Nefroloq: “Azərbaycanda yetərli sayda nefroloq olmadığına görə, kardioloqları, revmatoloqları 15 günlük təkmilləşdirmə institutlarına göndərirlər, sonra dializ mərkəzlərinə təhkim edirlər”
Sabirabad Rayon Mərkəzi Xəstəxanasında 9 xəstənin vəziyyətinin dializ aldıqdan sonra ağırlaşması, xəstələrdən ikisinin həyatını itirməsi, digərlərinin isə müalicə üçün Bakıdakı xəstəxanalara gətirilməsi ölkədəki dializ xəstələrinin həyatının böyük təhlükə ilə üz-üzə olması faktını ortaya çıxardı. Həmin xəstələrin və xəstə yaxınlarının, həmçinin ölkədəki digər dializ xəstələrinin iddiasına görə, təhlükə, məhz dializ aparatları ilə bağlıdır.
Belə ki, ölkədəki hemodializ xəstələrinin əksəriyyəti dializ aparatlarının artıq köhnəldiyindən, dializatorların keyfiyyətsiz olmasından şikayətlənirlər. Adının açıqlanmasından ehtiyat edən belə xəstələrdən biri AYNA-ya bunları deyib: “Bir hemodializ aparatının istismar müddəti orta hesabla 6 ildir, ancaq ölkəmizdəki mərkəzlərdə aparatların əksəriyyəti nəinki 6 il, hətta bəziləri 15 ildir işləyir. Təbii ki, buna işləmək demək olarsa. Aparatlarin ömrü bitib, gəlib düzəldib gedirlər, bir gün sonra yenə xarab olur. Aparatların sıradan çıxan ehtiyyat hissələrinin isə istehsal olunmadığı deyilir və dəyişdirilmir. Görəsən, bizim ölkədə yeni model dializ aparatlarına nə zaman keçiləcək?”.
Картинки по запросу dializ aparatları
Xəstələrin iddiaları ilə maraqlandıqda məlum olur ki, hazırda əksər ölkələrdə hemodializ üçün yüksək funkisyalara malik “Fresenius 5008 Cor Diax” aparatından istifadə olunur. Ölkəmizdə isə bu aparatlardan yalnız bir özəl klinikada (reklam baxımından adını açıqlamırıq) istifadə olunur. Burada hemodializ qiymətləri isə hər xəstə üçün əlçatan deyil.
Araşdırmamız zamanı onu da müəyyən etdik ki, keyfiyyətli hemodializ üçün əsas şərt dializatorlardır. Əksər ölkələrdə “Fx 80”, “Fx 100”, “Fx 800/1000” kimi “high flux” (yüksək axın) dializatorlardan istifadə edilir. Ölkəmizdə isə, əsasən Hindistan və Turkiyə istehsalı olan “low flux” (zəzif axın) dializatorlardan istifadə olunur. Birinci dializatorlardan fərqli olaraq ikincidə qanın təmizlənməsi faizi aşağıdır.
Şikayətləri araşdırdıqda bəlli olur ki, dializ aparatının arxasında “Diasafe” (təhlükəsiz dializ mənası verən) adlandırlan filter olmalıdır. Və həmin filterlər 100 seansdan, yəni 3 aydan bir dəyişdirilməlidir. Xəstələr bildirirlər ki, bu filterləri yalnız təzə gətirilən aparatlarda görmək mümkündür. Həmçinin sözügedən filterlərin, ümumiyyətlə, dəyişdirilmədiyi iddia olunur. Nəticədə də bakteriyalaşmış su asanlıqla aparatlara daxil olur və xəstələrdə titrətmə, üşütmə kimi hallar, həmçinin ağırlaşmalar baş verir.
Xatırladaq ki, məhz Sabirabad Rayon Mərkəzi Xəstəxanasında baş vermiş hadisənin isə dializ aparatında “osmos” deyilən qurğunun filterinin olmadığına və ya dəyişdirilmədiyinə görə baş verdiyi iddia olunurdu. Bildirirdilər ki, məhz bu səbəbdən dializ suyuna bakteriya düşüb və bu da xəstələrin qanına keçib.
