Qaradağ rayon prokurorluğunundan Azadmedia.az-a verilən məlumata görə yanvarın 31-də saat 10 radələrində Qaradağ rayonu ərazisində yerləşən Sədərək Ticarət Mərkəzində fəhlələrin təmir-tikinti işləri apararkən xəsarət almaları barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış ilkin araşdırmalarla müəyyən edilmişdir ki, Sədərək TM-də üçmərtəbəli mağazada tikinti materiallarını yuxarı qaldıran zaman liftin trosunun qırılaraq səbətin yerə çırpılması nəticəsində orada fəhlə işləyən 1995-ci il təvəllüdlü Elsəvər Əzizov müxtəlif dərəcəli bədən xəsarətləri almış, 1998-ci il təvəllüdlü Rafət Əşrəfov isə aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunmuş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.