Yeni tədris ili ərəfəsində Azərbaycan Texniki Universiteti (AzTU) məzunlarının uğur hekayələrini paylaşmaqda davam edir.
“PostMedia” xəbər verir ki, bu layihə həm universitetin nüfuzunu, həm də gənclərin uğur potensialını ön plana çıxarır.
Bu dəfə AzTU, “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Sərnişin Stansiyasının rəisi Ramin Abdullayevin karyera yoluna işıq salıb.
2001–2005-ci illərdə AzTU-nun Nəqliyyat fakültəsində bakalavr, 2006–2008-ci illərdə isə magistratura təhsilini fərqlənmə diplomu ilə bitirən Ramin Abdullayev, 2006-cı ildən “Azərbaycan Dəmir Yolları”nda fəaliyyətə başlayıb. Ən aşağı pillədən – mühəndis vəzifəsindən – başlayaraq, peşəkarlığı və liderlik bacarıqları ilə irəliləyib, 2019-cu ildən Bakı Sərnişin Stansiyasının rəisi vəzifəsini icra edir.
Onun sözlərinə görə, gənc mütəxəssislərin yetişdirilməsi hər zaman prioritet olub:
“Azərbaycan Dəmir Yolları ilə universitetimiz arasında əməkdaşlıq tələbələr üçün geniş imkanlar yaradır. Onların nəzəri biliklərini praktik bacarıqlarla uyğunlaşdırmaq, potensiallı tələbələri dəmir yollarında işlə təmin etmək bizim əsas məqsədimizdir”, – deyə R.Abdullayev bildirib.
Rəhbərlik etdiyi stansiyada hər gün 30 mindən artıq sərnişinin təhlükəsiz və rahat daşınmasını təmin edən Ramin Abdullayev, nəqliyyat sektorunun inkişafını ölkənin iqtisadi gücünün vacib dayaqlarından biri hesab edir
Bir sözlə bir vaxtlar tələbə auditoriyasında gələcək planlarını quran gənc mühəndis, bu gün strateji qərarlar qəbul edən, minlərlə insanın gündəlik həyatına müsbət təsir göstərən peşəkar liderdir.
Ramin Abdullayev kimi gənc və peşəkar kadrlara belə məsuliyyətli bir vəzifənin etibar olunması bir daha sübut edir ki, bu gün təkcə ölkəmiz üçün deyil, qlobal miqyasda da mühüm əhəmiyyət daşıyan nəqliyyat-loqistika sahəsində ixtisaslı mütəxəssislərin yetişdirilməsində yerli ali təhsil müəssisələri yüksək potensiala malikdir.