Son günlər Azərbaycan Tibb Universitetində ödənişli təhsil haqlarının artırılması ilə bağlı cəmiyyətdə geniş müzakirələr gedir. Təhsil haqlarının yüksəldilməsi müxtəlif baxış bucaqlarından izah olunsa da, bir həqiqəti unutmamalıyıq: kasıb ailələrdən də savadlı, peşəkar həkimlər çıxır və çıxacaq.
Tibb təhsili, şübhəsiz ki, ən strateji sahələrdən biridir. Həkim yetişdirmək üçün bahalı avadanlıqlar, klinik baza və yüksək ixtisaslı müəllim heyəti tələb olunur. Lakin bu reallıq cəmiyyətin bütün təbəqələrinin övladlarının tibbi təhsil almaq hüququnu məhdudlaşdırmamalıdır. Çünki bu gün Azərbaycanda çox ailələr var ki, uşaqlarını təhsil haqqı ilə oxutmağa gücləri çatmır. Halbuki onların övladları gələcəyin ən savadlı və vicdanlı həkimləri ola bilər.
Tələbə Kredit Fondu müəyyən imkanlar yaratsa da, təcrübə göstərir ki, bu sistem hələ də bütün ailələr üçün çıxış yolu deyil. Çünki borc öhdəliyi və uzun illər davam edən qaytarma mexanizmi hər kəs üçün əlverişli olmur. Bu səbəbdən qiymət artımına paralel olaraq, sosial müdafiə mexanizmləri daha da genişləndirilməli, aztəminatlı ailələrin övladları üçün əlavə güzəştlər tətbiq edilməlidir.
Unutmayaq ki, həkim olmaq üçün təkcə maddi imkan yox, həm də böyük zəhmət, istedad və fədakarlıq tələb olunur. Cəmiyyətimizin ən bacarıqlı həkimlərinin böyük bir hissəsi məhz sadə və kasıb ailələrdən çıxıb. Bu ənənənin davam etməsi üçün isə təhsil hər kəs üçün əlçatan olmalıdır.
Yüksək keyfiyyətli səhiyyənin əsası yalnız texnologiya və avadanlıqla yox, həm də bərabər imkanlarla qoyulur. Tibbi təhsilin qapıları bütün gənclərə açıq qalmalıdır ki, gələcəyin həkimləri yalnız maddiyyata görə deyil, bilik və zəhmətə görə seçilsinlər.
Elnurə Abuşova
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.