Sabirabad RMX-nın baş həkimi Ənvər Lümanov da bununla bağlı suallarımızı cavablandırmaqdan yayınmışdı. Baş həkim sözügedən filterlərin hər ay Bakıdan gedən xüsusi briqada tərəfindən dəyişdirildiyini bildirsə də, “həmin briqada axırıncı dəfə aparatları nə vaxt yoxlayıb” sualımıza isə qəribə cavab vermişdi: “Gəlirlər də, onlar özəl təşkilatdır, mən onlara heç nə deyə bilmərəm, amma xarab olanda zəng eləmişdim, gəlib düzəltmişdilər”.
Ölkədəki dializ aparatları ilə bağlı iddialara, həmçinin araşdırmalarımıza AYNA tutmaq məqsədilə həkim-nefroloq Barat Yusubovla həmsöhbət olduq.
B.Yusubovun sözlərinə görə, ölkədə istifadə olunan dializ aparatları heç də köhnə model sayılmır: “Azərbaycanda hazırda aparat baxımından heç bir problem yoxdur. Sonuncu model “Fresenius 5008 Cor Diax”dan öncəki modellər olsa da, köhnə cihazlar hesab etmək olmaz. Ancaq həmin aparatlara qulluğun hansı səviyyədə olmasını deyə bilmərəm. Şəxsən mənim çalışdığım şöbədə elə bir problem yoxdur”.
B.Yusubov Sabirabad MRX-da baş vermiş hadisə ilə bağlı iddialara isə belə aydınlıq gətirdi: “Cihazın arxasında “Diasafe” adlanan filter yerləşir və həmin filterlərin infeksiyaya, bakteriyaya heç bir aidiyyəti yoxdur. “Diasafe” filterləri ancaq həkimin işini asanlaşdırmaq üçündür, yəni aparata proqram verirsən ki, xəstəyə nə qədər dializ lazımdır, həmin rəqəmi verir. İnfeksiya “osmos”dan düşə bilər, yəni “osmos”dakı su təmiz deyilsə, belə hal baş verər. Belə olan halda isə “osmos”dakı su analizə göndərilməlidir və əgər həmin suda infeksiya aşkarlanarsa, deməli, deyilənlər doğrudur”.
Nefroloq Sabirabad MRX-da dializin tibb bacıları tərərfindən aparılmasına da münasibət bildirdi: “Əslində, dializi, yəni proseduru həkim yox, elə tibb bacıları aparır. Dünyanın ən inkişaf etmiş ölkələrində də belədir. Amma hemodializ şöbələrində mütləq həkim olmalıdır ki, xəstələrin halı pisləşdiyi təqdirdə yardım göstərə bilsin. Bu həkim də mütləq nefroloq olmalıdır, uroloq da olmaz. Ancaq Azərbaycanda yetərli sayda nefroloq olmadığına görə, bir çox dializ mərkəzlərində mütəxəssis çatışmazlığı var. Ona görə də məcbur qalıb, kardioloqları, revmatoloqları təkmilləşdirmə institutlarına göndərirlər, orada 15 günlük, bir aylıq kurs keçdikdən sonra dializ mərkəzlərinə təhkim edirlər”.
Həm şikayətlərdən, həm araşdırmamızdan, həm də mütəxəssis rəyindən belə anlaşılır ki, Azərbaycanda dializ xəstələri, sözün həqiqi mənasında Allahın ümidinə buraxılıb. Kimin ki, pulu var, mütəxəssis tapa bilir, sağlamlığını peşəkarlara etibar edir, pulu olmayan xəstələr isə 15 günə “nefroloq” olmuş qeyri-peşəkarların əlində qalır. Həmçinin, dünya ölkələri daha keyfiyyətli dializ üçün çalışarkən, biz əlimizdə olan cihazlara lazımi səviyyədə qulluq göstərməyi bacarmırıq, ümumiyyətlə belə mütəxəssislərimiz barmaqla sayılacaq qədər azdır.
Son olaraq, keyfiyyətli dializ keyfiyyətli həyat, dializdə yaşanan ömrün uzunluğu deməkdir. Həyatı dializ aparatından asılı vəziyyətə düşmüş həmvətənlərimizi itirməmək üçün rəsmi qurumlar daha ciddi işlər görməli, dövlət səviyyəsində daha ciddi proqramlar, layihələr hazırlanaraq həyata keçirilməlidir.
Müəllif: Rumiyyə Miraslan