraz aksiyası keçirir.