Son günlər Azərbaycan Tibb Universitetində ödənişli təhsil haqlarının artırılması ilə bağlı geniş müzakirələr aparılır. Milli Məclisin Səhiyyə və Elm-Təhsil komitəsinin üzvü Rəşad Mahmudov məsələ ilə bağlı mövqeyini açıqlayıb.
Deputat bildirib ki, tibb təhsili dünyanın hər yerində digər sahələrlə müqayisədə daha bahalı və strateji sahədir. Bunun səbəbi isə həkim yetişdirmək üçün ən müasir texnologiyaların, yüksək ixtisaslı kadrların və geniş klinik bazanın tələb olunmasıdır:
“Əgər biz səhiyyəmizi dünya səviyyəsinə çıxarmaq istəyiriksə, tibbi təhsilə qoyulan investisiya da bu səviyyəyə uyğun olmalıdır”.
Rəşad Mahmudov vurğulayıb ki, təhsil haqqının artması savadlı gənclərin həkim olmasına maneə deyil. Onun sözlərinə görə, ölkəmizdə fəaliyyət göstərən Tələbə Kredit Fondu illik 2 faizlə kredit imkanı yaradır və məzunlar yalnız işə başladıqdan sonra illərlə rahat şəkildə ödəniş edə bilirlər:
“Bu, o deməkdir ki, kasıb ailədən də savadlı həkim çıxa bilər. Əsas məsələ ailələrin və tələbələrin mövcud mexanizmlərdən düzgün istifadə etməsidir”.
Millət vəkili əlavə edib ki, gələcəkdə inkişaf etmiş ölkələrdə olduğu kimi, təhsilin tamamilə dövlət və ya xüsusi fondlar tərəfindən maliyyələşdirilməsi modelinə keçid mümkündür. Lakin bu, “təhsil pulsuzdur” anlayışından fərqlənir – sadəcə ödənişlər dövlətin sosial mexanizmləri vasitəsilə qarşılanır.
Deputat hesab edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar təhsil və səhiyyənin paralel inkişafına xidmət edir, məqsəd isə yüksək keyfiyyət, sosial bərabərlik və davamlı inkişafı təmin etməkdir.
“Yüksək keyfiyyətli təhsil üçün adekvat maliyyələşmə vacibdir. Eyni zamanda sosial bərabərlik üçün mövcud mexanizmlərdən hamının faydalanması təmin edilməlidir. İnkişafın yolu qarşılıqlı hörmət, obyektiv yanaşma və birlikdə məsuliyyət hissindən keçir”, – deyə Rəşad Mahmudov əlavə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.