Abşeronda adam oğurluğu baş verib. Azadmedia.az xəbər verir ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən Hökməli qəsəbə sakini olan qadın iyunun 10-da saat 19 radələrində əri Qədirin evdən getməsini, saat 20 radələrində ona zəng edərkən telefona cavab verən naməlum şəxsin ərinin 3700 manat pul borcunun olmasını və pulu qaytarmayana kimi onu buraxmayacaqlarını deməsini bildirmişdir.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir. Araşdırmalarla Xırdalan şəhər sakini M.Məmmədovun, Gəncə şəhər sakini E.Şirinzadənin və digər bir nəfərin Qədiri zorla avtomobilə mindirib Xətai rayonu ərazisindəki mənzillərdən birinə apararaq orada döymələri, habelə həyat yoldaşına zəng edərək 5000 manat pul tələb etmələri müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən E.Şirinzadə və M.Məmmədov saxlanılmışlar.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü (Adam oğurluğu) maddəsi ilə cinayət işi başlanmışdır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.