Avropa İttifaqının bölgədəki “müşahidələri” təxribat xarakterlidir-DEPUTAT
“Avropa İttifaqınin təxribatçı missiyasının yenidən Azərbaycan- Ermənistan şərti sərhədində aktivləsməsi qərbin bölgədə sülh və sabitlik üçün maraqlı olmadığını göstərir. Bu müşahidələrin ardınca adətən təxribatlar hərbi qarşıdurmaya qədər uzanan insidentlər baş verir”. Bunu AzadMedia.az-a açıqlamasında millət vəkili Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, bölgədə gərginliyin artırılmasında Fransanın xüsusi rolu var:
“Ermənistanın Baş Naziri N.Paşinyanın ABŞ-yə, ardınca Fransaya səfəri ərəfəsində, eləcə də səfərdən sonra Azərbaycanin hərbi münaqişəyə hazırlaşması ilə bağlı bəyanatları, Avropa İttifaqı, ələxsus Fransanin Azərbaycan əleyhinə bu və digər formada ritorikaları gündəmə gətirməsi fonunda bu müşahidələri təsadüfi hesab edə bilmərik. Ermənistan Fransanın birbaşa təhriki ilə bölgədə təxribatlara hazırlaşır".
Qeyd edək ki, Avropa İttifaqının (Aİ) “missiyası” növbəti dəfə Azərbaycan sərhədində müşahidə aparıb.
Bu barədə “Report” məlumat yayıb. Belə ki, fevralın 12-i saat 10:09-da Ermənistanın Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin döyüş mövqeyinə 2 ədədinin üzərində Avropa İttifaqının və 1 ədədinin üzərində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) bayrağının olduğu 3 ədəd yolsuzluq avtomobili və Ermənistan Silahlı Qüvvələrinə məxsus 1 ədəd "UAZ Patriot" markalı avtomobilin gəlməsi, 2-i hərbçi və 4-ü mülki şəxs olmaqla ümumilikdə 6 nəfər şəxsin ərazidə müşahidə aparması, digər döyüş mövqeyinə hərəkət edərək Azərbaycan mövqeləri istiqamətində foto və videoçəkiliş etməsi Azərbaycan tərəfindən qeydə alınıb.
Missiya nümayəndələri saat 11:54-də ərazini tərk edərək geri qayıdıblar.
Aİ və BQXK-nın nümayəndələrinin ərazidəki fəaliyyəti Azərbaycan Ordusunun bu istiqamətdə yerləşən bölmələri tərəfindən vizual və texniki vasitələrlə müşahidə edilib.