Hadisə Nadir Səlifovun qətlindən iki həftə sonra baş verib
Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən 2003-cü il təvəllüdlü İ.İsmayılov cinayət işi üzrə məhkəmə iclası yekunlaşıb.
“Report” xəbər verir ki, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İ.İsmayılov 8 il müddətinə azadlıqdan məhrum edilib.
Bıçaqlanma hadisəsi 2020-ci il sentyabrın 4-ü saat 23:30 radələrində paytaxın Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Seymur Orucov küçəsində qeydə alınıb.
Qəsəbə sakini, yetkinlik yaşına çatmayan - 2003-cü il təvəllüdlü İ.İsmayılov münaqişə zəminində tanımadığı şəxsi - 1981-ci il təvəllüdlü Oleq Yaqibekovu bıçaqlayıb. Yaralı xəstəxanaya çatdırılıb, onun həyatı xilas edilib.
Hadisəni törədən 17 yaşlı İ.Həsənov saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 29,120.2.2-ci (qəsdən adam öldürməyə cəhd) və 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham irəli sürülüb.
İ.İsmayılov məhkəmədə ifadə verən zaman deyib ki, hadisə zamanı O.Yaqibekov sərxoş olub və kriminal avtoritetlər haqqında danışmağa başlayıb. Onun sözlərinə görə, zərərçəkmiş kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovu təhqir edib. Buna görə də İ.İsmayılov cibindəki qatlanan bıçaqla O.Yaqibekovun boğaz və qarın nahiyəsinə zərbələr endirib.
Xatırladaq ki, İ.İsmayılov atası Bayram Həsənov 2010-cu ildə qayınatasını öldürdüyünə görə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
“Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov 20 avqust 2020-ci ildə Türkiyədə qətlə yetirilib. Bakıdakı hadisə onun qətlindən iki həftə sonra baş verib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.